30 noyabr 2020 22:28
775

BİZ KİMLƏ, HANSI ŞƏRAİTDƏ VƏ NECƏ VURUŞDUQ?

44 günlük müharibənin təhlili bizə nələri deyir? Düşmənin 10 minə qədər canlı qüvvəsinin, onlarla hərbi texnikasının, müasir hücum və müdafiə sistemlərinin məhv edilməsi hansı məqamlardan xəbər verir? Biz hansı düşmənlə vuruşurduq, kimlərlə üz-üzə idik? Bütün bu suallara cavab axtardıqda ortaya çox ilginc bir mənzərə çıxır. Təkcə işğaldan azad olunmuş torpaqlarımızın qarış-qarış minalardan təmizlənməsi, təftiş olunması, nəhəng hərbi istehkamların, hərbi texnika, silah-sursat və s. aşkarlanması isbatlayır ki, Azərbaycan Ordusunun qarşısında illər ərzində yüksək dərəcədə təşkilatlanmış güclü düşmən olub.
Təsəvvür edin ki, Ermənistan 30 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarını bəlkə də dünyada ən güclü militarizasiya edilmiş bölgəyə çevirmişdi. Bu ərazilərdə vuruşmuş hərbçilərin sözlərinə görə, düşmən tərəfindən az qala hər kvadratmetri atəş altında saxlamağa imkan verən müasir hərbi sistemlər qurulmuşdu və düşmən güclü, müasir artilleriya sisteminə malik idi. Bu isə onu deməyə əsas verir ki, 30 il ərzində Fransada, Rusiyada, Livanda və başqa ölkələrdə təhsil almış, xidmət etmiş, müasir hərbi texnologiyaları, yenilikləri öyrənmiş, həmin ərazilərə dərindən bələd olmuş düşmənlə vuruşurduq.
Hərbi əməliyyatların getdiyi ərazilər təbii istehkam rolunu oynadığından müharibənin əvvəlində əsas strateji yüksəkliklər və mövqelər düşmənin əlində idi. Bu səbəbdən də, Ermənistanın həmin yerlərdə 30 il ərzində qurduğu müdafiə sistemləri Azərbaycan Ordusu üçün ciddi çətinliklər yaradırdı. Eyni zamanda, Ermənistan pulsuz əldə edilən hərbi texnika və sursatlar hesabına texniki baxımdan yüksək dərəcədə təminatlı orduya malik olsa da, Azərbaycan Ordusuna qarşı döyüşlərdə Rusiyadan, Fransadan və digər aparıcı Avropa ölkələrindən, hətta okeanın o tayından erməni əsilli vətəndaşlar, xüsusi təyinatlılar, PKK terrorçuları, Suriyadan xeyli sayda peşəkar muzdlular vuruşurdular.
Görünən odur ki, Azərbaycan Ordusu təkcə erməni separatçılarına, Ermənistan ordusuna qarşı deyil döyüşmürdü, həm də dünyanın bir çox ərazilərində formalaşdırılmış terrorçu qruplarla, muzdlu qatil və döyüşçülərlə, xüsusi təyinatlılarla üz-üzə idi. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu məhz belə mürəkkəb amillərin mövcud olduğu şəraitdə parlaq qələbə qazandı.
Əlbəttə ki, dərindən düşünülmüş hərbi strategiya, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, Onun zəruri müdaxilələri, korrektələri, eləcə də döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası, yüksək peşəkarlıq, orduda yüksək nizam-intizam, mobillik, hərbçilərimizin müasir hərbi texnologiyalardan məharətlə istifadə etməsi, Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumu qazanılan parlaq qələbənin kökündə dayanan mühüm amillərdən idi. Elə bütün deyilən səbəblərdəndir ki, xarici hərbi ekspertlər 44 günlük Vətən müharibəsini nəinki yeni hərbi tarix adlandırır, hətta müasir müharibə və döyüş strategiyalarına əlavə və düzəlişlərin edilməsi üçün əsas hesab edirlər…


Ramil Vəlibəyov,
YAP Sosial media qrupunun rəhbəri