06 dekabr 2019 11:35
1652

Azərbaycanda milli-mənəvi dəyərlərə Heydər Əliyev qayğısı

Müstəqil Azərbaycan Respublikasının memarı, dahi qurucusu, bütün azərbaycanlıların ümummilli lideri Heydər Əliyev xalqımızın tarixinə təkcə böyük dövlət, ictimai-siyasi xadim kimi deyil, həm də mənsub olduğu xalqın milli-mənəvi dəyərlərinin keşiyində duran, bu dəyərlərin daha da inkişaf etdirilməsinə çalışan, bütün işıqlı həyatı boyu bu sahəyə diqqət yetirən dahi şəxsiyyət kimi daxil olmuşdur.

Heydər Əliyev qüdrətli və eyni zamanda milli dövlət başçısı kimi, respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan dövlətçiliyində milli siyasətin, milli ideologiyanın tərkib hissəsi kimi, xalqın mənəvi dəyərlərinə böyük diqqət yetirmişdir. Tariximizə bələd olanlar bilirlər ki, Azərbaycan xalqı çox keşməkeşli böyük bir yol keçmiş, ötən əsrin 70 ilini Azərbaycan Sovet dövləti adlanan bir imperiyanın tərkibində olmuşdur. Bu dövrdə milli-mənəvi və həm də mədəni irsimizə birtərəfli, qeyri-humanist, qeyri-bəşəri münasibət təəssüf doğurmaya bilməz. Belə münasibət xalqı öz tarixi yaddaşını itirməyə, onu manqurtlaşmaya yönəltmək məqsədini güdürdü.

Sovet dövlətinin ideoloqları SSRİ-də yaşayan bütün xalqları bir bayraq altında yığdıqları kimi, onları “sovet xalqı” adı altında dinsiz bir cəmiyyət kimi formalaşdırmağa də səy göstərdilər. Ancaq istədiklərini edə bilmədilər.

Amansız Sovet rejiminin və sovet ideoloqlarının bütün cəhdlərinə baxmayaraq SSRİ nə “sovet xalqı”, nə də dinsiz yeni cəmiyyət yarada bildi və çox sürətlə dağıldı. Bu dağılmadan bəhrələnən Azərbaycan müstəqil, suveren respublikaya çevrildi. Müstəqilliyi əldə etdikdən sonra xalqın öz dininə, kökünə, soyuna, adət-ənənəsinə qayıdış başlandı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə ictimai-siyasi həyatın bütün sahələrinin demokratikləşməsi, milli kökə, milli-mənəvi dəyərlərə qayıdış dinə münasibətdə özünü göstərdi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil respublika kimi müstəqil daxili və xarici siyasət yeritməyə başladı. İlk dəfə olaraq xalq öz dini və milli bayramlarını azad və sərbəst şəkildə qeyd etdi. Respublika Prezidentinin fərmanları ilə Qurban bayramı, Ramazan bayramı və Novruz bayramı istirahət günü elan edildi.

Milli və dini bayram günlərində həm dövlət rəhbəri, həm də dini rəhbərlər mətbuat, televiziya və radio vasitəsilə xalqa müraciət edir, vətəndaşları təbrik edirlər. Belə bayram günlərində mərhum dövlət başçısı Heydər Əliyev ailə üzvləri ilə bərabər xalqın içərisində olur, insanlarla söhbət edir, camaatın istək və arzuları ilə tanış olurdu. Əlbəttə, bütün bunlar xalqa olan diqqətin, onun mənəviyyatına bəslənən hörmətin təzahürüdür.

Xalqın əsirlər boyu yaratdığı, nəsildən-nəsilə keçib gələn adət-ənənələr cəmiyyətin sosial özünütənzimləmə prosesində böyük əhəmiyyət kəsb edir və cəmiyyət bu adət-ənənələrsiz yaşaya bilməz. Nə dini, nə də milli adət-ənənələrdən imtina etmək olmaz. Bu mənada Azərbaycanın dövlət müstəqilliyi ölkədə mədəni, dini və milli adət-ənənələrin bərpasına şərait yaratdı. Bu şərait getdikcə möhkəmləndi, genişləndi və dövlətin milli siyasətində əsas xətt kimi götürüldü. Bütün bunlar isə dövlət başçısı Heydər Əliyevin milli dəyərlərə, adət-ənənələrə təkcə hörmət və diqqət yox, həm də doğma xalqının dini və mənəvi dəyərlərinə bağlılığı kimi başa düşülməlidir.

Bütün fəaliyyəti dövründə Heydər Əliyev doğma xalqına, dilinə və dininə dərindən bağlılığını özünəməxsus mərdanəliyi, cəsarəti, dönməz iradəsi idə bariz şəkildə göstərmişdir.

Bu da bir həqiqətdir ki, Heydər Əliyev milli olduğu qədər, həm də bəşəri idi. O bilirdi ki, bəşəriyyətin yüksək mədəni səviyyəsinə bələd olmadan milli-mədəni irsə, dini adət-ənənələrə, mənəvi dəyərlərə layiqincə, səmərəli münasibət bəsləmək cətindir.

Əsl xəlqi idraka, milli qayəyə söykənən Heydər Əliyev yeni nəslə, gənclərə öz soyuna, kökünə daimi bağlı olmağı tövsiyə edirdi: “Hər bir gənc öz kökünə sadiq olmalıdır... Bizim öz kökümüz çox sağlam kökdür və biz onunla fəxr edə bilərik. Hər bir gəncin həyatda uğurla yaşaması üçün kökünə sadiqliyi ən əsas amildir... Eyni zamanda ümumbəşəri, dünyəvi dəyərlərdən səmərəli istifadə etmək, onları öz mənəvi dəyərlərimizə birləşdirməklə və xalqımızın mənəviyyatını zənginləşdirmək bizim əsas vəzifələrimizdən biridir... Bu, gələcək üçün bizim strateji yolumuzdur”.

Öz müstəqilliyini qazandıqdan sonra Azərbaycan demokratik, hüquqi, dünyəvilik yolunu tutmuş və bu yolla da inamla irəliləyir. 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyası insanlara bütün azadlıqları, o cümlədən vicdan azadlığını təsbit etmişdir. Deməli, dövlətimiz dünyəvi dövlət olsa da, biz dindən azad deyilik. Bu gün dövlət ilə din arasında, sözün həqiqi mənasında, sıx əməkdaşlıq vardır. Azərbaycan vətəndaşları cəmiyyətin mənəviyyatca yüksəlməsində dinin rolunu görür və ondan səmərəli istifadə etməyə çalışırlar.

Demokratik ölkədə mənəviyyat yüksək olur, demokratiya özü yüksək mənəviyyat deməkdir. Azərbaycan vətəndaşlarında, xüsusən gənclərdə mənəvi dəyərləri yaşatmaq və daha da inkişaf etdirmək baxımından islam mənəviyyatı, islam əxlaqı bu gün hər zamankından daha çox gərəklidir.

Öz fəaliyyətinin mənasını xalqa xidmətdə görən Heydər Əliyev xalqının milli-mənəvi dəyərlərindən həmişə hörmətlə, qəlbən danışardı. O, insanları, xüsusən də gəncləri öz mənəvi dəyərlərinə yönəlməyə çağırırdı. Ölkə başçısı gənclərlə görüşlərindən birində demişdir: “...Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşmışdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinini ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapmışdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim milli-əxlaqi mentalitetimizdir, bu, bizim bütün başqa dəyərlərimizdir...”.

Müstəqilliyimizdən sonra dünya müsəlman ölkələrinin bir çox konfrans və toplantıları Bakıda keçirilir və bütün bu görüşlərdə dövlət başçısı Heydər Əliyev iştirak edir, nitq söyləyirdi.

1998-ci ildə Bakıda iki böyük islam toplantısı keçirildi. Bunlardan birincisi həmin ilin sentyabrın axırı oktyabrın əvvəlində keçirildi. “Beynəlxalq İslam konfransı və Qafqaz müsəlmanlarının X qurultayı” adlanan bu toplantı dini-mənəvi dəyərlərə həsr olunmuşdu. Toplantıda Azərbaycan Prezidenti Heydər Əliyev parlaq bir nitq söylədi.

1998-ci il dekabrın 9-da Bakıda “İslam sivilizasiyası Qafqazda” mövzusunda keçirilən beynəlxalq simpoziumda Azərbaycan Prezidenti Heydər Əliyev “Xalqımız öz tarixi, milli-mənəvi dəyərləri, doğma dili ilə, islam dininə, mədəniyyətinə, mənəviyyatına mənsub olması ilə fəxr edir” adlı geniş və parlaq nitq söylədi. Bu nitq təkcə Azərbaycan xalqının deyil, dünya müsəlman zalqlarının mənəviyyatında, mədəni, milli dəyəilərində İslam dininin roluna verilən qiymət idi.

Heydər Əliyev bir daha keçmiş bolşevik dövrünə qayıdaraq demişdir: “Sovet İttifaqı mövcud olduğu 70 il ərzində onun ərazisində din yasaq, qadağan edilmiş, ateizm təbliğatı aparılmışdır. Dinə qarşı çox kəskin mübarizə aparılmış, allahsızlıq, dini inkar etmək o illərdə kommunist ideologiyasının əsasını təşkil etmişdir... Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra tarixi nöqteyi-nəzərdən qısa bir zamanda dinin, o cümlədən İslam dininin nə qədər dərin kökləri olduğunu daha da çox dərk edə bilmişik”.

Azərbaycanın dövlət başçısının nitqini dünyanın hər yerindən gəlmiş toplantı nümayəndələri hərarətlə alqışladılar. Bu alqışlar həm də azadlıq və milli istiqlaliyyət əldə etmiş müstəqil Azərbaycan milli hökumətinə olan alqış idi...

Milli dövlətimizin başçısının dediyi kimi, gündəlik fəaliyyətdə insan, millət və xalqın vicdan azadlığına humanist münasibət bəslənilir. Bu bir daha göstərir ki, bu gün bizim dövlət dünyəvi dövlətdir və bu dövlət dini, dini dəyərləri qiymətləndirir. Bu gün Azərbaycanda dövlətlə din arasında əməkdaşlıq vardır. İslam dininin qiymətli mənəvi dəyərlərində respublika əhalisinin yüksək əxlaqi və mənəvi cəhətdən formalaşmasından istifadə olunmasının əhəmiyyəti ölçüyəgəlməzdir. Belə münasibət isə insanların demokratiyanın, həqiqi vətəndaş azadlığının nə olduğunu başa düşməsinə, anlamasına, görməsinə səbəb olacaqdır.

Bu gün Azərbaycan cəmiyyəti keçid dövrünü yaşayır. Bu dövr təkcə bazar iqtisadiyyatına, xüsusi sahibkarlığa keçid dövrü deyildir, həm də hüquqi, dünyəvi, demokratik quruluşa, idarəçiliyə, açıq vətəndaş cəmiyyətinə və nəhayət, dinsizlikdən dinə, dinin mənəvi dəyərlərinə, adət-ənənələrinə qayıdış dövrüdür. Bugünkü inkişafımızın mahiyyəti gələcək inkişafımız üçün təməl rolunu oynayır. Gələcəyin keçmişdən keçib gəldiyini, gələcəyin keçmişin ən yaxşı dövr, zamanla, yeni cəmiyyətlə ayaqlaşa bilən mənəvi dəyərlərinin, adət-ənənələrinin yaşarlı olması mövqeyindən qiymətləndirilməlidir. Keçmişlə gələcəyin əlaqəsini gözəl bilən, duyan böyük dövlət xadimi Heydər Əliyev bu məsələyə xüsusi diqqət verir, insanları dinin mənəvi dəyərlərindən bəhrələnməyə çağırırdı: “... Məhz bu dövrdə hər bir azərbaycanlı, hər bir müsəlman ilk növbədə islam dininin tövsiyələrindən istifadə edərək öz mənəviyyatını yüksəltməlidir”. Dahi öndər qeyd edirdi ki, “Mənəviyyatımız nə qədər yüksək olarsa, biz insanlarda, hər bir azərbaycanlıda, müsəlmanda vətənə, öz amallarına sədaqət, mənəvi saflıq əhval-ruhiyyəsi tərbiyə edə bilsək, Azərbaycan bu ağır böhran dövründən, çətinliklərdən tezliklə və müvəffəqiyyətlə çıxacaqdır”.

Ölkə başçısının milli-mənəvi dəyərlərə münasibətində xalqın dili, tarixi, mədəniyyəti həmişə ön planda olmuşdur. Azərbaycan dilinin xalqa yenidən qaytarılmasında Heydər Əliyevin dördüyü əzmkarlıq, qətiyyət və milli qeyrət əsrlər boyu xalqın yaddaşında yaşayacaqdır. Böyük həqiqətdir ki, milli-mənəvi dəyərlərimizin ən qiymətlisi ana dilimizdir. Dilimiz haqqında böyük azərbaycanlı Heydər Əliyev demişdir: “Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Şəxsən mən bu dili sevirəm”.

Azərbaycan dilinin inkişafı, tətbiqi sahəsində Ümummilli Liderimizin verdiyi qərarlar, imzaladığı sənədlər dövlət quruculuğu siyasətinin ən qiymətli hadisəsiydi.

Heydər Əliyev xalqımızın tarixi ənənələrinin, mənəvi və mədəni irsinin etibarlı şəkildə mühafizə edilməsində, millətin özünüdərkinin formalaşdırılmasınad əvəzsiz xidmətlər göstərmişdir.

Razılıq hissi ilə qeyd olunmalıdır ki, bu ənənə böyük Heydər Əliyev yolunu uğurla, müasir dünyanın tələbləri səviyyəsində qura bilmiş gənc, ancaq çox müdrik Prezidentimizin İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünya dövlət idarəçilik siyasətinə yaxşı bələd olan cənab İlham Əliyevöz fəaliyyətində həmişə milli kökə bağlılığa, islami dəyərlərin, insanların mənəvi kamilliyinin formalaşdırılmasında əhəmiyyətinə diqqət verir. Ona görə də xalq bu gün öz Prezidentinin milli dəyərlərə diqqət və qayğısını yüksək qiymətləndirir...

Bu da bir həqiqətdir ki, xalqımızın dininə, adət-ənənələrinə, dilinə və milli xüsusiyyətlərinə ən çox ötən əsrdə Sovet hakimiyyəti dövründə təcavüz olunmuş, ögey münasibət göstərilmindir. Bolşeviklər dinsiz bir cəmiyyət yaratmaq, xalqların min illərlə qoruyub saxladığı, nəsildən-nəsilə ötürdüyü milli xüsusiyyətlərə, milli qaydalar və əlamətlərə, hətta musiqisinə də “köhnəlik” damğası vuraraq üstündən qələm çəkmək istədilər. Avtoritar rejim sözdə ən humanist, ən demokratik quruluş yaratdığını iddia etsə də, həqiqətdə isə humanizmdən, demokratiyadan tamam yan keçirdi.

Sovet ideoloqları keçmişdən qalma bayramlara qarşı dı ilk gündən mübarizə aparmağa başladılar. İş o yerə çatdı ki, bütün Şərqdə qeyd olunan Novruz bayramını “keçmişin qalığı”, “mövhumat bayramı”, “xürafatçıların uydurma fantaziyası” hesab etdilər, ona damğa vuraraq dini bayramlar sırasına qatdılar. Unudulurdu ki, Novruz – Bahar bayramı, İslamdan çox-çox əvvəl Şərq xalqları, o cümlədən Azərbaycan xalqı tərəfindən qeyd olunurdu.

Burada bir məsələni nəzərdən qaçırmaq olmaz. Sovet ideologiyasının əsasını kiçik xalqların, eləcə də müsəlman xalqlarının xristian xalqları içərisində əriyib getməsinə, assimliasiya olmasına şərait yaratmaq təşkil edirdi. Bunun üçün, əsasən iki şərt vardı: xalqların dilini və adət-ənənəsini unutdurmaq. Onlar çalışırdılar ki, milli hisslərin, dini duyğuların oyanmasıqıq qarşısı alınsın.

Bu oyanış, bu özünüdərk Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsindən sonra yeni bir vüsət aldı desək heç də yanılmarıq. Heydər Əliyev özüylə bir yenilik, təzə abi-hava gətirdi. Çox tez hiss olunaraq göründü ki, yeni rəhbər başdan-ayağa milli düşüncəyə malik şəxsiyyətdir. Respublikanın ictima-siyasi və mədəni həyatında sözün həqiqi mənasında bir dönüş yarandı. Azərbaycan dilinə, ədəbiyyatına, incəsənətinə qayğı, diqqət artdı.

SSRİ-də adamların “sovet xalqı”, “sovet milləti” ruhunda tərbiyə edilməyə səy göstərildiyi bir zamanda Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili “dövlət dili” kimi yazıldı. Onu da deyək ki, müsəlman respublikalardan yalnız Azərbaycanda dövlət dili yerli xalqın milli dili qəbul edilmişdi.

Azərbaycana rəhbərlik etdiyi ilk gündən Heydər Əliyev Azərbaycan mədəniyyətinin tərəqqisi, inkişafı üçün çox işlər gördü. Azərbaycanın görkəmli şəxsiyyətlərinə abidələr, heykəllər ucaltdı. Nəriman Nərimanova, Nəsimiyə, Şah İsmayıl Xətaiyə, Hüseyn Cavidə, Cəfər Cabbarlıya və b. qoyulmuş möhtəşəm heykəl və abidələr Heydər Əliyev yadigarlarıdır.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanda nə qədər şair və yazıçılarımızın yubileyləri keçirildi. Həm də bu yubileylər respublika çərçivəsində deyil, ümumittifaq, ümumdünya miqyasında keçirilirdi. Heydər Əliyevin keçirdiyi hər bir yubiley əsl mədəniyyət, bayram hadisəsinə çevrilirdi. Bedə mərasimlər xalqı təkcə tanıtmır, onu həm də ucaldırdı.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqının milli adət-ənənələrinə, spesifik əxlaqi-mənəvi dəyərlərinə hörmətlə yanaşmış, qayğı göstərmiş, özünün nitq və məruzələrində bunlardan ürəkdolusu söz açmışdır. O, xalqının dilini, poeziyasını, folklor və musiqisini bütün incəliklərinə kimi bilir, duyurdu. O, xalqın bu keyfiyyətlərinə hörmət etməyi qeyrilərindən də tələb edirdi.

Azərbaycan müstəqillik qazandıqdan sonra da dilimizin, xalqımızın adının dəyişdirilməsinə cəhd göstərən mənfur, qara qüvvələrin, məkrli cəhdlərin qarşısını yenə Heydər Əliyev aldı. Onun dönməz iradəsi, cəsarətli məntiqi ən çox sevdiyi, hörmət etdiyi adamlara da güzəştə getmədi.

Azərbaycan xalqı abırlı, həyalı xalqdır. Bu həyalılıq və abırlığın bir hissəsi dinimizdən gələrsə, digər tərəfi əsrlərin, minilliklərin sınağından, süzgəcindən keçmiş milli mentalitetimizdən irəli gəlir.

Təəssüflə deməliyik ki, son vaxtlar ölkəmizdi mənəviyyat və əxlaqi dəyərlərdə bəzi aşılanmalar baş verməkdədir. Peyda olan kazinolar, barlar, şou toplantılar əsl mənəviyyatsızlıq yuvasına çevrilmişdir. Belə yerlər ictimaiyyətin gözü qarşısmında gənc oğlan və qızları abırsızlaşdırır, onları Qərbin “çılpaq” mədəniyyətinə qovuşdururdu. Bu, xalq üçün faciə demək idi. Belə hərc-mərcliyin, tüfeyliliyin qarşısı alınmalıydı. Doğrudur, orda-burda, çayxanalarda, məclislərdə bu barədə sızıldaya-sızıldaya danışanlar çox idi. Ancaq abırsızlıq səngimirdi.

Həmişə olduğu kimi, bu dəfə də sabiq ölkə başçısı Heydər Əliyev öz sözünü dedi. Prezidentin 13 avqust 2001-ci il tarizli bəyanıta bütün cəmiyyəti silkələdi, xalqın bir növ gözünü açdı, onu ayıltdı. Xalqın mənəvi dəyərlərinin qorunmasının böyük tərəfdarı olan milli liderimiz ürək ağrısı ilə göstərdi: “Təəssüflər olsun ki, bizim cəmiyyətimizdə çoxları buna münasibət bildirmir”. Heydər Əliyevin bu sözləri tamahkarlara, varlanmaq hərisliyi ucbatından xalqın milli heysiyyətini alçaltmaq istəyənlərə ünvanlanmışdır.

Mənəvi-əxlaqi, milli dəyərlərdən, bəşəri dəyərlərdən faydalanmağı ölkə başçısı məsləhət görürdü. Bunun üçün “hər bir insan özü öz mənəviyyatını qorusun” – deyirdi Prezident. Əsl vətəndaşlıq və milli övladlılıq baxımından verilən bu bəyanatın böyük əhəmiyyəti vardır.

Azərbaycanın dövlət rəhbəri Heydər Əliyev demək olar ki, müsəlman dövlətlərinin konfrans və toplantılarında ya şəxsən iştirak etmiş, ya da keçirilən islam ölkələrinini məclislərinə məktublar göndərmişdi.

Yeri gəlmişkən onu da qeyd etmək lazıidır ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra beynəlxalq islam konfrans və toplantılarının bir çoxu Bakıda keçirilmişdir. Bu da, Azərbaycanda islami ab-havanın yaxşı olduğunu, başlıcası isə, dövlət rəhbərinin islami dəyərlərə yüksək münasibətinin təzahürü kimi başa düşülməlidir.

1996-cı ilin noyabrında Bakıda Beynəlxalq islam konfransı keçirildi. Azərbaycan Prezidenti Heydər Əliyev Simpoziumun işində yaxından iştirak etmiş, geniş nitq söyləmişdir. Heydər Əliyev demişdir: “...İslam dininin bəxş etdiyi bütün nemətlərdən hər bir azərbaycanlı səmərəli istifadə etməli və xüsusən, cəmiyyətdə davranışda islam dininin tələblərinə uyğun olaraq özünü göstərməlidir...”.

Müasir dövlət quruculuğunda islam dəyərlərindən səmərəli istifadə etməyi dövlət başçısı israrla tövsiyə edir, bunun əhəmiyyətini dönə-dönə qeyd edirdi. Heydər Əliyev bütün fəaliyyəti dövründə həmişə gəncləri öz dininə, milli ənənələrə bağlı olmalarına xüsusi fikir vermişdir.

Heydər Əliyev şəxsiyyəti, dövlətçilik məharəti, öz vətəninə, xalqına, dininə bağlılığı yaxın-uzaq ellərə, ölkələrə çoxdan bəlli idi. Ona görə Heydər Əliyev şəxsiyyətinə hər yerdə xüsusi hörmət, diqqət həmişə olmuşdur. Heydər Əliyev müsəlman dünyasının da böyük hörmət bəslədiyi, sevdiyi şəxsiyyətlərdən biri olmuşdur və olaraq da qalır.

1998-ci ildə Bakıda iki böyük islam toplantısı keçirildi. Onlardan birincisi həmin sentyabrın axırı oktyabrın əvvəllərində keçrildi. “Beynəlxalq islam konfransı və Qafqaz müsəlmanlarının X qurultayı” adlanan bu toplantı dini mənəvi dəyərlərə həsr olunmuşdu. Toplantıda Azərbaycan prezidenti Heydər Əliyev parlaq bir nitq söyləmişdi.

Ölkə başçısı bu nitqində özünün islam dininin tarixinə və bu dinin məziyyətlərinə dərindən bələd olduğunu bir daha göstərdi. “Bütün dinlər dünyada yüksək mənəviyyatı təbliğ edirlər. O da məlumdur ki, bəşər tarixində insanlar öz şüurunu, adət-ənənələri və cəmiyyətlərdə yaranan qayda-qanunları əsasən dini dəyərlərdən, dinin insanlara bəxş etdiyi keyfiyyətlərdən götürürlər.

Dünyanın hər yerindən gəlmiş nümayəndələr Heydər Əliyevə sonsuz maraqla qulaq asırdılar. Qonaqların marağına səbəb bir də o idi ki, Azərbaycan prezidenti heç nəyə baxmadan, sinədən danışırdı. Həm də əsl tribun, əsl natiq kimi danışırdı.

Heydər Əliyev konfrans və qurultay nümayəndələrinə keçmiş Sovet hakimiyyəti dövründə və Azərbaycan müstəqillik qazanandan sonra xalqın dininə və mənəvi dəyərlərinə dövlətin münasibətini müqayisə edərək demişdir: “Bu gün dövlətimiz, konstitusiyamız insanlara bütün azadlıqları verərək, o cümlədən vicdan azadlığını, din azadlığını öz siyasətinini əsas hissəsi hesab edir.

Ötən dövrlərdə kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü 70 il müddətində dinə qarşı aparılan təbliğat və xüsusən dinin qadağan olunması və dinin təhrif edilməsi olmuşdur. Ancaq din, o cümlədən bizim mənsub olduğumuz islam dini o qədər qüdrətə malikdir ki, heç bir ideologiya, heç bir hakimiyyət – heç bir hökmdar onunla bacara bilməz və 70 illik tarix də göstərdi ki, bunu bacara bilmədi”.

Azərbaycan prezidentinin nitqi dəfələrlə sürəkli alqışlarla qarşılandı. Bu alqışlar həm də azadlıq və milli istiqlaliyyət əldə etmiş, müstəqil Azərbaycan milli hökümətinə olan alqış idi...

1998-ci ildə dekabrın 9-da Bakıda “İslam sivilizasiyası Qafqazda” mövzusunda ilk beynəlxalq simpozium keçirildi.

Heydər Əliyev göstərdi ki, müasirlik və dini-mənəvi dəyərlər bir-birinə bağlanmalı, bir-birini tamamlamalıdır.

Dövlət başçısı din xadimlərinə tövsiyə verərək deyirdi ki, onlar islam dininin çox yaxşı, dünyəvi dəyərlərini, onun heç zaman əhəmiyyətini itirməyən mənəvi dəyərlərini müzakirə etsinlər, bu dəyərlərdən insanların bəhrəlnməsinə, onların həyat tərzinin yaxşılaşmasında istifadə etsinlər.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev dediyi kimi, gündəlik fəaliyyətində insan, millət və xalqın vicdan azadlığına humanist münasibət bəsləmişdir. O, bir azərbaycanlı kimi öz doğma dininə həmişə hörmət və diqqət yetirmişdir. Heydər Əliyev dini və milli bayramlarda xalq içərisində olur, dinimizin müqəddəs yerlərinə gedir, pirləri, ocaqları ziyarət edirdi. İnsanlar onu “Bibi Heybət məscidi”ndə, “Təzə Pir”də, Ətağanın qəbri üstündə dindarlarla görüşlərini, ziyarət etdiyini dəfələrlə görmüşlər. Belə vaxtlar möhtərəm prezidentimiz öz ailə üzvlərini də özü ilə müqəddəs yerlərə aparırdı.

Orucluq, Qurban bayramlarında Heydər Əliyev dövlət başçısı kimi televiziya, radio vasitəsilə xalqı təbrik edirdi.

Heydər Əliyev təkcə islam dininə yox, həm də Azərbaycanda qeyri-dinlərə - xristian və yəhudi dinlərinə də hörmət və diqqət yetirirdi. O, islam din xadimləri ilə bərabər xristian və yəhudi din xadimlərini də öz görüşlərinə dəvət edirdi. O, dəfələrlə xristian kilsəsində, yəhudi sinaqoqlarında dindarlarla görüşər, onların dini bayramlarında həmin dinlərin nümayəndələrini təbrik edərdi. Heydər Əliyev həmişə fəxrlə deyərdi ki, Azərbaycanda dini dözümlük vardır. Bütün bunların həyata vəsiqə almasında ölkə rəhbərinin rolu danılmazdır...

Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan xalqı Heydər Əliyevin milli dövlətçilik siyasətini və ictimai siyasi kursunu layiqincə həyata keçirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, bu təcrübəyə yeni milli çalarlar vuran prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla, geniş addımlarla gedir.

Musa Quluzadə,

Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru,
tarix elmləri doktoru, Əməkdar müəllim,
Azərbaycan Yazıçılar Birliyinin üzvü