20 sentyabr 2019 17:43
221

BP-nin Baş icraçı direktoru SOCAR-ın prezidentinə təbrik məktubu ünvanlayıb

BP-nin Baş icraçı direktoru cənab Bob Dadli SOCAR-ın prezidenti Rövnəq Abdullayevə “Əsrin müqaviləsi”nin 25 illiyi münasibəti ilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

Hörmətli cənab Abdullayev,

BP və onun heyəti adından Sizi, SOCAR-ın və onun tabeliyindəki qurumların əməkdaşlarını, habelə Azərbaycanın neft-qaz sənayesində işləyən bütün işçiləri peşə bayramı və “Əsrin müqaviləsi” kimi tanınan AÇG üzrə hasilatın pay bölgüsü haqqında sazişin imzalanmasının 25-ci ildönümü münasibətilə təbrik edirəm.

Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin imzalandığı tarix Azərbaycanda “Neftçilər günü” kimi qeyd edilir. AÇG 100 il bundan əvvəl dünyada ilk dəfə qazma işi aparmış və qabaqcıl mövqedə olmuş Azərbaycanın neft sənayesinin böyük dirçəlişinə təkan verdi və ölkənin dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırdı. Biz müasir texnologiyalar, beynəlxalq təcrübə və digər mövcud resurslar təklif etməklə AÇG üzrə uzunmüddətli imkanların açılmasında SOCAR ilə tərəfdaşlıq etməkdən qürur duyuruq.

AÇG tərəfdaşları arasında 25 illik uğurlu əməkdaşlıq göstərdi ki, xarici neft şirkətləri SOCAR ilə birlikdə işləyərək dəniz hasilatı platformalarını, sualtı boru kəmərlərini, quruda saxlama və beynəlxalq bazarlara ixrac sistemlərini əhatə edən dünya səviyyəli layihələri həyata keçirmək əzmindədir. Bütün bunlar investorların inamını artırdı və beynəlxalq aləmdə Azərbaycanı biznesin uğurla həyata keçirilə biləcəyi ölkə kimi tanıtdı. Biz SOCAR-ın etibarlı və sabit tərəfdaşı olmaqdan qürur duyuruq və hazırkı əməliyyatlarımızın və kəşfiyyat layihələrimizin təhlükəsiz və səmərəli şəkildə idarə olunmasını davam etdirəcəyik.

Peşə bayramınız və “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə Sizə bir daha ən səmimi təbriklərimi çatdırıram və Azərbaycan Respublikasının tərəqqisi naminə yeni nəsil neft mütəxəssislərinin yetişdirilməsində uğurlar arzulayıram. Məhsuldar və uğurlu tərəfdaşlığımızın davam edəcəyinə ümid edirəm.

Hörmətlə, Bob Dadli

BP-nin Baş İcraçı direkrtoru