31 oktyabr 2020 20:20
811

Ermənistan törətdiyi müharibə cinayətlərini ört-basdır etmək üçün total yalanlardan istifadə edir

Azərbaycan Silahlı Qüvvələrinin başladığı əks-hücum əməliyyatının gedişində Ermənistan ordusu cəbhə bölgəsindən uzaqda yerləşən dinc şəhərləri hədəfə alır. Ermənistan ərazisindən ballistik, qadağan edilmiş kasetli raketlər və ağır artilleriya ilə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi, Naftalan, Daşkəsən Qəbələ, Kürdəmir, Siyəzən, Xızı və digər şəhər və rayonlarının dinc sakinləri və mülki obyektləri bombardman edilib. Düşmənin raket hücumları nəticəsində aralarında 11 azyaşlı uşaq, 27 qadın olmaqla, 91 nəfər mülki insan həlak olub, 400-dən artıq mülki şəxs yaralanıb. Eyni zamanda, Ermənistan ərazisindən ağır artilleriya, ballistik və reaktiv raketlər, kasetli bombalar və digər atıcı silahlardan istifadə edilərək Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəş açılır.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Mədəniyyət komitəsinin sədri qeyd edib ki, Ermənistan Azərbaycanın şəhərlərini, dinc sakinlərin atəşə tutulması faktını israrla təkzib edir. Qarşı tərəf bu istiqamətdə müxtəlif feyk xəbərlər yayır. Guya ki, partlayışı hansısa suriyalılar törədiblər və onlar hətta günahı bizim üstümüzə yıxmaqdan çəkinmirlər. Bu partlayışı Azərbaycanın özünün həyata keçirməsi barədə sərsəm bəyanatlar yayırlar. “İndiyədək erməni tərəfi mülki əhaliyə qarşı törədilən müharibə cinayətlərinə görə məsuliyyəti boynundan atsa da, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arsrun Ovannisyan bunu etiraf edib. Ermənistan rəsmisinin “Qarabağ ordusunun Azərbaycan şəhərlərinə zərbələr endirməyə tam hüququ var” bəyanatı ilə erməni tərəfi indiyədək törədilən və 100-dək dinc sakinin ölümünə səbəb olan vəhşliliklərə görə məsuliyyəti, faktiki olaraq, öz üzərinə götürüb. Ovanisyanın bəyanatı açıq şəkildə Azərbaycan tərəfini dinc əhali və mülki obyektlərlə şantaj etmək deməkdir. Ermənistanın cəbhədə gücü azaldıqca mülki əhalini hədəfə almasının sayı artır və onlar bunu açıq-aşkar söyləməkdən çəkinmirlər.

Deputat vurğulayıb ki, Ermənistan tərəfinin bu cinayətləri törətmək barədə bəyanatı düşmən tərəfinin məğlubiyyət astanasında olduğundan xəbər verir. Bu yerdə faşist Almaniyasının müharibənin sonuna yaxın Böyük Britaniyanın dinc şəhərlərinin bombalamasını (Fau-2) xatırlatmaq yerinə düşər. Faşist ideologiyasına xidmət edən Ermənistan uzun müddət Dağlıq Qarabağdakı ermənilərin “təhlükədə olması” barədə yanlış təsəvvür yaradaraq Azərbaycan ərazilərini işğal edib. Necə ki, Hitler Almaniyası Çexiyanın Sudet bölgəsindəki almanların “təhlükədə” olması haqda əsassız ittiham səsləndirərək Çexiyanı işğal etmişdi.

“Ermənistan ordusu Azərbaycan Ordusu ilə bacara bilmir. Burada söhbət mübaliğəsiz üstünlükdən gedir. Sentyabrın 27-dən əks-hücum əməliyyatları həyata keçirən şanlı ordumuz “yenilməz və qalib Ermənistan ordusu” mifini darmadağın etdi. Bəli, ordumuz özünün üstünlüyünü döyüş meydanında sübut etdi. Hərb meydanında yenilən düşmən münaqişə zonasından uzaq şəhərlərdə mülki infrastruktura, dinc əhaliyə qarşı bağışlanmaz cinayətlər etdi və edir, lakin ordumuz öz xilaskarlıq missiyasından, öz peşəkar prinsiplərindən geri addım atmır, yolundan dönmür və dönməyəcək. Beləliklə, 30 ilə yaxın işğal altında saxlanmış ərazilərimizin xeyli hissəsi 30 gün içində azad olundu. 30 il və 30 gün! – bu özü hər çox şeyi ifadə edir! Onu ifadə edir ki, müzəffər Azərbaycan Ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biridir”, - deyə Qənirə Paşayeva vurğulayıb.

Deputatın sözlərinə görə, Ermənistan hakimiyyəti öz qeyri-konstruktiv yanaşması ucbatından nə müharibəni dayandıra, nə döyüş meydanında itkinin qarşısını ala bilir. Biz Ermənistanın “etibarı”na bələdik. Artıq bütün dünya da Gəncə, Bərdə hadisələri timsalında kimin kim, nəyin nə olduğunu dəqiq görür. Necə ki, "Human Rights Watch” və “Amnesty International” beynəlxalq təşkilatları Bərdədə dinc sakinlərin kaset sursatlı silahlardan atəşə tutulması faktını təsdiqlədilər.

Q.Paşayeva bildirib ki, mayasında yalan, hiylə və xəyanət olan düşmən bizə həmişə arxadan zərbə vurub və vurmaqda davam edir. Erməni tərəfi törətdiyi müharibə cinayətlərini, vəhşilikləri ört-basdır etmək üçün total yalan və feyklərdən istifadə edir. “Ərəb muzdluları”, “Pakistan əsgərləri”, “Türkiyə xüsusi təyinatlıları”, “F-16 qırıcıları”, “Xankəndində doğum evi, Şuşada kilsənin vurulması” və digər feykləri yaymaqla məqsədyönlü siyasət aparırlar. Burada məqsəd erməni ictimaiyyətinin gözündə Ermənistan ordusunun məğlubiyyətinə haqq qazandırmaq, dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi müharibə cinayətlərindən yayındırmaq və beynəlxalq aləmdə Azərbaycanın mənfi obrazını yaratmaqdır. Amma istəklərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan dünyada rəşadətli ordu kimi tanınır, bizim işimiz haqq işidir və biz qalib gələcəyik.