16 sentyabr 2020 11:52
422

Bu il şəhid ailələri və əlillərə 1500 mənzil veriləcək

Bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olanlara və şəhid olan şəxslərin ailə üzvlərinə 8 min 172 mənzil verilib.

Trend-in məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyi sədrinin müavini Pərviz Səfərov deyib.

Onun sözlərinə görə, evlərin verilməsi mərhələli şəkildə həyata keçirilir: "Azərbaycan Prezidentinin 2014-cü il tarixli 569 saylı sərəncamına əsasən, bu kateqoriyadan olan şəxslərə mənzil və fərdi evlərin verilməsi prosesi həyata keçirilir və bu kateqoriyadan olan insanlar mövcud qanunvericiliyə uyğun olaraq yerli icra hakimiyyəti orqanlarında sosial məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı mənzil növbəsinə götürülürlər. Qeydiyyatdan sonra rayon icra hakimiyyətləri həmin siyahını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Həmin siyahı nazirliyin rəsmi internet siyahısında yerləşdirilir. Nazirliyin üzərinə qoyulan öhdəliyə görə, həmin siyahı üzrə növbəliyi pozmamaq şərti ilə bu kateqoriyadan olan insanlar ilbəil mənzillərlə təmin edilir. 2017-ci ildə bu kateqoriyadan olan ailələrə 315 mənzil və fərdi yaşayış evi verilib. 2018-ci ildə bu rəqəm 626, 2019-cu ildə 934 olub. Bu il isə həmin kateqoriyadan olan ailələrə 1500 mənzil və fərdi yaşayış evinin verilməsini nəzərdə tuturuq. Həmin 1500 evin artıq 584-ü ailələrə təqdim edilib. İlin sonuna qədər digər mənzillərin də növbəlilik prinsipi ilə verilməsini həyata keçirəcəyik".