03 avqust 2020 18:36
1555

Çimərliklərə getmək üçün xüsusi icazəyə ehtiyac yoxdur

Çimərliyə getmək üçün xüsusi icazə ehtiyac yoxdur, "Cimerlik.az" portalı sadəcə çimərliklərdəki mövcud vəziyyəti öyrənmək üçün yaradılıb.

Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, doluluq səviyyəsinə əsasən, çimərliklər yaşıl, sarı, qırmızı rənglərdə olacaq. Əgər çimərlik dolu olarsa, vətəndaş bunu əvvəlcədən biləcək. Bu çimərliklər pandemiya tələblərinə uyğun olaraq fəaliyyət göstərirlər: "Əgər bir çimərliyin tutumu 500 nəfərlikdirsə, 501-ci adam çimərliyə buraxılmayacaq və digər çimərliyə getməsi xahiş olunacaq".

Ülvi Mehdiyev  deyib ki, “Cimerlik.az" portalına 100-dən çox çimərliyin məlumatları əlavə olunub.

Onun sözlərinə görə, həmin çimərliklərin hər biri barəsində vətəndaşlar məlumat ala biləcəklər. Çimərliklər səhər saat 09.00-dan axşam 20.00-dək fəaliyyət göstərəcək:

"Çimərliklərdə könüllü qruplar fəaliyyət göstərəcək. Vətəndaşlardan xahiş olunur ki, çimərliklərdə hər hansı qayda pozuntusu aşkar edərlərsə, könüllülərə məlumat versinlər".