15 may 2019 10:57
1584

Bilirdinizmi?

Gülümsəməyimizi niyə idarə edə bilmirik?

Bu, emosiyalara görədir. Üz ifadələrimizin vəzifəsi bir-birimizi daha yaxşı anlaya bilmək üçün hisslərimizi digər insanlara göstərməkdir. Yəni gülümsəmənin qarşısını almaq üçün tək əzələni deyil, həmçinin emosiyaları kontrol etmək lazımdır. Bu isə adi qol, əl və s. əzələləri kontrol etməkdən daha çətindir.

Helium niyə səsi dəyişir?

Çünki helium aşağı sıxlığa malikdir. Səs telləri hava axınında elastik şəkildə titrəyirlər. Heliumda sıxlıq  oksigendən bir neçə dəfə aşağı olur, səs tellərini daha az yükləyir, səs telləri daha sürətli titrəyir, səs daha cır olur.

Əgər bir qadın ağır qaz olan kükürd ftorid ilə nəfəs alsa, bu qaz oksigendən sıx qaz olduğu üçün onun səsi kişi səsi kimi qalın  çıxacaq.

Sülh simvolu olan “pasifik” necə yaranıb?

Pasifik və ya sülh simvolu 1958-ci ildə Britaniyada nüvə silahlarının istifadəsinə qarşı etiraz aksiyası üçün britaniyalı dizayner Cerald Holtom tərəfindən hazırlanıb.

Sülh  nişanı Semafor əlifbasında N və D hərflərinin birləşməsidir, (ingiliscə Nuclear Disarmament) “nüvə tərksilah” deməkdir.

Semafor- dəmir yollarında qatarların hərəkətini tənzimləmək üçün yarımavtomat mexaniki qurğudur.

Necə olur ki, telefondan şəbəkə tutmayanda belə təcili nömrəyə zəng etmək olur?

Normal zəng edə bilmək üçün telefonunuz istifadə etdiyiniz operatorun şəbəkəsinə qoşulmalıdır. Əgər olduğunuz yerdə istifadə etdiyiniz operatorun şəbəkəsi tutmursa, təcili zəng üçün digər yerli operatorların şəbəkəsinə qoşulur. Əgər yerli operatorların heç birinin şəbəkəsi tutmursa, yaxınlıqda olan istənilən antena vasitəsilə təcili zəng edəcək. Bu antenalar polis rabitəsi antenası, hərbi antena, bölgədə yerləşən istənilən şirkət antenası və digər antenalar ola bilər. Bu cür antenalar siz çətində olduqda təcili zəng edə biləsiniz deyə telefonunuzun onlara qoşulmasına icazə verir. Buna görə də telefonunuzda normal şəbəkə olmadıqda belə siz təcili zəng edə bilirsiniz.

Armudu stəkan niyə məhz armud formasındadır?

1850-ci illərdə Avropada sənaye inqilabından sonra inkişaf edən şüşə sənayesi ilə şüşə stəkan yarandı. Avropada istehsal olunan çay stəkanlarının ayaqları və qulpları olduğu üçün bu stəkanlar nazik şüşədən hazırlanırdı və ayağı ilə qulpu yox idi. Qulpu olmayan bir stəkanın içərisinə isti maye töküldükdə onu tutarkən əli yandıracağına görə stəkanın forması onu iki barmaqla boğazından tutaraq saxlaya bilmək üçün bu formada düzəldilmişdi. Düzdür, bu stəkan haqqında başqa fikirlər də var:  çay dibində isti qalır, ağız hissəsi çayı soyudur, çay qalıntısı dibindən ağzına gəlmir və s.

HDR nədir?

Fikir vermisinizsə, HDR funksiyasını aktiv edəndə telefon daha yaxşı şəkil çəkir.  HDR (High Dinamic Range) yüksək dinamik aralıq deməkdir.

Biz şəkil çəkəndə kadrda çox qaranlıq və çox işıqlı hissələr olur. Normalda kamera ya qaranlıq hissəni çox qara çəkib qalan yerləri normal çəkir. Və yaxud da əksinə, ağ yerləri ağappaq çəkib qalan yerləri normal çəkir. Bu aşağı dinamik aralıqdır. HDR rejimdə kamera bir neçə şəkil çəkir, bunlardan bəzilərində ağ yerləri yaxşı düşür, qara yerlər pis, bəzilərində qara yerlər yaxşı düşür, ağ yerlər pis və bütün bu şəkilləri üst-üstə birləşdirib bizə göstərir. Bu, yüksək dinamik aralıqdır. HDR rejimdə şəkil çəkəndə kamera 2-3 və daha çox şəkil çəkdiyi üçün kameranı tərpətmək olmaz. Tərpətsək şəkil bulanıq alınacaq.

Android telefonlarda rut (root) nədir?

Rut, kök, özül, məğz deməkdir.  Android telefon istifadə edən istənilən istifadəçi telefonun administratoru deyil və buna görə də bir çox məhdudiyyətlərlə üzləşir. Məsələn, telefonda əvvəlcədən quraşdırılmış bəzi proqramları silə bilmirik, proqramların bizə göstərdiyi reklamların qarşısını ala bilmirik və s. Çünki biz telefonu adi istifadəçi rejimində istifadə edirik. Əgər telefonu root etsək, bu zaman telefonun administratoru oluruq və tam səlahiyyət bizdə olur. Rott olunmuş telefonda hətta zəng, sms, musiqi, kamera və s. kimi standart proqramları da silə bilərik. Androidin standart düymələrinin funksiyasını dəyişə bilərik.

Bəs root belə yaxşıdırsa, niyə telefonlar əvvəlcədən fabrikdə belə istehsal olunmur?

Çünki root həm də təhlükəlidir. Səhvən hansısa proqramı silə bilərik və bu zaman telefonumuz normal işləməz. Buna görə də telefonlar əvvəlcədən root rejimində olmur.

Röya Rasimqızı, “İki sahil”