13 mart 2020 14:41
674

Azərbaycanda məhkəmə-hüquq islahatları davamlı xarakter daşıyır

Qədim insanlar özlərini  dərk edəndən onlara hava və su kimi lazım olan çox önəmli məsələ ədalətə sığınmaq, onun mövcudluğuna nail olmaq olub. Ancaq bu nə qədər çətin olsa sonda çıxış yolu tapılıb. Cəmiyyətlər haqq və ədaləti məhkəmələrdə axtarmağa müvəffəq  olublar. Qədim məhkəmələr isə bir çox formalarda mövcud olub: şəriət  məhəmələri, tayfa- icma məhkəmələri və sair. Ancaq insanlar kamilləşdikcə, cəmiyyətlər inkişaf etdikcə hüququn ali qanunları işlənilib və tədicən məhkəmə sistemi formalaşdırılıb.

Tarixə nəzər saldıqda görmək olar ki, ötən əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi islahatlar sovet işğalı nəticəsində yarımçıq qalsa da, Sovet İttifaqının tənəzzülündən sonra müstəqillik əldə edən respublikamızda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bu ənənə çevik dövlət idarəçilik sisteminin formalaşdırılması ilə bərqərar olmuşdur. Burada insan hüquqlarının və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsi prinsiplərinə əsaslanan kompleks islahatlar paketi ilə davam etdirilmiş, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendumla müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu proseslərinə start verilmişdir.

Ulu Öndərin hüquqi islahatlarını uğurla davam etdirən  Prezident İlham Əliyevin 3 aprel 2019-cu ildə imzaladığı «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» Fərmanı isə son illərin ən dəyərli  hüquqi islahatı hesab edilir. Fərmanın giriş hissəsində bildirilir ki,  ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edib.

Bütövlükdə Fərmanla 40-dan artıq tədbirin icrası nəzərdə tutulub və əsas məqsəd cəmiyyətdə yüksək nüfuza malik olan ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsidir. Eyni zamanda, bu Fərmanın tətbiq dairəsi məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, qərarların tam və vaxtında icra edilməsinin, süründürməçilik və digər neqativ halların aradan qaldırılması ilə bağlı tədbirləri əhatə edir.

Ölkə başçısının imzaladığı Fərman məhkəmə-hüquq islahatlarında yeni mərhələ idi. Burada əsas məsələlərdən biri dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı ixtisaslaşmış yeni məhkəmələrin yaradılmasıdır. Sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə əlaqədar yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti və digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulub.

Bu, o deməkdir ki, ixtisaslaşmış məhkəmənin yaradılması sahibkarlıq sahəsində son illərdə aparılan islahatların real təminat şərtlərindən biri olacaq. Bu, həm də bütövlükdə sahibkarların inam və etimadının daha da gücləndirilməsini təmin edəcək. Eyni zamanda, sahibkarların son ümid yeri ola biləcək qurumun yaradılması ölkəyə sərmayələrin axınının gücləndirilməsinə, məhkəmə hakimiyyətinə etimadın artmasına xidmət edir.
Fərmandan irəli gələn məsələlərdə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi də nəzərdə tutulub. Yəni hakimlərin sosial müdafiəsinin yetərli səviyyədə olması, əmək haqlarının dəfələrlə artırılması onların daha şəffaf işləməsinə şərait yaradacaq. Bu halın olması hakimlər üzərində yeni bir məsuliyyət qoyacaq ki, onlar qərarları daha ədalətli, qanuna, haqqa, hüquq düşüncəsinə əsaslanaraq qəbul etsinlər.

Bundan başqa, məhkəmə aparat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlər qoyulub və bunlar da çox vacibdir. Çünki məhkəmə aparatında çalışanların yüksək biliyə malik olması, məhkəmələrlə vətəndaşlar, hüquqi şəxslər arasında münasibətlərdə dayanıqlılığı təmin edib. Bir sözlə, onların sosial müdafiəsinin artırılması məhkəmələrdən intellektual axının qarşısını almağa kömək edib. Bu məsələdə təminat şərtləri kimi məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq differensiasiya edilməsi qoyulub. Fərmanda rüsümların bir hissəsinin məhkəmələrin maddi-sosial təminatının gücləndirilməsinə yönləndirilməsi məsələsinin qoyulması da müsbət addımdır.
Çox mühüm məsələlərdən biri məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsidir. Bəzi hallarda tərəflərin fikirləri, düşüncələri, şahidlərin və prosesdə iştirak edənlərin ifadələri protokola doğru-düzgün daxil edilmir. Bu da məhkəmə proseslərindən ən ciddi mübahisə doğruran məsələlərdən biridir.

Belə halların olması məhkəmə qərarlarının keyfiyyətinə də təsir edir və bəzi hallarda qərarların düzgün verilməməsinə, spekulyasiya hallarının olmasına, sövdələşmələrə gətirib çıxarır. Bu baxımdan məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi protokolun keyfiyətinin artmasına, sübutların doğru-düzgün qiymətləndirilməsinə, gələcəkdə ehtimal olunan mübahisələrin tam olaraq aradan qaldırılmasına, mübahisə yaranarsa, yuxarı məhkəmələr tərəfindən işlərə daha obyektiv, diqqətli baxılmasına və ədalətli qərarların qəbul edilməsinə gətirib çıxaracaq. Bu, proses iştirakçılarının bir-birinə etimadın artmasına, psixoloji maneələrin aradan qaldırılmasına səbəb olacaq.
Fərmandakı digər müsbət hal mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsidir. Bəzi hallarda məhkəmə prosesləri və yazışmaları aylarla uzanırdı. Müddətlərin dəqiq olması işin daha operativ həyata keçirilməsinə imkan yaradırb.

 Eyni zamanda, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi fərmanda öz əksini tapıb. İndiyə qədər məhkəmə prosesləri ekspertizaları dövlət ekspertizası müəssisələri tərəfindən həyata keçirilirdi. Azərbaycanda müstəqil ekspertiza institutları yoxdur. Ona görə bu yeni müstəqil ekspertiza instutlarının yaranmasına imkan verir. Bu zaman tərəflər təkcə dövlət ekspertiza institutlarının müəssisələrinə yox, müstəqil ekspertiza instutlarına da müraciət edə bilirlər. Bu, məhkəmələrə inam və etimadın yaranmasını və qərarların qəbul edilməsi prosesində obyektivliyi təmin edir.
Fərmanda ilk dəfə Vəkillər Kollegiyasına qeyri-prosessual hərəkətlərin qarşısının alınması istiqamətində ciddi işlərin görülməsi üçün tövsiyələr yer alıb. Heç kimə gizli deyil ki, Azərbaycanda vəkillik institutuna etimadın azalması proseslərindən biri vəkillərlə prosesin digər tərəfləri arasında qeyri-prosessual münasibətlərin olmasıdır. Fərmanla bunun qarşısının alınması üçün tövsiyələr olunub. Bununla da Kollegiyanın bu istiqamətdə gördüyü işlər daha da dərinləşəcək. Həmçinin Fərmanda pulsuz hüquqi yardımın göstərilməsi üçün ayrılan vəsaitin birbaşa Vəkillər Kollegiyasının hesabına köçürülməsi Maliyyə Nazirliyinə tapşırılıb. Bu da çox mühüm məsələdir. Bundan başqa, Məhkəmə-Hüquq Şurasında hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün «qaynar xət»lərin yaradılması da çox vacib məsələ idi. Bu hal həm də bir çox hakimləri daha da məsuliyyətli edəcək.

Fərmanda sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılmasının Ali Məhkəməyə tapşırılması mühüm dəyişiklikdir. Fərmanla 200-ə qədər hakim ştatının ayrılması işlərdə yüklərin azalmasına və keyfiyyətin yüksəlməsinə gətirib çıxarıb.

Eyni zamanda, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması, habelə «Elektron məhkəmə» informasiya sisteminin tətbiqi ilə bağlı tövsiyə və tapşırıqlar ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərməklə sahibkarların fəaliyyətinə öz müsbət töhfəsini verir.

Qanun layihələrinə əsasən məhkəmələrin fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən monitorinqlərin təşkil edilməsi nəzərdə tutulur. Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınacaqdır.

Layihəyə əsasən mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək.

Hazırda məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir. Bu sənədlər toplusuna cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi, mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlili və təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması ilə bağlı qanunvericilik aktlarının layihələri daxildir.

Son məhkəmə islahatlarında korrupsiyaya qarşı mübarizə işində  qabaqlayıcı tədbirlərin görülməsi baxımından Məhkəmə-Hüquq Şurası tərəfindən müvafiq sahədə məlumatların qəbul edilməsi üçün «qaynar xətt» yaradılmışdır. Həmçinin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünün , eyni zamanda, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi, məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi kimi mühüm məsələlər öz həllini tapmışdır.

Yuxarıda qeyd etdiyimiz məhkəmə- hüqüq islahatlarının bir məqsədi var: ölkə vətəndaşlarının hüquqi təminatını daha yüksək səviyyədə təmin etmək, onların dövlət idarəetməsindəki iştirakını daha da genişləndirmək, ən başlıcası ədalətin tam bərqərar olmasına nail olmaq. Necə deyərlər, ədalətli cəmiyyətdə kamil insan yetişdirmək, demokratik dəyərləri genişləndirmək, ölkə vətəndaşlarının sosial-rifahını davavmlı yüksəltmək daha real görünür.  

Elçin Zaman, «İki sahil»

Yazı Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə «Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr» mövzusunda KİV təmsilçiləri  arasında keçirilən jurnalist araşdırmaları  müsabiqəsinə təqdim etmək üçündür