29 sentyabr 2020 18:40
5224

Düşməni heyrətə gətirən “Qarabağ şahini”

Erməni yaraqlıları  beş  gün bir dəstə hərbçi ilə yox, tək-tənha azərbaycanlı əsgərlə döyüşdüklərini biləndə mat qaldılar

Mingəçevirdəki Şəhidlər xiyabanında Vətən uğrunda itkin düşənlərin rəmzi məzarları sırasında iyirmi iki yaşlı Natiq Qasımovun  şəkli  olan lövhədə 17 rəqəmi  yazılıb. Öldüsü-qaldısı bu günəcən dəqiq bilinməyən  bu qəhrəmanın haqqında yazılanları  həyəcansız oxumaq  olmur. Natiqin üzünü görməyənlər belə 28 ildir ki, onun yolunu intizarla  gözləyirlər.

Bayraqdar “Qarabağ şahini”  haqqında keçmiş, yaxud da indiki zamanda danışmağı,  hətta azərbaycanlı  olmayan  jurnalistlər belə öz  peşə etikasına sığışdıra bilmirlər. Əslində hər şey Moskvada  nəşr olunan  populyar “Oqonyok” jurnalının 1992-ci il tarixli aprel sayında (№ 14-15)  işıq üzü görən  məqalə və  italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi şəklin dərc olunması ilə başladı. Şəkildə dinc Xocalı sakinlərinin həyatı naminə Natiq Qasımov əlində üçrəngli milli bayrağımızla təslim olmağa məcbur edildiyi iki saqqallı erməni yaraqlısının arasında məğrurcasına addımladığı görünürdü.

O zaman  Natiq Səlim oğlu Qasımovun  21 yaşı yenicə tamam olmuşdu. 2 yanvar  1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində dünyaya göz açan  bu cəsur Azərbaycan oğlu kiçik yaşında  ailəsi ilə birgə Mingəçevir şəhərinə köçüb,  burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdı. Azərbaycan DRES-də çilingər, “Kosmos” kinoteatrında kinomexanik işləmişdi. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçmiş Natiq 1991-ci ildə ordudan tərxis olunduqdan sonra vətənə qayıdır və düz 20 gün sonra könüllü olaraq cəbhə bölgəsinə yollanır. “Qarabağ şahinləri” batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə  iştirak edən Natiq Xramord kəndindəki yüksəkliyi ələ keçirmək əmrini yerinə yetirərkən döyüş yoldaşları həlak olur və o,  Əsgəran yaxınlığında üzərinə Azərbaycan bayrağı sancılmış Alban kilsəsində təkbaşına mübarizəsini davam etdirir. Böyük itkilər verən erməni yaraqlıları kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edərək girov götürdükləri Xocalı sakinlərindən birini – Cəfər müəllimi Natiqlə danışığa  göndərirlər.  Adətən, müharibədə təslim olanlar düşmən qarşısına ağ bayraqla çıxırlar. Lakin son gülləsinədək vuruşmağı üstün tutan Natiq düşmən qarşısına üçrəngli bayraqla çıxır, bildirir ki, mən təslim oluram, amma dinc əhaliyə dəyməyin. Kilsənin  içərisində Natiqin tək  olduğunu  biləndə ermənilər həm pərt olub qəzəblənir, həm də heyrətdən mat qalırlar. Bayrağı əldən verməyən Natiqi  xarici jurnalistlərin gözü qarşısında maşına qədər bayraqla aparmağa məcbur olurlar. İtaliyalı  fotomüxbir Enriko Sarzininin fotokamerası axşamın toranında əlində bayraq düşmənə gözləri nifrətlə zillənmiş Natiqə tərəf yönəldi...

1992-ci ildə "Oqonyok" jurnalında çıxan bu  məlumatı  Milli Məclisin deputatı  Aydın Mirzəzadə "Qarabağ düyünü" kitabına daxil etmişdir. Girovluqdan azad ediləndən sonra Cəfər Cəfərov  isə  hadisəni Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına danışıb.

 Əslində rus jurnalisti  Konstantin Smirnov   Natiq Qasımovun düşmənə əyilməzliyini, qorxmazlığını və cəsarətini  keçmiş ittifaqda  dildən-dilə salmışdı. O, üzərində bayrağımız sancılmış kilsədə beş gün ac-susuz qalıb düşmənə müqavimət göstərmişdi.  Sonradan ermənilərin yazdığına görə, Natiq Qasımovdan uzun zaman döyüşməyinin səbəbini soruşduqda, o, “Bayrağımı qoyub postu tərk edə bilməzdim” cavabını vermişdi.  Erməni  analitikləri  əsir olarkən əlində bayraq qürurla addımlayan Azərbaycan döyüşçüsü haqqında danışanda etiraf edirdilər ki, Qarabağ savaşında erməni tərəfində belə bir nümunə aşkar olunmayıb.

“Oqonyok” jurnalındakı məqalədən sonra Natiqin qohumları Konstantin Smirnovla görüşüblər. Rusiyalı jurnalistin sözlərinə görə, Qarabağdan gedəndə Natiq hələ sağ imiş və söz  verib ki, onun axtarışında əlindən gələni edəcək, amma sonra naməlum səbəblərdən vədinə əməl etməyib. Təbii  ki,  redaksiya şurasında  Y.Əlixanyan-Bonner kimi qatı millətçinin və V.Korotiç adlı ermənipərəstin təmsil olunduğu “Oqonyok”un müxbirinin  bu imtinasının səbəbi məlum idi.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər Natiq Qasımovun əsir götürülməsini inkar edir. Dövlət Komissiyasının dəfələrlə müraciətinə baxmayaraq, Natiqin taleyi barədə Azərbaycan və beynəlxalq təşkilatlara məlumat verilmir.

 Ötən il  isə  internetdə “1992- ci ildə əsir götürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır “ adlı yazılar paylaşıldı. Türkiyədə fəaliyyət göstərən "ASASmedya" Ermənistanda əsir saxlanılan Natiq Səlim oğlu Qasımovun tapılması üçün pul mükafatı təyin etdi. “ASASmedya.info” xəbər verirdi ki, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcək.

 Natiqin qardaşı Nöfəl Qasımovun ailəsi də bu xəbərə görə həm sevinib, həm də sarsılıb: “Bu xəbər qaysaq bağlamış yaramızı göynədir. Mənim yaşlı anam 27 ildir ki, oğul yolu gözləyir. Biz də inanırıq ki, o, sağdır. Maraqlandım, gördüm ki, bu xəbər türk mətbuatında da yayılıb. Vaxtilə Allahverdi Bağırov deyirdi ki, guya Natiqi yandırıblar.  Amma 1993-cü ilin axırlarında Gürcüstandan tanımadığım  İsmayıl Axundzadə adlı biri  gəlib məlumat  verdi ki, Natiq sağdır, onu kimya zavodunda işlədirlər... Bizi qınamayın, ümidimizi qıra bilmirik. İtki çox ağır dərddir... ” Anası və qardaşı  onun sağ olduğuna inanırlar. Natiqin hələ uşaq olarkən yuxuda gördüyü onu qoruyan göy qanadlı mələyin indi də bu qəhrəmanı qoruduğuna əmindirlər.

21 yaşında əfsanəvi “Mixaylo”nun (Mehdi Hüseynzadənin) qəhrəmanlığını təkrarlayan Natiq hər bir vətənpərvər Azərbaycan gənci üçün igidlik nümunəsidir. Gədəbəyli gənclərin təşəbbüsü ilə  keçirilən “O Bayrağı yaşatdı, Biz də Onu yaşadaq!” aksiyası  nəticəsində beş  il əvvəl Mingəçevir şəhərində Natiq Qasımovun adını daşıyan Xatirə bulağı əsaslı  təmir edilib.

  Natiq Qasımovun qəhrəmanlığı haqqında xeyli məqalələr, bədii əsər yazılıb, sənədli film çəkilib. Xalq şairi  Fikrət Qoca “Bayraq tutan oğullar”, Alim Fərzəliyev “Qeyrət qalası” poemalarını Natiqə həsr ediblər. 2016-cı ildə “Azərbaycanfilm”in istehsalı olan “Natiq Qasımov” adlı sənədli filmdə qəhrəmanın anası, qardaşı, dostu, döyüş yoldaşı, həmin vaxt Natiqin igidliyinin canlı şahidləri olan Xocalı sakini Cəfər Cəfərov, 22 əsirin azad edilməsi üçün təslim olan Natiqin həmin vaxt əlində bayraq şəklini çəkən “SİPA“ fransız agentliyinin fotoqrafı Enriko Sarzini, "Oqonyok " jurnalının əməkdaşı Konstantin Smirnov xatirələrini danışırlar. Natiq əsirləri xilas etmək üçün könüllü təslim olduqdan sonra ermənilərin onu sorğu-sual etdikləri zaman orada olan fransız fotoqrafın dedikləri: “Təbii ki, bütün əsir düşən insanlar kimi gərgin idi. Amma qorxu hissindən söhbət gedə bilməzdi. Kifayət qədər cəsur insan idi. Mənim yanımda ona işgəncə verilmədi. Sonra nə olduğunu bilmədim.“

Xatırladaq  ki,  Mədəniyyət  Nazirliyinin sifarişi ilə   istehsal edilən “Natiq Qasımov”  sənədli filminin ssenari müəllifi və rejissoru Əməkdar incəsənət xadimi Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, prodüseri Əməkdar incəsənət xadimi Müşfiq Hətəmovdur.

Nurəddin Muğanlı, “İki sahil”