29 mart 2019 11:01
1560

Erməni vandalizmi sərhəd tanımır

Sovet dövlətinin rəhbəri Vladimir Lenin Bakı neftini ələ keçirmək planı ilə 1917-ci il dekabrın 16-da daşnak  Stepan Şaumyanı Qafqaz regionu üzrə  fövqəladə komissar təyin edərək Tiflisə göndərdi. Onun məqsədini anlayan gürcülər Şaumyana təzyiq göstərərək orada qalmasına imkan vermədilər. Tiflisdən qovulan Şaumyan Bakıya gəldi. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək və guya Azərbaycanda sosializm qurmaq adı ilə erməni daşnaklarının silahlı qüvvələrini hər tərəfdən gətirib şəhərdə  cəmləşdirdilər, sonra qısa müddətdə onları azərbaycanlıların soyqırımına hazırladılar. 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlandı və bir neçə ay davam etdi.

O illərdə Bakıda yaşamış və işləmiş, eyni zamanda, dəhşətli qırğınların və talanların  şahidi olmuş Kulner soyadlı bir alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı, ermənilər tərəfindən qətlə yetirildi, öz ev-eşiyindən zorla qovuldu.

Mart qırğınları  zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyiti tapılmışdı. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan qurtarmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin strateji nöqtələrində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.

İrəvan quberniyası, Şərur-Dərələyəz,  Gəncə, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom  Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdi.

Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmayıb.  Təpədən-dırnağadək silahlanmış quldurlar qısa müddətdə  Şamaxıda, Qubada, İrəvanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda, Lənkəranda, Göyçayda və Gəncədə  azərbaycanlıları soyqırımına məruz qoyublar.

Ümumi qırğınlar zamanı Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırıldı, əhalisi ucdantutma məhv edildi. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək  dəhşətli işgəncələrlə məhv edildilər.

Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırdılar. Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edildi, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürüldü. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürüldü və ya şikəst edildi, 50000 nəfər azərbaycanlı  doğma yurdundan qaçqın düşdü.

Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinin Fövqəladə İstintaq Komissiyasının materiallarından aydın olur ki, İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə-yeksan olunub. Ancaq qırğınlar bunlarla qurtarmadı. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edərək 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdaraq əhalisini məhv ediblər. Cəllad polkovnik Hamazaspın “cəza dəstəsi” Qubada, Dəvəçidə, Xaçmazda kütləvi qırğınlar törətdilər. Bu yaxın illərdə Qubada aşkar edilən məzarlıq erməni vəhşiliyini özündə aydın əks etdirir.

1920-ci ilin mayında erməni silahlı dəstələrinin və işğalçı  XI qızıl ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilib. 

İngiltərənin Baş naziri Lloyd Corc hələ 1920-ci ildə bildirirdi ki, “Zənnimcə, siz erməniləri 8 yaşında təmiz və məsum qız olaraq düşünürsünüz.  Belə düşünməklə çox yanılırsınız. Halbuki ermənilər özlərinin son vəhşi hərəkətləri ilə nə qədər qantökən bir millət olduqlarını qeyd-şərtsiz isbat etmişlər”.

Keçən zaman bir daha sübut etdi ki,  Baş nazirin bu fikri çox sərrast və izahata ehtiyacı olmayan bir həqiqətdir. Çünki ermənilər tərəfindən dəhşətli faciələr əsrin sonlarında Xocalıda, Kəlbəcərdə, Kərkicahanda, Qaradağlıda, Bağanis-Ayrımda, Meşəlidə də törədildi. Lakin bu dəfə qatillər öz çirkin məqsədlərinə çata bilməyəcəklər. Qüdrətli Azərbaycan Ordusu buna imkan verməz.

Vəli İlyasov, “İki sahil”