08 noyabr 2019 20:18
1097

Dövlət Dəstəyi Şurası mühüm əhəmiyyət kəsb edən layihələri maliyyələşdirib

2019-cu ildə ölkəmizdə çoxsaylı yerli və beynəlxalq miqyaslı tədbirlər keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da cari ildə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində uğurlu fəaliyyət göstərib. Bildiyimiz kimi, Şura vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərə müxtəlif sahələrdə xidmətlərin göstərilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli maraqlarımızın beynəlxalq aləmdə müdafiəsi və təbliği, dövlət qurumları ilə QHT-lər arasında münasibətlərin təkmilləşdirilməsi və bir çox digər sahələrdə uğurlu fəaliyyət göstərib. Şura ötən 10 illik fəaliyyəti ilə ölkəmizin QHT sektorunun inkişafına böyük töhfə verib və cəmiyyətin maariflənməsində mühüm rol oynayıb.

Şuranın dəstəyi ilə fəaliyyət imkanlarını artıran, xeyli inkişaf edən QHT-lərin bu gün ictimai həyatın bütün sahələrində aktivliyi müşahidə olunur. Şura 2019-cu ildə də dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən QHT layihələrinin həyata keçirilməsinə dəstək olub. Belə ki, Şuranın maliyyə yardımı ilə 2019-cu ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı, o cümlədən İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu (İİV/QİÇS) ilə mübarizəyə dair təşəbbüslər” istiqaməti üzrə 23 layihə icra olunub. Gənclər arasında QİÇS və narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə maarifləndirmə işinin təşkili, regionlarda yaşayan məktəblilərə psixoloji yardımların göstərilməsi, “Narkomaniya - könüllü olümdür” adlı rəsm müsabiqəsinin təşkili, cəzaçəkmə müəssisələrində yüksək riskli və QİÇS-ə yoluxmuş şəxslərin iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsi və onlara psixoloji xidmətin təşkili, “Narkomaniya, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı milli və beynəlxalq-hüquqi səviyyədə mübarizə” adlı monoqrafiyanın hazırlanması, “Narkotiksiz sağlam həyat” devizi altında mini futbol turniri və qol güləşi yarışının təşkili, yüksək təsirə məruz qalan hədəf qrupları arasında İİV/QİÇS-lə bağlı zərərin azaldılması məqsədi ilə müayinə, müalicə və maarifləndirmə işlərinin aparılması, region məktəblərində “Sağlam nəsil - Sağlam gələcək”, “Narkomaniya əsrin bəlasıdır!” başlıqlı guşələrin  yaradılması, təşviqat aksiyasının keçirilməsi, mini futbol meydançasının yaradılması və digər adlarda maraqlı layihələr icra edilib. Ümumilikdə qeyd olunan mövzularda 4 “dəyirmi masa”, 10 seminar, 1 sərgi və 74 maarifləndirmə xarakterli tədbir təşkil olunub. Eyni zamanda bu layihələr çərçivəsində müxtəlif saytlarda mövzu ilə əlaqəli 29 məqalə dərc olunub, buklet, kitabça və digər çap məhsulları hazırlanaraq çap edilib. Keçirilən tədbirlərdən ümumilikdə 4845 nəfər faydalanıb.

Bu layihələrin coğrafiyası Bakı, Sumqayıt, Şirvan, Lənkəran şəhərlərini, Ucar, Salyan, Kürdəmir, Lerik, Astara, Xaçmaz, Qusar, Abşeron, Quba, Şamaxı, Hacıqabul, Qazax, İsmayıllı, İmişli, Masallı, Biləsuvar, Cəlilabad, Siyəzən və Şabran rayonlarını əhatə edib.

Bu qısa məlumat bir daha Şuranın adıçəkilən sahədə QHT-lərin cəmiyyət üçün aktuallıq kəsb edən təşəbbüslərini dəstəkləyərək ictimai maarifləndirmə işinə verdiyi dəstəyin nə qədər mühüm əhəmiyyət daşıdığını göstərir.

Fuad Rzazadə,

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi