20 noyabr 2020 15:46
898

Ədliyyəmizin 102 illik şərəfli yolu həm də Böyük Qarabağ zəfərindən keçdi...

Azərbaycan Ədliyyəsinin 102 illik tarixində ilk dəfədir ki, 22 noyabr Ədliyyə işçilərinin peşə bayramını belə yüksək ovqatla, əsl bayram əhval-ruhiyyəsi ilə qarşılayırıq. Bu da təsadüfi deyil. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən Qarabağımız və digər tarixi ərazilərimiz, rayon və şəhərlərimiz düşmən işğalından azad edilib, bu gün Şuşada, Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda, Ağdamda və başqa şəhərlərimizdə, qəsəbələrimizdə Azərbaycanın üçrəngli bayrağı vüqarla, əzəmətlə dalğalanır. Qarabağın azadlığı 102 yaşlı Azərbaycan ədliyyəçilərinin peşə bayramına misilsiz hədiyədir, töhfədir. Biz indiyə qədər belə sevinclə, böyük ruh yüksəkliyi ilə öz peşə bayramımızı qeyd etməyə hazırlaşmamışdıq. Bu möhtəşəm duyğunu bizə Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməklə müzəffər ordumuz yaşatdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin illərlə apardığı uğurlu xarici siyasətin, atdığı diplomatik addımların nəticəsində və eyni zamanda, çox yüksək peşəkarlığa, unikal döyüş taktikasına, böyük ruh yüksəkliyinə, qələbə əzminə malik ordumuzun gücü sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradıb qalib çıxdı, zəfər qazandı. Ordumuz torpaqlarımızı işğaldan azad edərək zəfər dastanı yazdı. Sevinirik ki, bu qürurverici tarixi kitablardan oxumadıq, Azərbaycan əsgərinin silahı ilə yazdığı zəfər dastanlarını dillərdən eşitmədik, məhz şahidi olduq. Bu dastanlar, bu tarixlər gözlərimiz qarşısında Azərbaycan əsgərinin müəllifliyi ilə yazıldı.

Əzəli Azərbaycan torpağı olan Qarabağda-Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Füzulidə  və digər azadlığına qovuşan rayonlarımızda Azərbaycan ədliyyəçilərinin fəaliyyətinin çox yaxın zamanlarda bərpa olunacaq və ədalət keşikçiləri, qoruyucuları Ali Baş Komandanımızın haqq-ədaləti bərqərar etdiyi, əyilmiş mizanını nizamladığı torpaqlarımızda xidmət göstərəcəklər...O gün çox yaxındadır...

Artıq Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazi bütövlüyü təmin edilib. Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri tərəfindən üçtərəfli bəyanat imzalanıb. Bu bəyanat Azərbaycanın cəbhədə və siyasi-diplomatik müstəvidə Qələbəsi, Ermənistanın isə kapitulyasiyası-məğlubiyyətinin təsdiq edilməsidir. 

Azərbaycan ədliyyəsinin tarixinə baxış...

Azərbaycan ədliyyəsinin tarixi Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündən başlayır. 28 may 1918-ci ildə yaradılan Ədliyyə Nazirliyinin ilk rəhbəri Xəlil bəy Xasməmmədov olub. Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayır, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilir, binalar qaydaya salınır, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilir. Həmçinin ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilir, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilir.

Bolşevik Rusiyasının işğalı nəticəsində AXC süqut etdi və Ədliyyə Nazirliyi ləğv edilərək  onun yerində  Xalq Ədliyyə Komissarlığı yaradıldı. Azərbaycanda Ədliyyə Nazirliyinin yenidən yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlandı...

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Ədliyyəmizin bu günü...

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin məhkəmə sistemində əsaslı islahatlar aparıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl məhkəmə–hüquq islahatları sayəsində Azərbaycanın hüquq sistemində fundamental dəyişikliklər həyata keçirilərək, qısa müddətdə yeni mütərəqqi qanunlar qəbul edildi. Bundan əlavə, 3 pilləli yeni məhkəmə sistemi yaradıldı ki, bunun da əsasında yeni məhkəmə sisteminin fəaliyyətə başlaması üçün hakimlərin şəffaf prosedurdan sonra beynəlxalq tələblərə uyğun test üsulu ilə imtahan və müsahibərlə seçilməsi reallığa çevrildi. Ölkə Prezidentinin yanında Məhkəmə-Hüquq Şurasının əsası qoyuldu. Bu qurum  tərəfindən hakimlərin göstərilən tələblər səviyyəsində seçilməsi əsas prinsipə çevrilərək seçilmiş şəxslərin sırasında müxtəlif təbəqələrin nümayəndələri geniş təmsil olunur. Bununla ölkədə müstəqil məhkəmə hakimiyyətinin yaradılması istiqamətində kifayət qədər böyük iş görüldü. Son bir ildə  Azərbaycanda məhkəmə-hüquq sistemi islahatlar baxımından yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə bütün sahələrdə aparılan islahatların statistikası onu deməyə əsas verir ki, bu dəyişikliklər nəinki təkcə iqtisadi-sosial sferalarda  baş tutur, eyni zamanda, kadr və struktur sahəsində də önəmli yenilənməyə, innoviativ tətbiqlərə yol açır. Bu baxımdan aparılan islahatlar, şübhəsiz ki, məhkəmə-hüquq sahəsindən də yan keçməyib.

Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı qəbul edilib.

Həmin Fərmanda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində digər mühüm tədbirlərlə yanaşı, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə ölkə Prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə yeni regional kommersiya və inzibati məhkəmələr yaradılıb. Məhkəmə-hüquq sistemi üçün “yol xəritəsi” olan Fərmanın icrasına təxirə salınmadan başlanılaraq qısa müddətdə kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülüb.

2019-cu ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketini imzaladı. Bildirim ki, məhkəmə-hüquq sistemində islahatların növbəti mərhələsinin əsası Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə qoyulub. Fərmanda islahatların əsas istiqamətləri müəyyən edilmiş, hər bir sahə üzrə müvafiq dövlət qurumlarına tapşırıq və tövsiyələr verilmişdir.

İslahatların institusional komponentini əhatə edən ilk qanunvericilik aktları paketi ötən ilin iyul ayında qəbul edilmişdir. Bu normativ sənədlər toplusuna daxil olan qanunlarla iki ayrıca, ixtisaslaşmış məhkəmələr inzibati və kommersiya məhkəmələri sistemi yaradılmışdır. Həmçinin məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması prosedurları sadələşdirilərək işə birbaşa kassasiya instansiyasında və yalnız yazılı icraat qaydasında baxılması qaydası müəyyən edilib. Hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər olunub.

Cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə qəbul olunmuş yeni qanunlar iki istiqaməti - vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi, o cümlədən özəl məhkəmə ekspertizası institutunun yaradılmasını əhatə edir.

Pərviz Hacıyev,
Azərbaycan Respublikası Şəki rayon Məhkəməsinin hakimi