15 iyul 2020 18:40
1013

Düşmənin 100-dən artıq canlı qüvvəsi, xeyli sayda hərbi texnikası məhv edilib

Ermənistan tərəfinin ölənlərin sayını gizlətməsi onların mənfur siyasətinin daha bir nümunəsidir

 

İyulun 12-də Ermənistanın Azərbaycana təxribatının şahidi olduq. Bu gün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə işğalçı ölkənin bu təxribatı törətməsi təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə qarşıcinayətdir. Azərbaycanın Tovuz rayonu ərazisində sərhədlərimizin artileriyadan atəşə tutulması, atəşkəs rejimini kobud şəkildə pozulması bilavasitə Ermənistan rəhbərinin tapşırığı ilə həyata keçirilir. Bu tipli təxribat ilk dəfə deyil. Azərbaycan Silahlı Qüvvələri hər zaman olduğu kimi, bu dəfə də işğalçı dövlətin silahlı qüvvələrinin hücum cəhdinin qarşısını layiqincə alıb. Ordumuz düşmənin 100-dən artıq canlı qüvvəsini, xeyli sayda hərbi texnikasını məhv edib. Ermənistan tərəfinin ölənlərin sayını gizlətməsi də onların mənfur siyasətinin daha bir nümunəsidir.

Bu gün hər kəsə məlumdur ki, Ermənistanın daxilində ictimai-siyasi vəziyyət son dərəcə kəskinləşərək artıq böhran həddinə çatıb. Ermənistanda müxalifətin getdikcə daha çox nüfuz qazanması, vətəndaşlar arasında çaxnaşmaların geniş vüsət alması sözsüz ki, Paşinyan rejimini radikal addımlar atmağa vadar edir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurub. Ölkəmizin qazandığı diplomatik uğurlar, dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş əks-səda doğurması işğalçı Ermənistanı narahat edir. Bu səbəbdən işğalçı ölkə yeni təxribatlara əl atır. Azərbaycan Prezidentinin ən mötəbər beynəlxalq təşkilatların yüksək tribunasından səsləndirdiyi sərt bəyanatlar, bölgənin tarixi ilə bağlı gətirdiyi konkret fakt və dəlillər, inkarolunmaz əsaslandırmalar, əlbəttə ki, erməni təbliğatını tamamilə alt-üst edir. Son günlər Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat isə rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.

Azərbaycan-Ermənistan sərhədində baş vermiş 12 iyul təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Bu reaksiya Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin son dərəcə yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Bu gün əli silah tutmağı bacaran kəs özünü heç bir tərəddüd etmədən Ali Baş Komandanın ehtiyatda olan müsəlləh əsgəri hiss edir və buna hazırdır. Bu isə Azərbaycan xalqının və ictimaiyyətinin öz liderinə inamından irəli gəlir. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordularından biridir. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir və buna hər an hazırdır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışında qeyd olunduğu kimi, həyata keçirilən əks-əməliyyat nəticəsində Ordumuz tərəfindən düşmənə yetərincə adekvat cavab verilib. Daha doğrusu, hər zaman olduğu kimi, şəhidlərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. İşğalçı Ermənistan dövləti, onun bugünkü rəhbəri və onu dəstəkləyən qüvvələr çox gözəl dərk edirlər ki, Azərbaycanın dövlət bayrağının işğal altında olan ərazilərimizdə dalğalanacağı gün yaxındadır.

Nigar Orucova“İki sahil”