27 yanvar 2021 16:50
1157

Ekspert: “Pul kütləsinin artımının ciddi inflyasiya yaradacağını gözləmək olmaz”

Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi ötən il 2006-cı ildən bəri ən yüksək həddə (13,4% artaraq 10,773 milyard manata) çatıb (apa). 

Dövriyyədə olan nağd pul kütləsinin artımı nə ilə izah edilə bilər?

İqtisad üzrə fəlsəfə doktoru, ekspert Xalid Kərimli deyir ki, ölkədə pul bazasının artması Mərkəzi Bank tərəfindən aparılmış pul siyasətinin nəticəsidir.

Ekspert məsələni “İki sahil”ə şərh edərkən bildirib ki, Mərkəzi Bank iqtisadi artımı stimullaşdırmaq üçün ucuz pul siyasəti həyata keçirir. Mərkəzi Bank 2020-ci ildə bir neçə dəfə uçot dərəcəsini aşağı salıb. Bununla paralel sürətdə pul kütləsi də artırılıb.

X. Kərimlinin sözlərinə görə, burada əsas məqam həm də ilin sonunda- dördüncü rübdə dövlət büdcəsinin xərclərinin artmasıdır. Yəni büdcənin icrası zamanı ödənişlər daha çox dördüncü rübə düşdüyündən pul kütləsi də təbii olaraq artır.

Bəs pul kütləsinin artması nə ilə nəticələnə bilər?

Ekspert hesab edir ki, burada risk inflyasiyanın artımı amilidir:

“Eyni zamanda, nəzərə alsaq ki, 2020-ci ildə, xüsusən də pandemiya nəticəsində insanların gəlirləri azalıb, istehlak tələbi enib. Bir çox ərzaq məhsullarının qiymətinin artmasına baxmayaraq, inflyasiyanın ümumi səviyyəsi hökumətin proqnozlaşdırdığı 2-6 faizlik səviyyənin aşağısında (2020-ci ildə 2,8 faiz olub) qərarlaşıb. Çünki, karantin tədbirləri səbəbindən insanların gəlirlərinin azalması, məşğulluğun səviyyəsinin enməsi inflyasiyaya azaldıcı təsir edir, onun yüksəlməsinə imkan vermir. Bu baxımdan da pul kütləsinin artımının ciddi inflyasiya yaradacağını gözləmək olmaz”.

X. Kərimli qeyd edib ki, ümumi şəkildə pul kütləsinin genişləndirilməsi, faiz dərəcələrinin aşağı endirilməsi Mərkəzi Bank tərəfindən işgüzar fəallığın artırılması istiqamətində atıaln addımdır.       

Ceyhun Piriyev, “İki sahil”