KÖŞƏ

Vəli İlyasov

Əli Kərimli, mediaya təzyiq etmək kişilik deyil!

11 sentyabr 2019 10:43
381

Bu sözləri ona keçmiş ANSçi, hazırda müxalifətdə olan jurnalist İsmayıl Cəlilov deyib.

Buna səbəb İsmayıl Cəlilovun internet televiziya kanalının efirində Əli Kərimli haqqında loyal tənqidi fikirlərin getməsinə əvəz olaraq AXCP-nin trol dəstəsinin onu ən nalayiq söyüşlərə məruz qoymasıdır.

AXCP sədrinin  ən kiçik tənqidə belə dözümsüz olduğu məlumdur. Onun hətta partiya daxilində Afrika cəngəlliklərinin qanunlarını tətbiq etdiyi də deyilir. Zahirdə söz azadlığından, demokratiyadan gen-bol danışan bu adamın sosial şəbəkədə yaratdığı trol dəstəsinin əsas funksiyası ən kiçik tənqid səsləndirənlərə total hücumun edilməsi, söyüş və təhqirlərlə qarşı tərəfin susdurulmasıdır. “Xüsusi təyinatlı trol dəstəsi”nin  tərəfindən bu taktika 2005-ci ildən sonra tətbiq olunur və araşdırmalar göstərir ki, Azərbaycanın siyasi həyatına  trolluğu da məhz o gətirib.

İsmayıl Cəlilovun məruz qaldığı təhqir və təqib onu  göstərir ki, Əli Kərimli düşüncəsindən, mövqeyindən asılı olmayaraq, ona qarşı çıxan hər kəsi düşmən gözündə görür. İsmayıl Cəlilov deyir: “Efirimdə Əli Kərimli yumşaq formada tənqid olunmuşdu, heç bir təhqir yox idi, sadəcə olaraq, mövcud vəziyyətdə gücsüz olduğu deyilmişdi. Bundan sonra AXCP-nin trolları tökülüşdü üstümə, iki gündür “Facebook” və “Youtube” səhifəmdə ana-ata söyüşlərinə məruz qalıram, iki gündür bu söyüşləri silməklə məşğulam. Adi bir tənqidə bu qədər söyüşlə cavab verən qrupa nə deyəsən?!”

Müəllif qeyd edir ki, Əli Kərimli dəvətlərimə baxmayaraq, mənim efirimə gəlmir: “Çünki mənim izləyicilərim azdır. Bunu anlayıram, amma izləyicisi az olan bir kanaldan niyə bu qədər qorxursunuz, Əli bəy. Nəyə görə ata-ana söyüşləri yağdırırsınız?! Bunlar hakimiyyətin yox, sənin tərəfdarlarındır. Tərəfdarlarına göstəriş ver ki, mediaya hücum etmək olmaz. Siz susmağınızla media tərəfindən rəğbət qazanmırsınız. Nədən qorxursunuz, niyə mediaya təzyiq göstərirsiniz, sizin ardınızca gedən məxluqlar niyə mənim sosial şəbəkə səhifələrimi alçaqcasına təhqir edir?”

Bloqger Əli Kərimliyə xitabən vurğulayır ki, kiçik tənqidə görə bu qədər söyüş söymək, mediaya təzyiq etmək kişilik deyil:

“Sevinc Osmanqızının kanalında hər gün danışmağa vaxt tapırsınız, lakin bir dəfə belə gələcək haqqında, platformanız haqqında danışmamısınız. Mən sizin gələcəklə bağlı fikirlərinizi bilmək istəyirdim, lakin görün tərəfdarlarınız hansı biabırçılığı yaradır? Belə liderlik olmur, Əbülfəz Elçibəyin irsini çamura bulaşdırmayın. Sizin yolunuzu gedənlər Elçibəyə layiqdirmi? Trollarınız müstəqil medianı təhqir edir, bu kişilikdir? Sənin haqqında bir cümlə tənqid gedib, mən bunu sərlövhəyə çıxarmışam, bu mənim haqqımdır. Əli Kərimli, açıqlayın, siz Azərbaycanın gələcəyini necə görürsünüz, müstəqil mediaya alçaqcasına hücum edən iqtidarmı quracaqsınız? Budurmu Azərbaycanda qurmaq istədiyin gələcək, əgər bu deyilsə, niyə tərəfdarlarınız belə alçaq hərəkət edir. Sizin tərəfdarlarınız özünə çoban axtaran sürüdür. Məgər Əli Kərimli peyğəmbərdir ki, onu tənqid etmək olmaz?! Siz hansı haqla müstəqil mediaya təzyiq edirsiniz? 4 min izləyicisi olan kanaldan qorxursunuz? Budurmu sizin azad, demokratik ideyalarınız?!  Tüpürələr belə ideyalara. Mən müxalifətdən belə alçaq hərəkət gözləmirdim, ana söyüşünə qədər eşitdim, daha nə edəcəksiniz? Yəqin siz iqtidara gələndə medianı kökündən bağlayacaqsınız. Sizin qurmaq istədiyiniz Azərbaycandan qorxuram”.

Qorxma İsmayıl, Əli Kərimli bu ağılla, bu təfəkkürlə və iyrənc əməllərlə heç vaxt ayağını hakimiyyət kandarına belə basa bilməyəcək. Onun yeganə qazancı haram qrant və ianə pulları, bir də xəyanət etdiyi Azərbaycan xalqının qatı nifrəti olacaq.

Vəli İlyasov
Qiymət: O
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...