28 sentyabr 2020 18:26
828

Azərbaycan xalqının 30 ilə yaxın müddətdə gözlədiyi an gəlib çatdı

“Sentyabr ayının 27-də işğalçı Ermənistan ölkəmizə qarşı növbəti hərbi təxribatlarını həyata keçirdi və Azərbaycan Ordusu bu təxribatların qarşısını qətiyyətlə almaqla yanaşı, əks-hücuma keçdi. Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti, eyni zamanda, işğalçı Ermənistanı xəbərdar etmişdir ki, münaqişənin dinc yolla həlli istiqamətində real addımlar atmaq lazımdır. Ermənistanın isə bu günə kimi mövqeyi ondan ibarət idi ki, status-kvo vəziyyəti saxlanılsın. Təəssüf ki, münaqişənin tənzimlənməsi prosesində birbaşa vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrlərinin sərgilədiyi mövqe də işğalçı ölkənin maraqlarına uyğun olaraq status-kvo vəziyyətinin saxlanılmasına xidmət edirdi”. Bu fikirləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu  “İki sahil”ə açıqlamasında bildirdi.

Deputatın sözlərinə görə, özünü tam cəzasızlıq şəraitində hiss edən Ermənistan Azərbaycana qarşı törətdiyi hərbi təxribatları daha da intensivləşdirmişdir: “Ermənistan həmişə olduğu kimi, sentyabr ayının 27-də də Azərbaycanın təkcə hərbi mövqelərini deyil, eyni zamanda, dinc sakinlərin yaşadığı məntəqələri də intensiv atəşə məruz qoydu. Hətta dinc sakinlər arasında ölən və yaralananlar da oldu. Azərbaycan tərəfi buna cavab olaraq bütün cəbhəboyu əks-hücuma keçdi. Bununla da qısa zaman kəsiyində Füzuli və Cəbrayıl istiqamətində bir sıra yaşayış məntəqəsini, habelə strateji yüksəklikləri düşmən tapdağından azad etdi. Təbii ki, bu, hər şeydən öncə ona dəlalət edir ki, Azərbaycan öz torpaqlarını həmişə qeyd edildiyi kimi, işğaldan azad etmək iqtidarındadır. Bu günə kimi danışıqlar aparmağımızın yeganə məqsədi ondan ibarət idi ki, beynəlxalq hüquq prinsiplərinə, regional təhlükəsizlik məsələlərinə həssas yanaşırıq, regionda genişmiqyaslı müharibənin baş verməsini istəmirik. Lakin nə beynəlxalq təşkilatlar, nə də işğalçı ölkə Azərbaycanın bu mövqelərini lazımınca qiymətləndirməyi bacarmadılar. Təbii ki, belə olan halda Azərbaycan öz torpaqlarını BMT nizamnaməsinə də istinad edərək hərbi yolla  azad etmək hüququndan istifadə etmək hüququna malikdir. Hesab edirəm ki, bundan sonrakı proseslər də yalnız Azərbaycanın maraqlarına uyğun formada davam edəcəkdir”.

Deputat onu da qeyd etdi ki, işğalçı ökədəki vəziyyət də aydın şəkildə onu  göstərir ki, Ermənistanın həm hakimiyyətində, həm də ki, cəmiyyətində isterika yaşanmaqdadır: “Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı özünü qeyri-peşəkar apararaq bildirdi ki, əgər istəyirsinizsə Qarabağ Azərbaycanın tərkibində olsun ona hansısa bir status verilsin, onda bu prosesləri çox tezliklə dayandıra bilərik. Yəni, bundan öncə Paşinyanın yanaşması tamam fərqli idi. Paşinyan özünü tam cəzasıqlıq ritorikasının təsiri altına vermişdi, pafoslu çıxışlar səsləndirirdi. Lakin onun parlamentdəki davranışları, acizliyi aydın müşahidə olunurdu. Onun ardınca bildiyimiz kimi, qondarma seperatçı rejimin rəhbəri Araik Arutyunyan da etiraf etdi ki, Talış istiqamətində və cənubda onlarla ölənlərimiz, yaralananlarımız var. Bu da onu göstərir ki, sözün həqiqi mənasında Azərbaycan Ordusu inamlı qələbə qazanmaqdadır. Ermənistan ordusunun zəyifliyi hər an özünü büruzə verməkdədir. Hesab edirəm ki, bu proseslər davam edəcək, Azərbaycan əks-hücum əməliyyatlarını davam etdirəcək. Hətta Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan kompromisə getməyə hazır olduqlarını bəyan edib. Halbuki onlar dünənə qədər ümumiyyətlə, normal danışıqların keçirilməsinə çox ciddi rişxəndlə yanaşırdılar. Bütün bunlar qısası ona dəlalət edir ki, Azərbaycan beynəlxalq hüquq normalarına və müharibənin bütün qaydalarına dəqiqliklə əməl edərək qalibiyyətli əks-hücum taktikasını həyata keçiməkdədir. Bu da Azərbaycan xalqının 30 ilə yaxın müddətdə gözlədiyi bir andır. Hesab edirəm ki, bu günlər, bu anlar Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Bu günlər Azərbaycan müharibəni təkcə səngərdə deyil, bütün müstəvilərdə inamla həyata keçirməkdədir”.

Mənsumə Babayeva, “İki sahil”