18 noyabr 2019 10:52
285

Bu il 66 yaşayış məntəqəsi qazlaşdırıb

Cari ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 66 yaşayış məntəqəsi və massivi qazlaşdırıb.

Birlikdən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görüb. Cari ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla davam etdirilir.

Tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir. Birliyin texniki istismar şöbəsinin hesabatında qeyd edilir ki, respublika ərazisində bu ilin yanvar-oktyabr aylarında 1559,8 kilometr uzunluğunda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 542,8 kilometrlik qaz kəmərləri əsaslı təmir edilib. Bundan əlavə Bakı, Sumqayıt və regionlar üzrə daxili imkanlar hesabına 10 ayda 299,64 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz olunub. Hazırda bu il üçün Dövlət proqramı əsasında qazlaşdırılması aparılan 92 yaşayış məntəqəsi və massivdən 66-da qaz açılışları baş tutub, digərlərində isə son tamamlanma işləri aparılır. Bakı şəhəri üzrə isə 22 yaşayış məntəqəsindən birində qaz açılışı həyata keçirilib, 11 məntəqədə iş tamamlanıb açılışa hazırdır, digər 10 massivdə isə qazlaşma işləri aparılır.

2019-2020-ci illərin payız-qış mövsümünə nəzərdə tutulan tədbirlərin icrası cari dövrdə ümumilikdə 90,04 faiz yerinə yetirilib və hələ də işlər davam etdirilir.