KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

“Bir mitinqlik ömrü qalan rejim” və 30 ildir dəyişməyən təfəkkür

27 avqust 2019 11:04
1406

Bu adamın fantaziyası bitib tükənmir də. Yenə də trol ordusunu səfərbər edib ki, inqilab olacaq. Azərbaycanda inqilab edəcəkmiş bu adam. Təbii ki, inqilabı da sosial media üzərindən gerçəkləşdirəcəkmiş. İş o yerə çatıb ki, trolların hər birinin adından 3 dəfə eyni “İnqilab!”, “Mitinq!” çağırışını yazmaqla görüntü yaratmaq istəyir.

Bilməyənlər, tanımayanlar, yaxud da təsadüfən bu adamın yazdığını oxuyanlar da elə sanacaq ki, Azərbaycanda nəsə baş verir. Təbii ki, qeyri-adi, ziyanlı heç nə baş vermir. Dövlət öz işində, vətəndaş da öz gündəlik məşğuliyyətində. Sabitlik, sakitlik, hər şey qaydasında. Yalnız bu “inqilabçı”nın yazdığını oxuyanda xəbərsiz olanlar sanar ki, Azərbaycan artıq Suriya, İraq, Liviya yolundadır. Əlbəttə, elə deyil, olması da mümkün görünmür.

İndi isə bir neçə əhvalat danışım.

2005-ci ildə müxalif “Azadlıq” Bloku mənim deputatlığa müstəqil namizədliyimi dəstəkləyirdi. 56 saylı Xaçmaz kənd seçki dairəsində yetərincə uğurlu kampaniya da aparmışdım. Aradan illər keçsə də iki məsələni heç cür unuda bilmirəm. Sırasıyla yazıram, siz də oxuyun.

Dairə ərazisində namizədliyim üçün imza toplanırdı. İmza vərəqlərindən cəmi birini Əli Kərimlinin Xaçmaz rayonundakı nümayəndəsinə vermişdik. Vur-tut 50 imza toplamalı idi. Günlər keçsə də adamdan xəbər yox idi. Digər vərəqləri götürənlər bircə günün içində imzaları mənə gətirmişdilər. Bir az da dözdük. Axır bir həftənin tamamında adamı aradıq, tapdıq, vərəqi istədik. “Gəlin, götürün”, - dedi. Getdik götürdük. Hardasa cəmi 25 imza toplamışdı bu adam bir həftəyə. Onda anladım ki, Əli Kərimlinin Bakıda oturub yekə-yekə inqilabdan danışması sadəcə ictimai rəydə özünü göstərmək üçün boş sözdən başqa bir şey deyil...

Kərimlinin inqilab boşboğazlığı səsvermə günündə də təsdiqini tapdı. Səsvermə bitdi. Kərimlinin tərəfdarlarının-adamlarının ciddi iştirakı olmadan (bəziləri iştirak edirdi, amma onların da arasında şübhəli tiplər vardı...) çox səs-küylü kampaniya apardığımız üçün durumumuz yaxşı idi. Həm də inqilaba köklənmişdik. Yeri gəlmişkən, mən də bu işdə təcrübəli sayılırdım. 2004-cü ildə Ukraynadakı narıncı inqilabda 2 ay yarım ərzində təcrübə toplamışdım. Səsvermə bitdikdən sonra, gecənin bir aləmində Bakıyla - Əli Kərimlinin də rəhbəri olduğu “Azadlıq” Blokunun  qərargahıyla əlaqə saxladıq ki, dairədə inqilaba hazırıq. Cavab gəldi ki, hələ gözləyin. Gecə saat 2 idi, komandamıza tapşırdım ki, hər kəs dağılışıb evinə getsin. Anlamışdım ki, Əli Kərimli inqilab edəcək birisi deyil...

Bu iki məsələylə bərabər birini də əlavə edim. Siyasətə yeni başlayanlar, özəlliklə də gənclər üçün faydalı olar.

2006-cı ilin martında qatarla Tiflisə gedirdim. Hələ 1999-cu ildə Kanadada oxuduğum insan haqları məktəbinin “Trenerlər üçün 1 həftəlik trening”ində iştirak edəcəkdim. Oturduğum kupeyə bir neçə ingilis daxil oldu. Salamlaşdıq, onlar ingiliscə danışdığımı görüb sevindilər. Bir az söhbət etdik. Sonra kupedən çıxıb pəncərə önündə dayandıq. Bu anda uzaqdan gənc bir qız məni görüb üstümə yürüdü, qucaqlaşdıq. Bu ingilislər də təəccüblə bizə baxdılar. O qız ABŞ Milli Demokratiya İnstitutunun seçki vaxtı Bakıda müşahidə aparmış nümayəndələrindən biri idi. İngilislərlə birlikdə imiş. O, öz ingilis dostlarına məni təqdim etdi, bizim eyni kupedə olduğumuzu öyrənəndə haqqımda xoş sözlər dedi. Və təbii ki, 2005-ci ilin parlament seçkisindən də danışdıq. Təfərrüatı kənara qoyub yalnız bir məqamı yazıram. O qız dedi ki, 125 dairədə müxalifət adına sənin kimi ümidverici kampaniya aparan uzağı 5 nəfər ola bilərdi. Ona görə də biz sonadək dəstək verə bilmədik...

Qızla söhbətimiz uzun olsa da bu iki cümlə, əslində, az-çox siyasəti bilənlər üçün yetərlidir. Bir az da lori dildə desək, inqilab üçün baza və qüvvənin olmadığını qət etmişdi ABŞ-lı dostumuz. Nəzərə alaq ki, 2005-ci ildə Əli Kərimlinin özü də, mənsub olduğu siyasi cəbhə də olduqca güclü idi. Elə bir şəraitdə bu adam inqilaba qərar verməyə cürət etməmişdi. Onda bugünkü sosial media da yox idi. İndi isə bütün günü monitor arxasında oturub “rejim”in çökməsindən danışır. O vaxtlar da bu adam “rejim”in bir mitinqlik ömrünün qaldığını deyirdi. İndi də. Aradan 20 ilə yaxın vaxt keçib. Bu illər ərzində Əli Kərimli də, başqa siyasi müxaliflər də 10-larla mitinq, yürüş keçirib, lakin “bir mitinqlik ömrü qalan rejim” daha da möhkəmlənib, xalq arasında etimadını yüksəldib, üstəlik də Azərbaycanı dünyanın ən sayılıb-seçilən, parlaq ölkələrindən birinə çevirib.

Əli Kərimlinin yazdıqlarını arabir oxuyur, çıxışları haqqında eşidirəm. Adam 30 il öncə hansı qafanın sahibi idisə, bu gün də o ağıldadır. Biz heç, əlaqəmiz yoxdur, ona nəsə deyə bilmirik, heç demək istəmirik də. Lakin heç olmasa ətrafındakılar ona izah etsin ki, 2020-ci il ərəfəsində hələ də 1990-cı illərin əvvəlində olduğu kimi “asıb-kəsmək”lə Azərbaycan ictimai rəyini aldatmaq mümkün deyil. Monitor arxasında “inqilab” edənlərdən fərqli olaraq biz - şəxsən mən özüm sadə insanların arasındayam, kəndlərdə, rayonlarda görüşlərim olur. Vallah, billah, siyasətdən söhbət düşəndə bəzən çoxdanın adamlarının arasından kimsə çıxıb deyir ki, “bir Əli Kərimli vardı, o heç gözə dəymir neçə ildir”. Yəni adamlar sənin varlığını belə unudub, indi bu halınla inqilabmı edəcəksən, adam?

Nə isə. Bilmirəm, bu adam haqqında bu qədər yazmağa dəyərmiydi? Yazmaya da bilərdik. Amma yazırıq ki, yetişməkdə olan gəncləri aldada bilməsin. Çünki bu adam daha çox siyasi təcrübəsi olmayan çılğın gəncləri hədəfə alır, onları yoldan çıxarır, qanunsuz əməllərə sövq edir. Dövlət də həmin gəncləri intizama dəvət edəndə haray salır ki, “ay aman, qoymayın, rejim siyasi repressiyalara başladı”...

Bir daha nə isə...