17 yanvar 2020 19:37
2500

Beynəlxalq hüququn prinsipləri kobud şəkildə pozulursa,…

«Human Rights Watch» təşkilatının təmsilçisi ermənilərə dəstək kampaniyasının müəllifi olduğunu  etiraf edir

Azərbaycan dövləti ən yüksək tribunalardan dünyanın ikili siyasətinin yaratdığı problemləri diqqətə çatdıraraq, bu ədalətsizliyə son qoymağın vacibliyini bəyan edir.  Ölkəmiz istər yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində, istərsə də demokratik islahatlar prosesinə münasibətdə  bu qərəzli yanaşmanın şahidi olur. «Freedom Hauese», «Human Rights Watch», «Amnesty İnternational» kimi beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında Azərbaycana qarşı qərəz, Ermənistana qarşı  sevgi daim özünü qabarıq şəkildə büruzə verib. Bu təşkilatların təmsil etdikləri  ölkələr daim atılan bu məqsədli addımları ört-basdır etmək üçün  təsadüf adı ilə pərdələməyə çalışsalar da  «xoruzun quyruğu» zaman-zaman görünür.

«Human Rights Watch» təşkilatı mütəmadi  olaraq dünya dövlətlərində insan hüquqlarının vəziyyəti ilə əlaqədar hesabatını açıqlayır. Hər zaman Azərbaycanı  insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu, mətbuat azadlığının boğulduğu ölkə, işğalçı Ermənistanı isə  demokratiya təcrübəsi nümunə olan ölkə kimi təqdim edir. Artıq bu təqdimatın özü təşkilatın ermənipərəst mövqeyinə işıq salır.

Gəlin, reallıqlara diqqət yetirək. Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut edərək,  ölkədə insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində davamlı addımlar atır.  Ən əsası insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsasını təşkil edir.   Milli Konstitusiyamızın qəbulundan ötən 24 ildə bu ali sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilib ki, edilən əlavələr  insan  amilinə verilən dəyərin nümayişi olub. Vətəndaş cəmiyyətinin yaradılmasını, demokratikləşmə prosesinin möhkəmlənməsini Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərt kimi önə çəkən cənab İlham Əliyev siyasi və iqtisadi islahatların davam etdirilməsini zamanın tələbi kimi diqqətə çatdırır: «Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik.»  

İkili yanaşmalar daim əldə olunan uğurları, keçilən yolu təhlil etməyi bir zərurətə çevirir.  Dövlətimizin başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, ən əsası problemin həlli prosesinin uzanmasına səbəb olan dünyanın ikili siyasətinə diqqət yönəldilməsin. « Biz dəfələrlə demişdik ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər… Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi» söyləyən ölkə Prezidenti   ədalət meyarına fərqli  yanaşmanı diqqətə çatdırır. Bu yanaşmaların   formalaşmasında sözsüz ki,  Azərbaycan dövlətinin real faktlara əsaslanan təbliğatı, dünyaya ən yüksək tribunalardan səsləndirdiyi «Bütün dövlətlərə vahid meyarlarla yanaşılmalıdır» kimi çağırışları əsas rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, dünyanın ikili standartlarının mövcudluğuna baxmayaraq, geri çəkilmir, daim irəli baxır, erməni yalanlarına qarşı ədalətli mövqeyimizi, tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatımızı, ən əsası gücümüzü, birilyimizi, həmrəyliyimizi nümayiş etdiririk.

Bəzi dünya dövlətlərinin, beynəlxalq təşkilatların Azərbaycanda ən kiçik bir olayı lupa ilə izləməsi, amma maraqlarının həyata keçirilməsində bir vasitə rolunu oynayan Ermənistan kimi işğalçı, demokratiya anlayışından bixəbər olan dövlətdə cərəyan edən proseslərə göz yumması daim rəsmi Bakı tərəfindən sərt reaksiya ilə cavablandırılıb. Ədalət maraqların arxasında əriyirsə, bu halda dünyanın beynəlxalq hüquq problemindən xəbərsiz olduğunu necə söyləməyək, yaxud bu problemin mövcudluğunu inkar edək. Görəsən,  beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq edən dünyanın iri dövlətlərini təmsil edən təşkilatlar  bu suallar ətrafında düşünmürlər?    Hər kəsə bəlli, özlərinə isə  «təsadüf» kimi görünən  ikili yanaşmalarına Azərbaycan ictimaiyyəti  daim sərt münasibətini nümayiş etdirib.  

«Human Rights Watch» təşkilatının  Yaxın Şərq və Şimali  Afrika bölməsinin icraçı direktoru Sarah Leah Whitson  müsahibəsində bəzi məqamlara, daha dəqiq desək, ermənilərin dayağı olmaq üçün əlindən gələni etdiyinə və insan hüquqları məsələsinə marağının erməni irsinin öyrənilməsindən qaynaqlanmasına  bir aydınlıq gətirir. Bildirir ki, ermənilərin mənim  maraqlarımı nəzərə alması mənim üçün çox şey demək idi: «İndi bu jesti dəyərləndirmək və ermənilərin dayağı  olmaq istəyirəm. Mən öz uşaqlarımda mənəvi kimliyimizi yüksək dərəcədə aşılamışam. Qızımı iki il əvvəl Ermənistana aparmışdım. Çünki ora ilə  bağlı olmasını istəyirdim. Övladlarımla birlikdə babamın doğulduğu Diyarbəkirə baş çəkmək üçün Türkiyəyə də getmişəm.» Türkiyədə yaşasa da  ölkəsinə, Emənistana bağlılığını  böyük həvəslə dilə gətirən  təşkilatın rəsmisi qeyd edib ki, istərdim ki, övladlarım   onlara aid mirasların haradan qaynaqlandığını bilsinlər və yaşadıqları yerlə bir əlaqə qursunlar. Bunun nə qədər vacib, necə böyük sərvət olduğunu bilsinlər.  Onun  «Erməni irsiniz işinizə necə təsir göstərir»  sualına cavabı ermənilərin bu günə qədər apardıqları yalan təbliğata bir daha işıq salır: «İnanıram ki, erməni olmağın böyük bir hissəsi sağ qalmaq hissi, bu dünyada ədalətsizliyin olduğunu və bunun qarşı mübarizə aparılmasının gərəkli bir şey olduğunu bilməkdir. Ayrıca ədalətsizliyin çox uzun müddət davam edə biləcəyini anlamaqla yanaşı, onun zamanla keçməyəcəyini anlamaqdır. Mən  qlobal ədalətsizliyin birbaşa təcrübəsi ilə böyüdüm.  «Erməni soyqırımı» hər gün mənim üçün bir həqiqət idi. Çox yaxın bir diaspor icmasında yaşayırdım və 12 il bir erməni məktəbinə getdim. Digər məktəblərin sinif otaqlarında Pasxa Bunny və Şaxta baba plakatları var idi, lakin bizimkilərdə «erməni soyqırımı» qurbanlarının şəkilləri var idi. Soyqırımın dəhşətlərini çatdırmağa çalışan erməni yazıçılarının əsərlərini oxuduq, ermənələrə aid səbəbləri və burada öz rolumuzu və məsuliyyətimizi araşdırdıq.»

Tarixi saxtalaşdırmaq yolunu tutan, insan huquqlarını pozan  bir şəxsin  özünü beynəlxalq hüquq müdafiə  təşkilatının ədalətli təmçilçisi  hesab etməsi ikrah doğurur. Bütün tarix boyu ədalətsizlik nümayiş etdirən, qeyri-konstruktiv mövqeləri ilə Dağlıq Qarabağ probleminin həlli prosesinin uzanmasına səbəb olan, eyni zamanda, Türkiyəyə qarşı saxta «erməni soyqırımı» iddiasını irəli sürən ermənilərin «Human Rights Watch» təşkilatında xüsusi nümayəndəsinin ədalətsizlikdən gileylənməsi bu millətin   həyasızlığını, hiyləgərliyini, simasızlığını bir daha açıqlayır.

Rəsmi Bakı ilə eyni mövqe nümayiş etdirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu bəyanatını xatırlatmaq istərdik: «Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.»

Dünyanın ikili siyasətinə və bu yanaşmadan  yaranan Ermənistan ərköyünlüyünə işıq salan faktlar saysız-hesabsızdır. Ermənilərin hiyləgərliklərindən irəli gələn addımları sırasında yer alan «erməni soyqırımı» abidəsinin ucaldılması, muzeyinin yaradılması da ikili siyasətdən alınan gücün göstəricisidir. Ermənilər və erməni diasporu unudur ki, artıq yalanlarının ayaq tutub yeriməsi vaxtı çoxdan keçib. Müasir dövrün informasiya əsri olduğunu, Azərbaycan dövlətinin  hücum diplomatiyasını tarixi faktlara əsaslanaraq yüksək səviyyədə həyata keçirdiyini, ən əsası erməni diasporunun diplomatik uğurlarımızın fonunda zəiflədiyini,  dünyada cərəyan edən proseslərə təsir imkanlarının heçə endiyini nəzərə alsaq, saxta tarix yazıb bunu həqiqət kimi dünyaya çatdırmağa çalışmağın nə qədər gülünc və mənasız olduğunu görməmək mümkün deyil.

Yeganə Əliyeva,
Samirə İsmayılova, 
«İki sahil»