16 yanvar 2020 19:26
2257

Dünya Astronavtika Konqresi 2022-ci ildə Azərbaycanda keçiriləcək

Bu günlərdə Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ölkəmizdə İKT-nin inkişafı ilə bağlı uğurlardan da bəhs olunmuşdur.

Əsası ABŞ-ın sabiq Prezidenti Ruzvelt tərəfindən qoyulmuş “100 günün hesabatı” ənənəsi xalqının etimadını qazanan liderlərin dövlət başçısı kimi görəcəyi işlərin xronikasıdır. Həmin dövrdə prezident və komandası üçün ölkənin siyasi-iqtisadi, strateji imkanlarını müəyyənləşdirmək baxımından çox əhəmiyyətlidir.

2003-cü ildə keçirilən prezident seçkilərində ümumxalq etimadı qazanaraq Azərbaycana başçılıq edən, bu ənənəyə sadiq qalan cənab İlham Əliyevin zəngin olan “100 gün”ünün hesabatı xarici ölkələrə səfərlər baxımından da yaddaqalan olmuşdur. O dövrdə Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin açılışında iştirak edən cənab İlham Əliyev prezident kimi, çıxış edərək bildirmişdir ki, kommunikasiya texnologiyaları bizim gündəlik həyatımızın tərkib hissəsinə çevrilmişdir. “Bu gün biz yeni informasiya cəmiyyəti haqqında söhbət edirik. Bu gün biz yeni informasiya idarəçiliyi haqqında söhbət edirik. Mən əminəm ki, bugünkü Sammitin qərarları xüsusilə gənc nəsil üçün çox əhəmiyyətli olacaqdır” söyləyən Prezident İlham Əliyev onu da vurğulamışdır ki, əslində gənclik yeni informasiya cəmiyyətini yaradan nəsildir.

Həmin Sammitdə ölkəmizin əlverişli coğrafi- siyasi mövqeyindən söz açaraq, Azərbaycanın qlobal enerji layihələrinin təşəbbüskarı olduğunu, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin vacib hissəsinə çevrildiyini bildirən cənab İlham Əliyev vurğulamışdır ki, bu layihələr, təhlillər vasitəsilə ölkəmizə yeni bizneslər, informasiya növləri gəlir. Tarixi hadisələr bu proqnozu da təsdiqlədi.

Azərbaycanda informasiya texnologiyalarının yaradılmasına, bu sahədə təkmil infrastrukturun qurulmasına göstərilən diqqət sayəsində respublikamız hazırda informasiya-kommunikasıya texnologiyalarının (İKT) inkişaf səviyyəsinə görə qabaqcıl ölkələrdən olmaqla, zəngin elmi potensiala da malikdir.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqini əsas prioritet kimi qarşıya qoyan cənab İlham Əliyevin imzaladığı “ Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması”, “Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamlar, “Azərkosmos” Açıq Səhimdar Cəmiyyətinin təsis edilməsi, Yerüstü Peyk- İdarəetmə Mərkəzinin yaradılması ölkədə kosmik sənayenin inkişafını sürətləndirdi. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi ilə azsaylı kosmik ailənin üzvlərindən olan ölkəmizdə “fəza elmi”nə diqqət artırıldı. Qısa müddətdə ən yüksək texnologiyaların tətbiqi, yaradılan imkanlar hesabına Azərbaycan orbitə üç peyk çıxardı. Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələrini əhatə edən “Azerspase-1”, informasiya müstəqilliyini və təhlükəsizliyini təmin edən telekommunikasiya peyki, “Azersky” müşahidə peyki, “Azerspase-2” kosmik sənayemizi inkişaf etdirməklə yanaşı, kommersiya xarakterli, ölkəmizə sərmayə qazandıran önəmli layihədir.

Qarşıya qoyulan məqsədlərə çatmaq, nəzərdə tutulan hədəflərin sistemli şəkildə həyata keçirilməsi üçün müəyyənləşdirilən Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın tətbiqi ilə internet iqtisadiyyatı inkişaf etdirildi. İnternet iqtisadiyyatını təkmilləşdirməklə yeni sahələrin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradılır, dövlət orqanlarının informasiya resursları və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə maarifləndirmə təmin olunur. Görülən işlərin davamlılığının təmin edilməsi və milli potensialın gücləndirilməsi üçün İKT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığına diqqət artırıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı””nda İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prioritet istiqamət kimi qarşıya qoyuldu. Əhalinin İKT-nin xidmətlərindən bəhrələnmə imkanının genişləndirilməsi, biliklərinin artırılması, görülən işlər və mövcud imkanlar barədə vətəndaşların məlumatlandırılması işi asanlaşdırıldı. Ölkəmizdə informasiya cəmiyyəti quruculuğu sürətləndirildi, hədəflərə çatmaq üçün mühüm addımlar atıldı.

Təcrübə, son illərdə dünyada baş verən hadisələr göstərir ki, yalnız qüdrətli dövlətlərdə kosmik sənayeni yaratmaqla İKT-nin iqtisadiyyatın bütün sahələrdə tətbiqinə nail olmaq mümkündür. Qitələrarası əməkdaşlğı möhkəmləndirən, coğrafiyası genişlənən qlobal enerji, nəqliyyat layihələrinin reallaşmasında təşəbbüskar kimi rolu artan Azərbaycanın informasiya-texnologiyaları sahəsində də liderliyini qoruması XXI əsrin çağırışlarına cavabdır.

Müasir dövrümüzdə ən güclü silahlardan da təhlükəli olan informasiya mübarizəsində həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da İKT-nin rolu əvəzsizdir . “Biz xarici informasiya məkanına çıxışımızı daha da genişləndirməliyik. Bu istiqamətdə yaxşı nəticələr var. Mən xatırlayıram, jurnalistlərlə əvvəlki görüşlərimdə də bunu demişdim. Demişdim ki, daha çox xarici dillərdə saytlar açılsın, biz daha çox xarici informasiya məkanına çıxaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal aparıcı media qurumlarına çatdıra bilək” söyləyən cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında İKT-nin rolunu yüksək qiymətləndirir.

 Bu günlərdə Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ölkəmizdə İKT-nin inkişafı sahəsində qazanılan uğurlardan da bəhs olunmuşdur.

Prezident İlham Əliyevin “Mən bir beynəlxalq tədbirə də diqqət yetirmək istərdim. Bu da keçən il Vaşinqtonda keçirilmiş Dünya Astronavtika Konqresidir. Bu, astronavtika sahəsində ən mötəbər tədbirdir. Bu konqres çərçivəsində Dünya Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu da çox önəmli hadisədir - həm konqresin keçirilməsi böyük hadisədir, eyni zamanda, Bakı ilə bərabər, daha üç böyük şəhər bu yarışda iştirak edirdi - Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri. Bu çətin yarışda Azərbaycan qalib gəldi. Yəni, bu, bizim gördüyümüz işlərə böyük diqqətdir və bütövlükdə Azərbaycana göstərilən növbəti etimaddır” söyləyən cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç təbii sərvətə malik olmayan elə ölkələr vardır ki, yalnız İKT-nin inkişafı ilə dünya birliyində tanınır.

Kosmik sənayenin inkişafı istiqamətində böyük uğurlar qazanan ölkəmizin nailiyyətlərinin Beynəlxalq Astronavtika Federasiyasının (BAF) Baş Assambleyasında keçirilən, ABŞ-ın vitse-prezidenti cənab Pensin də iştirak etdiyi seçkilərdə də təsdiqlənməsi Azərbaycanın İKT-sahəsində qazandığı uğurlara beynəlxalq səviyyədə verilən qiymətditr.

Xatırladaq ki, Sovet İttifaqında ilk və yeganə konqres də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Bakıda keçirilmişdir. Ölkəmizin illərdən sonra bu şansı qazanması, Azərbaycanı zirvələrə yüksəldən, respublikamızın kosmosda təmsilçiliyi üçün siyasi iradə göstərən dövlət başçımız İlham Əliyevin varislik ənənələrinə sadiqliyidir. Təxminən 6-7 min xarici qonağın iştirakının gözlənildiyi həmin konqres ölkəmizdə kosmik sənayenin inkişafı üçün yeni imkanlar yaradacaq.

“XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, astronavtika sahəsində əldə edilmiş uğurlar böyük biznesin dəstəyi ilə baş verir. Ölkəmizə inam onu göstərir ki, qitələr, sivilizasiyalararası körpü rolunu uğurla davam etdirən Azərbaycan kosmik sənayenin inkişafında da önəmli addımlar atır. Beynəlxalq astronavtika aləminin inanılmış üzvü kimi ölkəmizə etimad göstərilir.

Kosmik sənaye sahəsində çalışan mütəxəssislərin hazırlığının diqqətdə saxlanılması, ümumtəhsil müəssisələrində informasiya texnologiyaları üzrə fənnin tədrisində əyani vəsaitlərdən istifadə, informatika kabinələrinin yaradılması, “Bir şagird, bir kompyuter”, “ Xalq kompyuteri” layihələrinin həyata keçirilməsi, Mingəçevirdə “Kür” adlı kompüterlərin istehsalına başlanılması, ölkə əhalisinin 80 faizdən artığının internet istifadəçisi olması Azərbaycanda informasiya texnologiyalarının inkişafına əyani sübutdur. Hazırda ölkəmizin orta və ali təhsil müəssisələrində yaradılmış kompyuter otaqlarında ən müasir informasiya texnologiyaları vasitələri gənclərin istifadəsinə verilib.

“Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir” söyləyən cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan və dünyada anoloqu olmayan layihə kimi, maraq doğuran “ASAN xidmət”, Dayanıqlı və Operativ Sosial Dəstək (DOST) mərkəzlərində, vergi və gömrük orqanlarında, biznes sahəsində aparılan əməliyyatlar zamanı istifadə olunan texnologiyalar insanların həyat tərzini də asanlaşdırır. İndi demək olar ki, respublikanın ən ucqar kəndlərinin sakinləri belə internet şəbəkəsinin xidmətindən istifadə edirlər. Hazırda ölkə iqtisadiyyatının 85 faizini təşkil edən qeyri-neft sektorunun inkişafında xidmətləri olan iş adamlarını, fermerləri maraqlandıran məlumatların sistemləşdirilməsi, internet vasitəsilə həyata keçirilməsi, “bir pəncərə” layihəsinin tətbiqi, pensiya sistemində yaranan yeniliklərin əhaliyə İKT vasitəsilə çatdırılması bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir.

 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən İKT sahəsindəki prioritetlərdən söz açan Prezident İlham Əliyev 20 ildən artıqdır ki, ölkəmizdə keçirilən “Bakutel” sərgilərinə artan marağı diqqətə çatdırmışdır. “ Bir halda ki, Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiberoptik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir” söyləyən cənab İlham Əliyev vurğulamışdır ki, Azərbaycan yüksək texnologiyalar sahəsində də liderlik mövqelərini qorumalıdır.

Xuraman İsmayılqızı, “İki sahil”