20 noyabr 2020 18:30
1857

Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir

Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən   münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi.  44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir. “Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm… Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq” ”deyən Müzəffər Ali Baş Komandan bildirdi ki, insanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur və qoyulacaq. Bəli, biz qayıdırıq, Azərbaycan qayıdır! Bəli, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir.

  Xoşbəxtik ki, Qarabağımıza,  Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!  10 noyabr Bəyanatına əsasən noyabrın 15-dək Kəlbəcər, noyabrın 20-dək Ağdam,  dekabrın 1-dək  Laçın qaytarılmalıdır. Kəlbəcərin qaytarılması üçün Ermənistanın Rusiya Prezidentinin vasitəsilə Azərbaycandan xahiş etməsi əsasında 10 gün əlavə vaxt verildi.

  Üçrəngli  Zəfər bayrağımız işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq.  Biz bu torpaqların sahibləriyik. Qeyd etdiyimiz kimi,  9 bəndlik Bəyanatda  əksini tapan müddəalar  Azərbaycanın Qələbəsi, Ermənistanın məğlubiyyətidir. Diktə edən Azərbaycandır. Dövlətimizin başçısı İlham Əliyev Ağdamın azad edilməsi münasibətilə xalqa müraciətində də bildirmişdir ki,  Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir: «Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik.»

    10 noyabr şanlı Qələbəmiz Azərbaycan xalqına uzun müddətdir ki, həsrətini çəkdiyi, yolunu böyük ümidlə gözlədiyi ən böyük sevinci yaşatdı. Ölkə Prezidenti,  Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Azərbaycan Ordusunun Vətənimizin ayrılmaz tarixi parçası, qədim və zəngin mədəniyyətimizin sönməz ocağı, böyük şair, musiqiçi və mütəfəkkirlər yetişdirmiş Dağlıq Qarabağın mənfur düşmənin tapdağından azad olunduğunu bəyan etməklə növbəti qələbələri yaşayacağımızı bildirdi.  Noyabrın 20-si Ağdamın azad edilməsi bunun təsdiqidir.

  Göründüyü kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqlarıı birgə Bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir.  Bəyanatda nəzərdə tutulduğu kimi, Ağdam rayonu noyabrın 20-də Ermənistan ordusu tərəfindən tam boşaldılmış və Azərbaycan ordu hissələri əraziyə daxil olmuşdur.

Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilmiş, bir neçə müdafiə xəttindən ibarət olmuş və müasir standartlar tətbiq edilməklə hazırlanmışdır.  Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Bundan sonrakı qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhfil verilməsi prosesi də uğurla başa çatacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı.

  Yaxın zamanlarda sakinləri ilə görüşəcək Ağdam rayonunun coğrafiyası, maddi və mənəvi sərvətləri, əhalisi, strateji əhəmiyyəti barədə oxucularımızı məlumatlandırmaq istərdik. Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir.  Vaxtilə Qarabağ xanı Pənahəli xan bu ərazidə ağ daşlardan ibarət yay sarayı inşa edib, bu imarət ərazidə bir növ istiqamət ünvanına çevrilib. Bu mənada “Ağdam” – nurlanmış işıqlı, ağ ev anlamındadır. “Pənahəli xanın imarəti” adı ilə tanınan abidə dağınıq şəkildə dövrümüzə gəlib çatmış iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil imiş. Bu kompleks Pənahəli xanın 1738-ci ildə - Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilib.

Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Üçoğlantəpə, Leylatəpə və Üzərliktəpədə aparılmış arxeoloji qazıntılar da bunu təsdiq edir. Üzərliktəpə Qafqazda ilk şəhər tipli yaşayış məskəni də hesab edilir. Qədim alban tayfalarından olan qarqarlar da Ağdam ərazisindəki Qarqarçayı boyunca məskunlaşıblar.

Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Xındırıstan kəndində yerləşən Üzərlik Təpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu Kümbəzi (1314-cü il), Kəngərli kəndindəki Türbə və Daş abidələr (XIV əsr), Papravənd kəndindəki Türbələr, Məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. tarixi memarlıq abidələri və s. bu memarlıq abidələrindəndir.

Onların əksəriyyəti işğal dövründə məhv edilmişdir. Bundan əlavə, dini ibadətgahlardan olan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.

Ağdamda 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir.

Rayon ərazisində yerləşən Şahbulaq qəsri, Qutlu Xacə Musa oğlu türbəsi, Pənahəli xanın imarəti, Pənahəli xanın türbəsi, Ağdam Cümə məscidi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir. Qarabağ tarixçilərinin məlumatına görə, Qarabağ xanlığının banisi Pənahəli xan Ağdam şəhərinin 10 kilometrliyində “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında bir qəsr kompleksi saldırmış, daş və əhəngdən məscidlər, evlər, bazar və hamamlar tikdirib. İnşası 1751-1752-ci illərdə tamamlanmış bu kompleksdən indiyə bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb. Qəsr öz adını gur sulu bulağın adından alıb. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə əslində, iri qəsr kompleksinin iç qalası olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına öz təsirini göstərib.

  Ağdamın Xaçındərbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi mövcuddur. Xalq arasında “Sarı Musa türbəsi” adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə türbənin inşası 15 iyul 1314-cü ildə tamamlanmışdır. Abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunub.

Ağdamda Qarabağın XIX əsr dini memarlığının monumental örnəklərindən biri inşa edilib. Ağdamın Cümə məscidi olan bu abidəni 1868-1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği ucaldıb. O, orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq-inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaradıb.

1962-ci ildə yaradılmış Ağdam Tarix-Diyarşünaslıq Muzeyində rayon ərazisində aşkar edilən arxeoloji tapıntılar, insanların yaşam tərzini, məşğuliyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, qədim əmək alətləri və əşyalar qorunub saxlanılırdı. 2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ermənistan tərəfindən tamamilə dağıdılıb. 2001-ci ildən muzey öz fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında qismən bərpa edib.

Dünyada ikinci, MDB məkanında isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyi 1983-cü il noyabr ayında fəaliyyətə başlayıb. Ağdam Çörək Muzeyində toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına dair çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər də olub. Muzey eksponatlarının ən qədimi – eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi. 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı mərmi Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoydu və muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu. Ağdam rayonunun işğala məruz qalan ərazilərində 107 kitabxana filialını özündə birləşdirən Rayon Mərkəzi Kitabxanası və 67 kitabxana filialı tamamilə məhv edilib, digər 40 kitabxana filialının yerləşdiyi binalar, fondlarında olan kitablar və inventarlar tamamilə yararsız hala düşüb.

Ağdam Dövlət Dram Teatrında ilk tamaşa 1923-cü ildə səhnələşdirib. 1950-ci ildə bağlanan teatr 1968-ci ildə yenidən fəaliyyətini bərpa edib. Ağdam rayonu üzrə 11 uşaq musiqi məktəbi fəaliyyət göstərib. Ağdam Rayon Mədəniyyət Mərkəzinə işğala qədər 23 mədəniyyət evi və  51 klub daxil olub.

Ağdam rayonunun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir.
Rayonun meşə fondu 4743 hektardır, işğal dövründə onların xeyli hissəsi Ermənistan tərəfindən məhv edilib. Ağdamda 85 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınmışdı. Bunlardan 71 ədədi Boyəhmədli kəndində idi, hündürlüyü 25 metr, yaşı isə 440 il təşkil edirdi. Rayon ərazisində ümumi sahəsi 732 ha olan Püstə meşəciyi qiymətli meşə sahələrindən idi. Nadir nəbatət obyekti olan həmin ağacların yaşı 370-400 il təşkil edirdi.

  Bu qısa təqdimatla Ağdamımızın qiyabi görüşünə getdik. Artıq dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş torpaqlarımızda bərpa və  quruculuq işlərinin planı hazırlanır. Baxmayaraq ki, vəhşi ermənilər bu torpaqlarımızda hər şeyi dağıtmış, yerlə-yeksan etmişdir, onlara daha yaxşı qurulucaq. Əvvəlkindən də artıq gözəl görüntüyə malik olacaqlar. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində də bildirmişdir ki, Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. «Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb» söyləyən cənab İlham Əliyev qeyd etmişdir ki,  orada o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər: «Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində - bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar.»

Yeganə Əliyeva, «İki sahil»