04 iyun 2019 20:47
1586

Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” sərlövhəli məqaləsində də bu inamı ifadə edir ki, Ermənistanın yeni rəhbərliyi birinci prezidentin acı təcrübəsini nəzərə alaraq, çoxdan gözlənilən sülhü əldə etmək istiqamətində əməli addımlar atacaq

Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki, tarix heç nəyi silmir, zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən  dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən  “həqiqətə həqiqət gözü ilə baxaq” çağırışı erməniləri və onların havadarlarını narahat etsə də, unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər. Beynəlxalq hüququn əsas prinsiplərindən biri  Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit olunmuş  hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığıdır.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” sərlövhəli məqaləsində də əsas diqqət göstərilən məqamlardan biri münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğudur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Dağlıq Qarabağ regionunun Azərbaycana mənsub olmasının birmənalı şəkildə təsbit edildiyini önə çəkən akademik bildirir ki, bu sənədlər, eyni zamanda, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, onun beynəlxalq sərhədlərinin toxunulmazlığını və ərazilər əldə olunması üçün güc tətbiq edilməsinin yolverilməzliyini təsdiq edir. Bu qətnamələrdə təsbit olunmuş tələblərdən biri bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması barədədir.

Azərbaycan dövlətinin dəyişməz mövqeyini ən yüksək tribunalardan bəyan edən dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Ölkə Prezidenti bu bəyanatı da səsləndirir ki, münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

O da məlumdur ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatında dəyişiklik edilməsinə, tərəf kimi qondarma rejimin də danışıqlar prosesinə qatılmasına cəhdlər etsə də, Azərbaycan dövlətinin sərt münasibəti, eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı bunun mümkünsüzlüyünü bir daha işğalçı dövlətə açıqladı. Dövlətimizin başçısı bildirir: “Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaydılar və faktiki olaraq Ermənistana açıq mesaj göndərdilər ki, onların danışıqlar formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir. Ondan bir neçə gün əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmiləri eyni bəyanatla çıxış etdilər. Danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür. Bu səbəbdən, birincisi, danışıqlar formatı dəyişdirilə bilməz və ikincisi, danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir.”

 Akademik Ramiz Mehdiyev yuxarıda qeyd etdiyimiz məqaləsində də bildirir ki, bu mürəkkəb dövrdə erməni cəmiyyətinə, sadəcə, növbəti rəhbər deyil, məhz dövlət xadimi lazımdır: “ N.Paşinyana gəlincə, “Ermənistanın tarixində “müsbət dəyişikliklərə imza atan milli lider” kimi qalması üçün onun yalnız bir variantı var: Qarabağ münaqişəsini həll etmək”... Ümid edək ki, Ermənistanın yeni rəhbərliyi, nəhayət, bu faktı dərk edəcək və Ermənistanın birinci prezidentinin acı təcrübəsini nəzərə alaraq, çoxdan gözlənilən sülhü əldə etmək istiqamətində əməli addımlar atacaq.”

Münaqişənin həllində dünyanın ikili siyasətinin yaratdığı problemlər etiraf olunan reallıqlar sırasındadır. Rəsmi Bakı daim bəyan edir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır. Ötən il Azərbaycan-Türkiyə birliyinin təcəssümü olan “Star” neft emalı zavodunun açılışında də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz: “Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.”

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 27 ildir dünyadan ədalət gözləyən Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.  Bir gecədə məhv edilmiş Xocalı şəhərinin adı indi Xatın, Ruanda, Srebrenitsa və Holokost ilə qoşa çəkilir. Ədalət prinsipini maraqlara qurban verməklə inamsızlığa yol açan, beynəlxalq hüquq problemini yaradan dünya dövlətləri prinsipləri zamana və məkana görə tətbiq edəndə sonda bu laqeydliklərinin özlərinə qarşı olacağını da düşünməlidirlər. Necə olur ki, Fransa kimi böyük nufuza və söz sahibinə malik olan bir dövlət ermənilərin dünyaya sırıdığı  qondarma “erməni soyqırımı” tarixini-24 apreli matəm günü kimi qeyd edir, amma XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına biganə yanaşır?

XX əsrin dəhşətli faciəsi olan Xocalı hadisəsinin soyqırımı kimi tanınmasına dünyanın biganə yanaşmasının səbəbləri özlərinə sirr olsa da, bizlərə yaxşı məlumdur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməni qəbul etməsini,  İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin qərar və qətnamələrini önə çəkən dövlətimizin başçısı İlham Əliyev bəyan edir ki, işğalçı dövlət bu sənədlərə məhəl qoymur və buna görə ona cəza tətbiq edilmir: “Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.”

2016-cı ilin aprelində təmas xəttində yaşananları xatırlayaq. İşğalçı dövlət şəhər və kəndlərimizə hücum edərək təmas xəttində növbəti cinayəti törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, 26 mülki şəxs yaralandı, yüzlərlə ev dağıdıldı. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonunda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə ərazi azad edildi, bayrağımız həmin ərazilərdə yüksəldildi. Dövlətimizin başçısı İlham Əliyev uğurumuza söykənərək bildirir: “Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.”

Lakin işğalçı dövlət yenə də məkrli siyasətini davam etdirdi. 2017-ci ilin iyulunda Füzuli rayonuna məqsədli hücum nəticəsində 2 dinc sakin - 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetirildi. Həmin ilin avqustunda Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Qeyd etdiklərimiz təkcə son illərdə ermənilərin törətdikləri vəhşiliklərdir.

Dövlətimizin başçısı İlham Əliyevin ötən il imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının nə qədər geniş olmasına bir daha işıq saldı, dünyaya bu çağırışı ünvanladı - Ədalət əsas meyardır. Həllini gözləyən məsələlər vahid meyarın müəyyənləşdirilməsini, bütün dövlətlərə eyni şəkildə tətbiq olunmasını tələb edir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin faktlara əsaslanan “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” sərlövhəli məqaləsində də bu vacib məqam öz əksini tapıb ki, erməni cəmiyyəti etiraf etməlidir ki, firavanlığa və tərəqqiyə aparan yol uydurma fərqlər, əsassız iddialar zəminində toqquşmalardan deyil, qarşılıqlı fəaliyyətdən keçir: “Ermənistanın siyasi liderləri, diasporunun rəhbərləri başa düşməlidirlər ki, erməni xalqının və dövlətinin xoşbəxtliyi, firavanlığı və gələcəyi qonşu dövlətlərlə dinc yanaşı yaşama, mehriban qonşuluq ruhunun dəstəklənməsi ilə bağlıdır.”

Yeganə Əliyeva, “İki sahil”