23 avqust 2019 10:32
1934

Erməni vandalizminin viran qoyduğu yurd yerlərimiz

Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Dövlət müstəqilliyimizin bərpasının ilk illərində respublikamızda ordu quruculuğu prosesinin həyata keçirilməməsi, vahid komandanlığın formalaşdırılmaması, hərbi-siyasi rəhbərliyin iradəsizliyi xalqımızı ağır bəlalara düçar etdi. Məhz buna görə də xaricdən verilən hərbi kömək hesabına işğalçı Ermənistan öz məkrli planlarını həyata keçirə bildilər. 1993-cü il avqustun 23-də Cəbrayılı və Füzulini ələ keçirən ermənilər işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, bu rayonlarda da qətl, qarət və dağıntılar törədib, yerli sakinləri doğma torpaqlarından didərgin saldılar. Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olundu, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir. Rayonun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb. Füzuli rayonu 1988-ci ildən başlayaraq mütəmadi olaraq ermənilərin hücumuna məruz qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub. Rayon ərazisində yerləşən geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.

Ərazisi 1050 kv.km olan Cəbrayıl rayonunun da eyni tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Cəbrayıldan olan 61 100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb. Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu. Burada respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. Hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub.

Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu təsdiq edən BMT Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının, noyabrın 12-də isə Zəngilan rayonunun işğalını pisləyən və həmin ərazilərin tərk edilməsini tələb edən 874 və 884 №-li qətnamələr qəbul etsə də bu qətnamələr hələ də yerinə yetirilməyib.

Uzun illərdən sonra - 2016-cı ilin aprel döyüşlərində Silahlı Qüvvələrimiz düşmən üzərində böyük qələbə qazandı. Belə ki, 2016-cı il aprelin 2-də Azərbaycan Silahlı Qüvvələrinin əks-həmləsi ilə Cocuq Mərcanlı kəndində yerləşən Lələtəpə yüksəkliyi, o cümlədən ətraf ərazilər işğalçılardan azad olundu. Bu ərazilər özünün hərbi-strateji üstünlüyü ilə seçilir. Belə ki Lələtəpə Füzuli və Cəbrayıl rayonlarını nəzarətdə saxlamağa imkan verən çox mühüm yüksəklikdir. Erməni hərbçiləri bu yüksəkliyin verdiyi imkanlardan istifadə edərək ötən illər ərzində Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərini, demək olar ki, daim atəş altında saxlayıblar.

Prezident İlham Əliyevin 2017-ci il 24 yanvar tarixli “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamından sonra həmin yaşayış məntəqəsi abadlaşıb, gözəlləşib. Artıq kənd sakinləri öz doğma yurd-yuvalarına qayıdıblar. Onların rahat yaşayışı üçün bütün tədbirlər ən yüksək səviyyədə görülüb. Bu, əslində, Azərbaycanda Böyük Qayıdış Proqramının başlanğıcıdır. Cocuq Mərcanlı kəndinin bərpası həm də işğalçı Ermənistana xəbərdarlıqdır. Yəni bu, o deməkdir ki, dövlətimiz təcavüzkar ölkənin işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq, ərazilərinin tapdaq altında qalması ilə razılaşmayacaq, torpaqlarının azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcək. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun may ayında dövlət sərhədi boyunca 26 kilometr məsafəni əhatə edən əməliyyatı nəticəsində 7 kilometrədək dərinlikdə mühüm əhəmiyyətə malik hakim yüksəklikləri ələ keçirməsi, Şərur rayonunun işğal altındakı Günnüt kəndini azad etməsi bunu bir daha təsdiq edir. Bütün bunlar Ermənistanın cinayətkar siyasi rəhbərliyinə xəbərdarlıq mesajıdır. Nə qədər ki gec deyil, Ermənistan rəhbərliyi bundan məntiqi nəticə çıxarmalıdır.

Sevinc Azadi,

“İki sahil”