25 iyun 2020 10:55
3213

Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırıldı

Dövlətimizin başçısı İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində bir daha diqqəti Azərbaycanın birləşdirici mövqeyinə yönəldərək bu əminliyi ifadə etmişdir  ki, Qoşulmama Hərəkatının Zirvə görüşü  Avropa İttifaqı ilə  Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaq

       « Koronavirus pandemiyasına qarşı görülmüş tədbirlər bizə vəziyyəti nəzarətdə, itkiləri isə minimum səviyyədə saxlamağa imkan verib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn formatda Zirvə görüşünü təşkil etmişdir. Biz Avropa İttifaqı və Afrika İttifaqının həmin tədbirə qoşulmalarını yüksək qiymətləndiririk. Ali nümayəndə cənab Jozep Borelə videomüraciətinə görə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirik ki, bu, Avropa İttifaqı və Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaqdır.» Dövlətimizin başçısı İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində bu fikirləri ilə Azərbaycanın dünyanı bir araya gətirən mövqeyinə işıq salmış, xarici siyasətində  tolerantlığın, multikulturalizmin əsas yer tutduğunu diqqətə çatdırmışdır.  Bu məqama da diqqət yönəldilmişdir ki, Azərbaycan,  həmçinin BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi iclasının keçirilməsini təklif edir.

     Ölkəmiz pandemiya dövründə birlik, həmrəylik çağırışlarını əməldə təsdiqləməklə  yanaşı,  koronavirusdan xilas olmaq üçün zəruri olan tədbirlərin həyata keçirilməsində maliyyə baxımından çətinlik çəkən, ümumiyyətlə, maddi dəstəyə ehtiyacı olan ölkələrə dəstəyini əsirgəmir.  Azərbaycan pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb.  Eyni zamanda, ölkəmiz bu günə qədər 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirməyi planlaşdırır.

    Dövlətimizin pandemiya dövründə  beynəlxalq əməkdaşlığa verdiyi töhfələr xarici siyasət uğurlarının tərkib hissəsidir. Xarici siyasətin əsas istiqamətləri olan  iki və çoxtərəfli çərçivədə əlaqələrin yüksələn xətlə inkişafını şərtləndirən əsas amillərdən biri təbii ki,  demokratik prinsiplərin qorunması, eyni zamanda, təkmilləşmə və müasirləşmə elementləridir. Avropa İttifaqının, həmçinin üzv dövlətlərin təmsilçiləri  Azərbaycanın dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkə olduğunu xüsusi qeyd edirlər.  Bu fikirlər Prezident İlham Əliyevin müasirləşməni, təkmilləşməni dövlət siyasətinin əsası kimi qəbul edərək bu istiqamətdə atdığı addımlara verilən ən yüksək dəyərdir. «Azərbaycan enerji sahəsində hər zaman hamı ilə əməkdaşlıq etməyə açıq bir ölkədir. Mən bir daha qeyd etməliyəm ki, Azərbaycan beynəlxalq məsələlərdə bütün ölkələrlə dialoqa hazırdır» söyləyən cənab İlham Əliyev Azərbaycanın multikultural dəyərlərin inkişafına böyük töhfələr verdiyini əsaslı şəkildə diqqətə çatdırır.  

     İqtisadi inkişaf modeli, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən, hazırda beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan cənab  İlham Əliyevin böyük inamla söylədiyi kimi,  sürətlə müasirləşir, yeniləşir, demokratik  proseslərin və azadlıqların təmin edilməsi bundan sonra da  prioritet olacaq.  Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, İqtisadi və humanitar mərkəzinə çevrilib. Ölkəmiz  beynəlxalq humanitar Forumlara, Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumuna, Davos Dünya İqtisadi Forumuna, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına və digər yüksək səviyyəli qlobal tədbirlərə ev sahibliyi etməklə müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir, korpü rolunu daha möhkəmləndirir. Zəngin tarixə, mədəniyyətə, ədəbiyyata, milli-mənəvi dəyərlərə malik olduğunu həmin tədbirlər çərçivəsində bir daha dünyaya çatdırmaqla bu mühüm məqamı da bəyan edir ki, müxtəlif millətlərin, xalqların sülh, əmin-amanlıq şəraitində yaşadığı  Azərbaycan tolerant,  multikultural ölkədir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqət yönəldən Prezident İlham Əliyev  bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək.

     Qeyd olunan Sammitdə Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının çıxışlarında da Azərbaycanın bu gün dünyada yeri və rolu yüksək dəyərləndirildi. Əsas diqqət göstərilən məsələ  30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi oldu. Problemin bu günə qədər həllinin uzanması qarşı tərəfin beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməməsinin göstəricisi kimi qeyd olundu. Sammitdə bir daha vurğulandı ki, bütün münaqişəli məsələlərin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinin tərəfdarı olan rəsmi Bakı ən nüfuzlu təşkilatların tribunasından bəyan edir ki, Azərbaycan sülh danışıqlarının tərəfdarıdır, amma bu səylər səmərə vermədiyi təqdirdə  digər varianta üstünlük veriləcəyi şəksizdir.    

    Ümumilikdə, müasir  dünyamızda multikultural dövlətçilik, mədəniyyətlərarası dialoq, ölkələrarası qarşılıqlı maraq və mənafelərə xidmət edən iqtisadi əməkdaşlıq siyasi sabitliyin, sosial rifahın, humanizmin bərqərar olmasında alternativsiz istiqamət kimi təqdim edilir. Beynəlxalq aləm  təhdidlərlə doludur, yerləşdiyimiz regionda milli-dini qarşıdurmalar davam edir, hər gün yüzlərlə, bəlkə də minlərlə günahsız insan məhv olur, müxtəlif zorakılıqlarla, məhrumiyyətlərlə qarşılaşır.  Belə bir gərgin beynəlxalq şəraitdə Azərbaycan  dinc yanaşı yaşamağın, dözümlülüyün, tolerantlığın  nümunəsini nümayiş etdirir, qarşılıqlı maraqları təmin edən əməkdaşlığın insanların və xalqların əlaqələrinin daha da yaxınlaşmasına,  dostluğuna xidmət etdiyini təsdiq edir. Ölkəmiz dünyada ən islahatçı dövlət kimi tanınır və bu amil nüfuzlu beynəlxalq maliyyə  qurumlarının və ekspertlərin də diqqətindədir. Ötən 16 ildən artıq dövrdə  Azərbaycan islahatların davamlılığının nəticəsində  müasir, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğunda sürətli inkişaf yolu keçib. Bu  tərəqqinin və dünyanı heyrətləndirən uğurların təməlində  ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin uğurlu davamı dayanır.

   Qeyd edək ki, 2018-ci ildə dövlətimizin başçısı İlham Əliyevin Belçika Krallığına səfəri çərçivəsində imzalanan «Tərəfdaşlıq prioritetləri» sənədində, həmçinin  Almaniyanın Federal Kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna  səfəri çərçivəsində Azərbaycanda keçirdiyi görüşlərdə  ölkəmizin müasirliyə, təkmilləşməyə meyilliliyi yüksək dəyərləndirilmişdir. A.Merkelin «Azərbaycan artıq ənənələri olan bir dövlətdir» fikirləri ölkəmizin regionda və dünyada sabitləşdirici faktor roluna işıq salmaqla yanaşı, zəngin tarixə malik olmasının dünya miqyasında təqdir edildiyinə işarə idi. 

      Avropa İttifaqı, həmçinin quruma üzv olan dövlətlərlə müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələrini genişləndirən Azərbaycanın demokratik prinsiplərə verdiyi önəm daim təqdir olunur. Xatırlasaq, Angela Merkelin səfəri çərçivəsində almaniyalı jurnalistin sifariş əsasında dövlətimizin başçısı İlham Əliyevə, həmçinin Almaniyanın Kanslerinə dünyanın ikili siyasətinə işıq salan «Xanım Federal Kansler, Siz burada Avropa dəyərlərini də təmsil edirsiniz, bu, hazırda Brüsseldə də qızğın müzakirə mövzusudur. Bu kontekstdə  Siz tərəfdaş Azərbaycanı hansı standartlara uyğun ölçürsünüz» sualına cavabı ölkəmizə beynəlxalq baxışın təhlilində əhəmiyyətli rol oynadı.  A.Merkel  «Bizim üçün demokratik dəyərlərdə heç bir dərəcələnmə yoxdur. Bizim demokratik dəyərlərin nə olduğu barədə  aydın təsəvvürümüz var… Standartlarımız həmişə eynidir, perspektivlər dəyərləndirilir» cavabı ilə Azərbaycan-Almaniya, Azərbaycan-Avropa İttifaqı  əlaqələrinin yüksələn xətlə inkişafını şərtləndirən amillərə işıq salmışdır. «Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir» söyləyən ölkə Prezidenti İlham Əliyev  bildirir ki,   biz  tənqidə normal yanaşırıq: «Əgər tənqid  əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki,  öz sözümüzü deyirik, açıq şəkildə bildiririk… Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da  uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız biri-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaqdır.»

       Azərbaycanın bugünkü mənzərəsi belədir:  dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi tanınır. Bu gün ölkəmiz  demokratik təsisatlarla,  beynəlxalq təşkilatlarla   əməkdaşlıq edir, dünya təcrübəsinə istinad edərək yeniliklərin ölkəmizdə  tətbiqi üçün təcrübə mübadiləsi aparır. Azərbaycan bu gün beynəlxalq aləmdə sabitlik diyarı, sabitləşdirici faktor kimi tanınır.  2016-cı ilin ölkəmizdə «Multikulturalizm ili», 2017-ci ilin isə «İslam Həmrəyliyi İli» elan edilməsi Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə olduğunu bir daha dünyaya nümayiş etdirdi. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşayışına yaxşı nümunədir.

      Beləliklə, aparılan  uğurlu xarici siyasət nəticəsində  Azərbaycan   bütün ölkələrlə, bütün güc mərkəzləri ilə  çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub.  Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsiplərinə əsaslanır. Dövlətimizin başçısı İlham Əliyevin fikirlərinə istinad etsək, Azərbaycan coğrafi mövqeyi regiondakı rolunu əvvəlcədən müəyyənləşdirən ölkədir. Biz sivilizasiyaların və mədəniyyətlərin dialoquna sərmayə yatırırıq.

   Məhz  yatırılan bu sərmayənin nəticəsidir ki, Azərbaycan pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda da səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin vacibliyini önə çəkərək bu istiqamətdə davamlı addımları ilə diqqət çəkdi. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi «COVID-19-la mübarizədə birlikdəyik» çağırışının reallıqda təsdiqidir. Pandemiyaya qarşı mübarizədə iki əks qütbləri – Avropa İttifaqı və Qoşulmama Hərəkətını bir araya gətirən Azərbaycan bir daha sabitləşdirici, birləşdirici mövqeyinə yeni əlavələr edir.

Yeganə Əliyeva,

«İki sahil»