12 iyul 2019 14:59
286

Bəhruz Quliyev: “1969-cu ilin 14 iyulu Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır”

"50 il bundan əvvəl, 1969-cu il iyulun 14-də ömrünü Azərbaycan adlı bir məmləkətin varlığına bağlamış, taleyi Azərbaycan adı ilə qoşa yazılmış xalqımızın xilaskar oğlu, dünyanın ən böyük siyasətçilərindən olan Heydər Əliyev ölkəmizə rəhbərlik etməyə başlayıb".

Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev ilk növbədə böyük Azərbaycanlı idi və bu xüsusiyyət Onun dahiliyində, siyasi fəaliyyətində səciyyələndirilməlidir: "Ümumiyyətlə, Ulu Öndərin qəlbi tam mənada Azərbaycanla döyünürdü və O, hər zaman, hər dəqiqə ölkəsi, xalqı haqqında düşünür, gələcək planlar üzrə yorulmadan çalışırdı. SSRİ DTK-dan başlayan yol da buna əsaslanırdı. İstər həmin dövrlərdə, istərsə də sonrakı zamanlarda öz xalqında və dövlətinə xidmət amalı özünü tam şəkildə sübuta yetirdi. 1969-cu ilin 14 iyul xalqımızın, Azərbaycanımızın yeni tarixinin dönüş mərhələsinin başlanğıc nöqtəsi oldu. Demək olar ki, bütün sosial-iqtisadi sahələrdə canlanma, yenilənmə və müasirləşməyə start verildi. Bu gün biz həmin dövr barədə danışanda vurğulayırıq ki, müasir Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplər məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaradılıb".

Xüsusilə vurğulamaq istərdim ki, məhz Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi, səyi nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə oldu", deyən siyasi ekspert bildirib ki, ilk dəfə olaraq, ölkədə hərbi kadrlar yetişdirilməyə başlandı: "Bundan başqa, azərbaycanlı gənclərin SSRİ-nin adlı-sanlı hərbi məktəblərinə göndərilməsinin də təşəbbüskarı məhz Heydər Əliyev oldu. Biz bu addımın da vacibliyini müstəqillik qazandıqdan sonra, erməni təcavüzkarlığı ilə qarşılaşanda daha yaxşı dərk etdik, ümummilli liderimiz Heydər Əliyevin hər bir addımının müstəqillyə hesablandığının bir daha şahidi olduq".

"Burada əsas məqam odur ki, Ulu Öndərin bütün addımlarında Azərbaycançılıq faktoru dayanırdı", deyə qeyd edən Bəhruz Quliyev həmçinin əlavə edib ki, milli dövlətçilik məfkurəsinin formalaşdırılması, milli özünüdərkin inkişaf etdirilməsi kimi ideyaların hər biri müstəqil Azərbaycan dövlətinin yaradılması üçün mühüm amil daşıyıcısı idi ki, Ulu Öndər Heydər Əliyev bu mühüm məqamı öndə tuturdu: "Onun özü də daim çıxışlarında vurğulayırdı ki, hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ölkəmizin müstəqilliyi barədə düşünür, bu istiqamətdə çalışırdı. Hətta Moskvada siyasi fəaliyyətini davam etdirərkən, Heydər Əliyev həmin yöndəki fəaliyyətindən bir an da olsa ayrılmırdı. Məhz bu kimi faktları kifayət qədər çox sadalamaq olar. Bu gün biz müstəqil, müasir, sabit, inkişaf edən, öz sözünü ən mötəbər beynəlxalq tribunalardan deyən Azərbaycanda yaşamağımıza görə bilavasitə Ulu Öndər Heydər Əliyevə minnətdar olmalıyıq və biz əminik ki, bu gün Onun layiqli davamçısı, siyasi varisi İlham Əliyev Azərbaycanımızı tərəqqili yolla irəliyə aparacaq, Ulu Öndərimizin ideologiyasını inkişaf etdirəcək, dövlətimizin daha da qüdrətlənməsi üçün hər zaman öndə olacaqdır".