KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Dövlətin ayağına getməyi qəbahət bilənlər dövlət adamı deyil!

04 mart 2020 11:13
3409

Toplumun başı koronavirusa qarışmışkən Azərbaycanda baş verməkdə olan siyasi gəlişmələr də diqqətdən qaçmamalıdır. Bu qəbildən olan əsas məsələ, əlbəttə ki, parlament seçkilərinin sonuclarının təsdiqlənməsi gözləntisidir. Konkret olaraq martın 5-də Konstitusiya Məhkəməsi məsələni birdəfəlik qapadacaq. Onunla bərabər Prezident Administrasiyasının siyasi partiya rəhbərləri üçün açılım etməsi də diqqətimizi çəkməkdədir ki, bu haqda fikirlərimizi paylaşmaq istərdik.

Öyrənirik ki, Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bir sıra partiya rəhbərlərini görüşə dəvət edib, onlarla müzakirə aparıb. İrəli qaçaraq qeyd edək ki, bu addım mütləq Prezident İlham Əliyevin istəyi ilə atılır və biz belə davranışı faydalı hesab edirik. Cənab Prezidentin belə addıma rəvac verməsi təqdir olunmalıdır. Bu cür davranış toplumda gərginliyi azaltmağa, fərqli siyasi kəsimlər arasında qarşılıqlı sayğıya dayanan müzakirə mühitinin yaranmasına səbəb olacaq. O baxımdan Prezidentin Administrasiya vasitəsilə belə bir açılıma getməsi yaxın vaxtlarda ciddi fayda verəcək.

Görüş və müzakirələrin özünə gəlincə, açıqlamalar elə də geniş deyil. Görüşdə iştirak edənlər bir qədər xəsislik edir, topluma geniş bilgi verməyə tələsmirlər. Bunu da anlayışla qarşlayırıq. Belə başa düşürük ki, bu görüşlərin davamı olacaq və yəqin ki, tərəflər hələlik qısa bilgi verməklə yetinmək haqqında razılığa gəliblər.

Bütün bunlar bir yana, bizim diqqətimizi bəzi siyasi liderlərin bu görüşlərlə bağlı uyğun olmayan davranışları çəkir. Onları da şərh etmək istərdik.

Birincisi, öyrənirik ki, ReAl sədri İlqar Məmmədov dəvəti qəbul etsə də görüşün Prezident Administrasiyasında olmasına qarşı çıxıb. O, “neytral zona”da görüşə razılaşıb və bu görüş də baş tutub. Qeyd etdiyimiz kimi, Administrasiyanın şöbə müdiri Ədalət Vəliyevlə bir araya gəliblər. Nəyi müzakirə ediblər? Bu haqda geniş bilgimiz yoxdur. Ümumi sözlər deyilir, biz də onun ətrafında fikir yürütmək istəməzdik.

Başqa bir siyasi qurumun – Müsavat Partiyasının başqanı Arif Hacılı isə görüşün yeri kimi öz təşkilatının qərargahını təklif edib. Açığı, buna İlqar Məmmədovun istəyindən daha artıq heyrət edirik.

Üçüncü bir tərəf də var. Əli Kərimlinin dəstəsindəkilər dövlət rəsmisi ilə görüşənləri satqın, xain adlandırır, sosial mediada təhqir atəşinə tutur.

Bu üç fərqli tərəf haqqında fikirlərimizi təqdim etmək istərdik.

İlqar Məmmədov dövlət təmsilçisinə şərt irəli sürməklə siyasi etikanı ayaqlar altına atıb. Bəli, məhz belə davranıb. Heç bir siyasi partiya-təşkilat rəhbəri, yaxud da siyasət adamı dövləti öz ayağına gətirməməlidir! Dövlət çağırdısa, gedəcəksən! Dövlətin ayağına gedəcəksən! Sənin dövlətindir, dəvət edirsə, “baş üstə” deyib gedəcəksən. Nə danışacaqsan, hansı razılığa gələcəksən, başqa məsələdir. Lakin dövləti ayağına gətirməyəcəksən, özün onun ayağına gedəcəksən! Dövlət ədəbi-əxlaqı bunu tələb edir!

Eyni sözləri Müsavat başqanı Arif Hacılı üçün də deyirik. Uzun illərdir siyasətdə olmaq, anlaşılan, bu adamın dövlət adamı kimi yetişməsinə səbəb ola bilməyib. O da İlqar Məmmədov kimi dövləti öz ayağına çağırıb! Olmaz belə şey! Bu davranış dövlət adamı olmamağın sübutudur, Arif bəy! Siz, belə anlaşılır ki, illərdir siyasətdə olduğunuz halda siyasətçi – dövlət adamı kimi yetişə bilməmisiniz.

İndi kimsə çıxıb deyə bilər ki, niyə Prezident Administrasiyasına getməli idi onlar? Bu sualın çox sadə cavabı var: dəvət edən tərəf dövlətdir də, ondan! Hə, əgər dəvət edən tərəf dövlət – Prezident Administrasiyası olmasaydı, başqa məsələ. Örnək üçün, bu təşəbbüs hakim Yeni Azərbaycan Partiyasından gəlsəydi, onda istənilən siyasətçi görüş yeriylə bağlı müzakirə aça, təklif verə bilərdi. Görüş üçün ya qərargah, ya da neytral bir yer seçilə bilərdi. Təbii ki, qarşılıqlı razılaşma əsasında. Lakin dövlət rəsmisi dəvət etdiyində bu müzakirənin yeri əsla və əsla yoxdur. Çünki dövlət yalnız onu idarə edənlərin deyil, lap elə müxalifətçilərin də doğma məkanıdır! Siyasətçi olaraq sizin yalnız iki seçiminiz var: ya ümumiyyətlə görüşdən imtina edirsiniz (bunun da məntiqini anlamaq mümkün deyil), ya da dəvəti qəbul edib dövlətin uyğun gördüyü yerdə görüşürsünüz. Belə davranmağı, təkrar edirik, dövlət ədəbi tələb edir.

Üçüncülərə – Əli Kərimlinin söyüş çetesinə gəlincə, bu adamlar elə həmişə belə də qalacaqlar anlaşılan. Adamın özü, örnək üçün, ABŞ səfiri çağıranda yüngülsaqqallıq edib uşaq kimi sevinə-sevinə onun ayağına gedir, di gəl ki, öz dövlətinin ayağına gedənləri satqın elan edir! Bu nə təfəkkürdür axı sizdə?! Dövlət, bir daha qeyd edirik, yalnız hakimiyyətdə olanların deyil. Bu, həm də müxalifətdə olanların və hər bir vətəndaşındır! Ona görə də siyasi mövqeyindən asılı olmayaraq hər bir vətəndaş dövlətə sayğılı davranmağa borcludur! Bunu anlamayanlarınsa dövlət idarəetməsinə yaxın belə buraxılmaması lazımdır!

Sonda bir daha qeyd edirik: siyasi partiyalarla bağlı bu açılım zəruridir, faydalıdır. Ona görə də hətta ən radikal müxalif mövqedə olanların belə təqdir etməsi lazımdır. O kəslər ki, bu açılımı təqdir etmir – etməyəcək, onların məqsədi hər nədirsə, Azərbaycanın faydası üçün deyildir.