02 mart 2020 20:57
3644

Çevik və balanslı siyasət

Bu, ölkəmizi xarici təhlükələrdən qoruyan mühüm amildir

Bu gün Azərbaycan beynəlxalq münasibətlərin layiqli və etibarlı üzvüdür. Ölkəmizin malik olduğu nüfuz və diplomatik resurslar yalnız yerləşdiyimiz regionla məhdudlaşmır, həm də beynəlxalq xarakter daşıyır. Eyni zamanda, ikitərəfli əməkdaşlığımızın coğrafiyası və məzmunu daim genişlənməklə ölkəmizin tərəfdaşlarının sayı çoxalır.

Məhz bu uğurlu geosiyasi xəttin əsasını Prezident İlham Əliyevin yürütdüyü səmərəli xarici siyasət təşkil edir. Təkcə 2019-cu ildə ölkəmizin başçısı 15-dən çox xarici səfərdə olub, eyni zamanda, 15-dək dövlət və hökumət başçısı Azərbaycana səfərlər edib. Bu, bir daha göstərir ki, ölkəmiz çoxşaxəli və səmərəli xarici siyasətə malikdir.

Azərbaycanın xarici siyasətindəki digər önəmli hadisə isə ötən iki ildə  Avropa İttifaqı ilə əlaqələrimizin daha geniş sferada inkişafı ilə ələqədardır. Xüsusilə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yer alan müddəalar ölkəmizin maraqlarını geniş şəkildə  müdafiə edir. Sənəddə göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir. Eyni zamanda, NATO-nun Zirvə Görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha ifadə olunmuşdur. Təbii ki, bütün bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bizim mövqeyimizi daha da möhkəmləndirir.

Qeyd edək ki, Azərbaycan dövləti  xarici siyasət sahəsindəki nailiyyətlərini Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzü, erməni lobbi dairələri və onların havadarlarının respublikamıza qarşı apardıqları psixoloji müharibə və dezinformasiya kampaniyaları şəraitində qazanır. Məhz səmərəli və çevik xarici siyasətin nəticəsidir ki, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını və Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu prinsiplər əsasında həllini dəstəkləyir.

Digər çox mühüm əlamət isə odur ki, hazırkı mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycan sabitlik adasıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycanda sabitlik və təhlükəsizlik tam şəkildə təmin olunub, ölkəmizdə daxili risk mənbələri mövcud deyil. Çevik və prinsipial xarici siyasət vasitəsilə xaricdən olan hədə və təhdidlərin qarşısı alınır, ölkəmiz ətrafında xoşməramlı əməkdaşlıq mühiti və daxili inkişaf üçün münbit zəmin yaradılır.

Eyni zamanda, ölkəmizin daxili inkişafı xarici siyasətimizin müstəqilliyini və strateji manevr qabiliyyətini təmin edir. Gərgin və nizamsız beynəlxalq münasibətlər şəraitində ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri əsasında xarici siyasət yürüdərək, heç bir dövlətin daxili işlərinə qarışmır və heç bir dairəyə də özünün də daxili işlərinə qarışmağa imkan vermir. Məsələn, Şimali Atlantika Alyansı ilə Rusiya arasında son 5 ildə 4 dəfə beynəlxalq məsələlərə dair görüşlərin Bakıda keçirilməsi böyük siyasi hadisədir. Əslində, bir-biri ilə ciddi münaqişələri olan iki tərəfin Bakıda görüşmələri həm də Azərbaycana verilən dəyər və onun tərəflərə münasibətinin göstəricisinin nəticəsidir. Heç şübhəsiz, bu görüşlərin dəfələrlə Bakıda keçirilməsinin bir sıra üstünlükləri var. Birincisi odur ki, Prezident İlham Əliyevin balanslı xarici siyasəti iki fövqəlgücün ölkəmizə qarşı münasibətinin müsbət göstəricisidir. Təbii ki, tərəflər də bu münasibətə görə Azərbaycan paytaxtını münasib biliblər.

Bu gün Azərbaycanda başqa dövlətin hərbi kontingenti yoxdur. Bu baxımdan ölkəmiz neytrallığını qoruyub. Azərbaycan Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmadığından qarşı tərəf üçün Rusiyanın hərbi cəhətdən təsir dairəsinə daxil deyil. Azərbaycan NATO-ya üzv deyil və Alyansın Azərbaycanla münasibəti daha çox əməkdaşlıq səviyyəsindədir. Cənubi Qafqazdakı qonşularla müqayisədə Azərbaycanın tutduğu bu mövqe isə Rusiyanı qane edir.

Sevindirici faktdır ki, Azərbaycanın dünya siyasətində artan rolu ölkəmizin qlobal  problemlərinin həllində mühüm əhəmiyyət kəsb edir. Xüsusilə geosiyasətdə Azərbaycanın tərəf-müqabili olan dövlətlərin ölçüsü, gücü və potensialı nəzərə alındığını göz önünə gətirsək ölkəmizin üzərinə necə böyük və ağır bir məsuliyyət götürdüyünü aydın görmüş olarıq. İnanırıq ki, Prezident İlham Əliyevin balanslaşdırılmış uğurlu xarici siyasəti ölkəmizi bundan sonra da qlobal təhlükələrdən qoruyacaq və Azərbaycanın böyük güclərin hərbi və siyasi poliqonuna çevrilməsinə imkan verməyəcək.

Elçin Zaman, “İki sahil”