07 aprel 2020 20:45
1389

BERNAMA agentliyi Azərbaycanda tibbi maska istehsal edən müəssisədən yazır

Malayziyanın əsas milli xəbər agentliyi BERNAMA Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir gündə 120 min ədəd tibbi maska istehsal edəcək müəssisənin açılışında iştirak etməsi barədə məlumat yayıb.

Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) istinadla yayılan məlumatda qeyd edilir ki, yaxın vaxtlarda daha bir istehsal xətti istifadəyə veriləcək və ikinci mərhələdə gündəlik istehsal iki dəfə artaraq 200-250 min ədəd təşkil edəcək.

Məlumatda, həmçinin qeyd edilir ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb və burada istehsal prosesi üçnövbəlidir.

Qeyd edilir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva dövlətimizin başçısına və birinci xanıma müəssisə haqqında məlumat verdilər.

Sonra Azərbaycan dövlətinin başçısına və birinci xanıma ölkədə istehsal olunan tibbi spirt, dezinfeksiya məhsulları və qoruyucu vasitələr barədə məlumat verilib. Bildirilib ki, hazırda altı şirkət dezinfeksiyaedici məhlullar istehsal edir.

Məqalədə, həmçinin koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlərin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olması xüsusi vurğulanıb.

Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://www.bernama.com/en/world/news.php?id=1829612