KÖŞƏ

Vəli İlyasov

Ermənistan uçurumun kənarında

05 fevral 2019 10:27
1821

Sonuncu addım işğalçı dövləti xilas edəcək, yoxsa?..

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris razılaşması, ardınca Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın  baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni şəraitin yarandığını göstərir. Lakin Ermənistan daxilində bu məsələ qarşıdurma mövzusuna çevrilir. Ermənistan rəhbərliyi və bu ölkənin Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma rejim arasında “ərazilərin qaytarılması məsələsi” ilə bağlı fikir ayrılığı yaranıb. Daşnaksütyun və “Çiçəklənən Ermənistan” partiyalarının rəhbərləri iddia edirlər ki, guya Ermənistanla Azərbaycan arasında “Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi əvəzinə Ermənistana iqtisadi inkişaf” formatında  məxfi danışıqlar aparılır.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan məxfi razılaşmanın olmadığını, “xalqların sülhə hazırlanması” ilə bağlı danışıqların detallarının ictimaiyyətə açıqlandığını deyir. Ermənistan müxalifəti, xüsusilə uzun illər Dağlıq Qarabağın işğal faktorundan hakimiyyətdə qalmaq üçün istifadə edən Respublikaçılar Partiyası isə Nikol Paşinyanı  yalan danışmaqda ittiham edir. Məlumdur ki, bu partiyanın sədri keçmiş prezident Serj Sarkisyandır. Lakin bu məsələdə diqqət çəkən məqam separatçı rejimin “təhlükəsizlik şurasının katibi”  general Samvel Balasanyanın açıqlamasıdır. Separatçı rejimin qondarma  generalı  bəyan edib ki, xalqları sülhə hazırlamaq üçün əvvəlcə regionda sülh olmalıdır: “Əgər belə bir müqavilə yoxdursa, onda bu haqda danışmaq yersizdir”.

Samvel Balasanyan ərazilərin qaytarılmasına qarşı olduqlarını da bəyan edib. Onun sözlərinə görə, bu situasiya Ermənistan daxilində siyasi qarşıdurma yaratmaqla yanaşı, danışıqlar prosesinə də zərbə endirə bilər.

Erməni şərhçi Sarqis Artsruni yazır ki, “İrəvan və Xankəndi arasında qarşıdurma yaşanır və bu gizli siyasi zərbələrin endirilməsi ilə nəticələnə bilər”. “Ermənistan üçün təhlükəli vəziyyət yarandı. Qarabağ “hakimiyyəti” Nikol Paşinyandan uzaqlaşır, zaman keçdikcə Robert Koçaryan və Serj Sarkisyanın tərəfdarları ilə həmrəy olur. Bu qarşıdurma Ermənistanı uçuruma aparır”, - deyə o qeyd edib.

Bəli, düşmənlərimizin özlərinin də etiraf etdikləri kimi, indi Ermənistan dibi görünməyən bir uçurumun başındadır, yalnız sonuncu addım qalır. Bu addım irəliyə atılacaq, yoxsa geriyə? Bunu da ermənilər müəyyən edəcəklər, çünki onların taleyi indi artıq öz əllərindədir.

Azərbaycanda isə bu məsələ ilə bağlı xalqla iqtidar arasında möhkəm birlik var. Prezident İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında münaqişənin həlli yolları ilə bağlı  mühüm mesajlar verdi. Ali Baş Komandanın gənclərin önündə “aprel müharibəsi”ndə Ordumuzun qələbəsini xatırlaması və torpaqlarımızı işğalçılardan azad etmək üçün hər an hazır olmaqla bağlı verdiyi mesajı isə Dağlıq Qarabağ münaqişəsinin həllinə  dair aparılan danışıqlar fonunda xüsusi diqqət çəkdi: “Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir... Bu gün ordu quruculuğu istiqamətində atılan addımlar təbiidir, zəruridir. Çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçılardan azad edək.”

Prezident İlham Əliyevin bu sözləri Azərbaycan gəncliyinə ünvanlansa da, bu, həm də işğalçı ölkəyə mesaj idi. Xarici işlər nazirlərinin Paris görüşündə “xalqların sülhə hazırlanması” ilə bağlı razılaşması Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılmış böyük addım olaraq qiymətləndirilir. Ardınca Azərbaycan lideri ilə erməni baş nazir Davosda bir saat yarım ərzində münaqişə ətrafında müzakirə apardılar. Görüşün detalları açıqlanmasa da, Azərbaycanın ərazilərin azad edilməsi üçün Ermənistana son sülh şansı verdiyi şübhəsizdir.

“Ərazilərin əvəzinə iqtisadi inkişaf.” Danışıqlar əsasən bu düstur üzərində aparılır. Ermənistan hərbi birləşmələrini Azərbaycan torpaqlarından çıxarır, Azərbaycan da öz növbəsində blokadanı aradan qaldırır, İrəvanın regionda Bakının müəllifi və təşəbbüskarı olduğu qlobal layihələrə qoşulmasına şərait yaradır. Bu, uzun illər işğalçılıq  siyasətinə görə aclıq çəkən ermənilər üçün ən yaxşı variantdır. Çəkişmələr gedən Ermənistanda hansı variantın qəbul olunacağı isə hələlik sual altındadır.