12 noyabr 2020 12:21
1887

Azıx mağarası

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir

Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim insan və mədəniyyət məskənlərindən biridir. Ölkəmizdə bunu sübut edən çoxsaylı arxeoloji abidələr var. Onlar arasında Azıx mağarası xüsusi yer tutur. Mağaradan aşkarlanmış arxeoloji tapıntılar, o cümlədən 350-400 min il bundan əvvələ - Aşöl dövrünə aid qədim insanın - Azıx adamının çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri”, xəritəsinə daxil edilib və yaşına görə dünyada dördüncü, Avropada ikinci və keçmiş sovetlər məkanında isə birinci sırada dayanır. Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında Quruçay çayının sol sahilində yerləşir. Mağara Xocavənd rayonu ərazisindədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, tarixçi alim İbrahim Zeynalov söyləyib. Professor bildirib ki, Azıx mağarası dünya arxeologiyasında xüsusi yer tutaraq, özünün maddi mədəniyyət qalıqlarına görə keçmiş SSRİ ərazisində yeganə abidədir. Mağara on arxeoloji təbəqədən ibarətdir. Tarixi dövrlə bağlı ən qədim arxeoloji tapıntılar (qobud çay daşlarından hazırlanmış alətlər) Azıx mağara düşərgəsinin VII-X təbəqələrindən aşkar olunub. Qeyd olunan təbəqələrdən 300-dən çox daş məmulatı, kobud çapma alətləri, müxtəlif vəhşi heyvanların sümükləri, 700 min il əvvələ aid 4 ocaq izi, ilkin dini ayinləri əks etdirən nadir qalıqlar və s. əldə edilib. Azıx qədim insan düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş tarixi tapıntılar, maddi-mədəniyyət nümunələri kompleks halda Quruçay mədəniyyəti adlanır. Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə uyğunluq təşkil edir. Azıx mağarasının arxeoloji tədqiqatları tarixçi alim-arxeoloq Məmmədəli Hüseynovun adı ilə bağlıdır. Onun 20 ilədək apardığı tədqiqatlar göstərib ki, Azıx mağarasında və onun ətrafındakı Quruçay dərəsində həyat 2 milyon il əvvəl başlamışdı. 1968-ci ildə M.Hüseynov tərəfindən aşkarlanmış Azıx adamının alt çənə sümüyü Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu təsdiq edir.

İ.Zeynalov qeyd edib ki, Azıx mağarası haqqında dünya elmi, arxeologiyası çox az məlumata malikdir. Sovet dövründə Azıx mağarasının tədqiqatçılarının xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilməyib. Bunun nəticəsidir ki, dünya arxeologiya elmində Azərbaycan ərazisində ən qədim insanlardan birinin yaşadığı barədə çox az məlumat var. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağında yerləşən Azıx mağarası 1993-cü ildən erməni vandalizminə məruz qalıb. Ermənilər qeyri-qanuni olaraq Azıx mağarasında arxeoloji tədqiqatlar aparmaq üçün xarici ölkələrdən alimlər dəvət ediblər. Məqsəd mağaranın ermənilərin qədim tarixi ilə bağlı olduğunu göstərmək, Azərbaycan izlərini itirmək olub. Ermənilərin mağaradan silah-sursat anbarı kimi istifadə etdikləri də məlumdur. 2020-ci il noyabrın 9-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Azıx kəndinin azad edilməsi ilə Azıx mağarası da düşmənin, erməni faşistlərinin işğalından, vandalizmindən qurtardı. İnanırıq ki, dövlətimizin həyata keçirəcəyi layihələr çərçivəsində tezliklə Azıx mağarası yenə də tələbələrin, turistlərin mühüm ziyarətgahına çevriləcək.