13 yanvar 2021 18:34
286

Böyük quruculuq mərhələsi

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının müzəffər ordusunun qısa zaman ərzində işğal altında olan tarixi torpaqlarımızın düşmən əsarətindən geri qaytarılması bu ərazilərdə bərpa prosesinin başlanmasına zəmin yaratdı. Əzəli torpaqlarımızda tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq və bərpa etmək üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşları və digər sərmayələrin cəlb edilməsi hazırda ən aktual məsələlərdəndir. Beynəlxalq təcrübə onu göstərir ki, ilkin olaraq dəymiş zərəri müəyyənləşdirdikdən sonra təhlükəsiz və rahat yaşayış səviyyəsinin təminatı prioritetdir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, elektrik enerjisinin təminatı, kritik yol xətlərinin bərpası, içməli su, sanitar qovşaqlarının və irriqasiya sistemlərinin bərpası, humanitar yardım məqsədləri üçün hava limanlarının bərpası və s. bu kimi prioritetlərdəndir. Bu sahələrə yönələn sərmayə sonrakı dövrdə sosial və iqtisadi canlanmaya dəstək olacaq. Aydın məsələdir ki, bu ərazilər böyük iqtisadi potensiala malik olsa da, gərəkli infrastruktur olmadan oraya investisiyaların cəlbi mümkünsüzdür. Necə ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına böyük infrastruktur layihələrinin reallaşdırılmasından sonra nail olunub və bu sahədə yerli təcrübə mövcuddur. Bu mənada yenidənqurma işlərinin həyata keçirilməsi həm həmin ərazilərə gələcək investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi deməkdir. Bu proses məcburi köçkünlərin həmin ərazilərdə yerləşdirilməsi imkanlarını da yüksəltmiş olacaq.

2021-ci il dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri cari ildə işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi və digərləridir. Bu kimi tədirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər nəzərdə tutulub, xüsusi təyinatlı investisiyalar planlaşdırılır. Müdafiə və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün cari ilin dövlət büdcəsindən 4,6 milyard, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün isə dövlət büdcəsindən 2.2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə publik hüquqi şəxs kimi təsis edilmiş “Qarabağ Dirçəliş Fondu” işğaldan azad edil­miş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşa­yışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədinə xidmət edir. Fond, həmçinin özəl sektorun işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini, layihə və təşəbbüslərini hərtərəfli dəstəkləyəcək, onlara bütün zəruri hüquqi-təşkilati dəstək göstərəcəkdir. 

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə bərpa və buna hazırlıq işlərinə artıq start verilib. Bu, Azərbaycan dövlətinin azad edilmiş rayonlarla bağlı olduq­ca dəqiq və sistemli siyasət kursuna malik olduğunu göstərir. Böyük qələbə qazanılandan dərhal sonra Qarabağ bölgələrində dövlətimiz adından suveren hakimiyyətin bütün funksiyalarını həyata keçirən orqan və strukturların yaradılmasına, infrastrukturun bərpasına başlanılıb. Hazırda həmin ərazilərin minalardan təmizlənməsi ilə yanaşı, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamının icrasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, yeni avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün layihə bir neçə hissəyə bölünüb. Bununla əlaqədar olaraq tikinti işlərinə çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlərin cəlb olunması prosesi həyata keçirilir. Yeri gəlmişkən, vurğulayaq ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılmasında iştirak etməyə digər ölkələr də maraq göstərməkdədirlər.

Dağlıq Qarabağ və ətraf rayonlarda yenidənqurma işlərinin aparılması və ərazinin iqtisadi baxımdan inkişaf etdirilməsi üçün Azərbaycan hökuməti də xarici şirkətləri cəlb etmək istiqamətində fəaliyyətə başlayıb. Artıq dövlət başçısı İlham Əliyev də bu istiqamətdə vacib mesajlar səsləndirib. Prezident İlham Əliyev bu istiqamətdə danışarkən bu fikirləri səsləndirmişdi: “Bütün dünya indi gördü ki, Azərbaycan hansı vandallarla üz-üzə qalmışdı. Və bu vandallara qarşı təkbaşına müharibə apararaq öz ərazi bütövlüyümüzü bərpa etmişik. İndi bərpa dövrü başlayır. Genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri ilk növbədə bu işlərdə iştirak edəcəklər. Bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik. Daha doğrusu, artıq dəvət etmişik”.

Qeyd edək ki, qardaş Türkiyə, eləcə də İtaliya şirkətləri Dağlıq Qarabağın inkişafında, orada biznes müəssisələrinin qurulmasında maraqlıdır. Çox güman ki, qonşu Rusiya və İran şirkətləri də bölgənin ən böyük iqtisadi potensiala, təbii imkanlara malik bölgəsindən faydalanmağa çalışacaqlar. Ancaq istənilən halda burada həmin şirkətlərin və onların aid olduğu dövlətlərin Dağlıq Qarabağ məsələsində tutduğu mövqe mühüm rol oynayacaq və görünən odur ki, bu proses də dövlət başçısının tam nəzarətindədir.

Sevinc Azadi, “İki sahil”