25 mart 2020 18:04
1519

“Azərsun Holdinq” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüb

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holdinq” Şirkətlər Qrupu Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüb.
AZƏRTAC xəbər verir ki, Şirkətlər Qrupuna məxsus “Azərbaycan Sənaye Bankı” da dövlətimizin başçısının çağırışına səs verərək Fondun hesabına 250 min manat ianə edib.
Qeyd edək ki, bütün dünyada yayılmış koronavirus infeksiya ilə mübarizə çərçivəsində ölkəmizdə elan olunmuş xüsusi rejimin bütün tələblərinə riayət edilərək, “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən bütün istehsal müəssisələri, satış və təminat bölmələri, Şirkətlər Qrupuna daxil olan pərakəndə satış şəbəkələri tam qüvvəsi ilə fəaliyyətini davam etdirir. “Azərsun Holdinq” bu xüsusi günlərdə ərzaq təhlükəsizliyinin təmin edilməsində heç bir problemin olmayacağına və qida məhsulları qıtlığının yaşanmayacağına təminat verir.