30 yanvar 2019 19:41
694

Əbülfəs Qarayev italiyalı kinematoqrafçılarla görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sədri, italiyalı aktyor Rimo Gironenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Əbülfəs Qarayev iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivlərindən danışaraq, ilk dəfə keçirilən bu festivalın kinematoqrafiya sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini və bu kimi tədbirlərin qarşılıqlı mədəni mübadilə üçün şərait yaratdığını vurğulayıb.

Görüşdə Mədəniyyət Nazirliyi və İtalyanın film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti” nəşriyyat evinin birgə dəstəyi ilə keçirilən festivalın İtaliya və Azərbaycan kino sənayesinin təbliğ və inkişaf etdirilməsinə xidmət etdiyi qeyd olunub. Həmçinin görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında yeni layihələrin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb və bu əlaqələrin daha da dərinləşdirilməsi üçün bir sıra işlərin görülməsi vurğulanıb.

Nəşriyyat evinin təsisçisi Sandro Teti səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib, həmçinin Azərbaycan ilə mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da inkişafına inamını ifadə edib.

Eyni zamanda, nazir İtaliya hökumətinə festivalın keçirilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.