20 fevral 2020 15:42
1687

“Bahar” tamaşası nümayiş olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında “Bahar” tamaşası nümayiş olunub.

"İki sahil" xəbər verir ki, teatrın nəzdindəki “Oyuq” studiyası tərəfindən A.Şaiqin “Gözəl bahar” pyesinin motivləri əsasında hazırlanan tamaşada sağlamlıq imkanları məhdud azyaşlı uşaqlar da öz səhnə bacarıqlarını təqdim ediblər.  

Tamaşanın təqdimatı tədbirində qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşan layihələrin mühüm bir istiqaməti əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılmasına, eyni zamanda, sosial inklüzivliyin təmin olunmasına xidmət edir. Bu layihələr cəmiyyətə bir daha “Əlillik qüsur deyil” mesajını çatdırır. Ötən dövrdə nazirliyin dəstəyi ilə Azərbaycanda ilk inklüziv teatr olan ƏSA Teatrı tərəfindən də tamaşalar hazırlanıb.

Sağlamlıq imkanları məhdud uşaqların da iştirak etdiyi “Bahar” tamaşasının hazırlanması həmin uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaqla, onların teatrla, incəsənətin digər sahələri ilə məşğul olmalarını təşviq etmək məqsədi daşıyır.

A.Şaiqin ev muzeyinin direktoru, yazıçının nəvəsi Ülkər Talıbzadə A.Şaiqin “Gözəl bahar” pyesinin uşaqların sevimli əsərlərindən biri olduğunu deyib, tamaşanın hazırlanmasına görə minnətdarlıq ifadə edib.

Maraqla qarşılanan tamaşa təbiətə sevgini və doğma torpağa bağlılığı tərənnüm edir.