KÖŞƏ

Vəli İlyasov

“Fransaya başa salmalıyıq ki...”

19 iyun 2019 10:52
1820

Erməni deputatlar qorxduqlarını etiraf etdilər

Azərbaycan diplomatiyası Ermənistanın ölkəmizə qarşı yüz illərlə qurduğu “barrikadaları” sıradan çıxarmaqda davam edir.

Son günlər Fransa məhkəmələrinin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan qondarma “DQR”-in bəzi “subyektləri” ilə imzalanmış “dostluq xartiyaları” ilə bağlı qərarlarının İrəvanda yaratdığı siyasi çaxnaşma davam edir. Əvvəlcə Serji-Pontuaz məhkəməsinin qərarı ilə Arnuvil şəhərinin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə imzaladığı “Dostluq haqqında xartiya” ləğv edildi. Eyni qərarla Arnivul şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq xartiyası” da ləğv edildi. Daha sonra Qrenobl məhkəməsi eyni xarakterli  dörd “dostluq  xartiyası”nı ləğv etdi.

Məlumatlı mənbələr xəbər verir ki, Ermənistan üçün ağır zərbə olan bu qərarlardan sonra İrəvanda siyasi qüvvələr arasında ciddi çaxnaşma yaşanır. Xüsusilə bunun digər Avropa ölkələri üçün presedent olacağı qorxusu böyükdür. Fransa məhkəmələrinin qərarlarının Ermənistan parlamentində müzakirəsi zamanı da bu qorxular dilə gətirilib.

Müzakirələr zamanı Ermənistan hakimiyyəti, xüsusilə Xarici İşlər Nazirliyinin fəaliyyəti sərt şəkildə tənqid olunub. Çıxış edən deputatlar Azərbaycan diplomatiyası qarşısında məğlubiyyətə uğradıqlarını etiraf ediblər.

“İşıqlı Ermənistan” fraksiyasının deputatı Arman Babacanyan bildirib ki, Fransa məhkəmələrinin qərarları Ermənistan Xarici İşlər Nazirliyinin fəaliyyətsizliyinin nəticəsidir.”Belə qərarların veriləcəyi proqnozlaşdırılırdı. Çünki Azərbaycan Fransada genişmiqyaslı iş aparır, biz isə heç bir fəaliyyət göstərmirik. Hər şeydə tamamilə diasporun potensialına ümid edirik, gözləyirik ki, diaspor nəsə edəcək. Lakin onlar yalnız vəkil tapa bildilər, vəkilin də əlindən heç nə gəlmədi”, - deyə erməni deputat təəssüflə qeyd edib.

Babacanyan vurğulayıb ki, bu qərarlarin ciddi nəticələri olacaq və Avropa İttifaqının üzv ölkələrinin digər şəhərləri üçün nümunə xarakteri daşıyacaq, bu isə Ermənistana baha başa gələ bilər.

Müzakirələrdə iştirak edən xarici işlər nazirinin müavini Qriqor Ovannisyan deputatları sakitləşdirmək üçün məhkəmə qərarlarının perspektivdə heç bir nəticəsinin olmayacağını iddia edib. Onu da etiraf edib ki, “Ermənistanın Fransanın müstəqil məhkəmələrinin qərarlarını dəyişdirməyə heç bir əsaslı gücü yoxdur”. Lakin deputatlar Ermənistan XİN-in nümayəndəsinin saxta bəraətini qəbul etməyiblər.

A.Babacanyan Ermənistanın bu qərarlara qarşı mümkün addımlar atmasının vacibliyindən də danışıb. “Fransaya başa salmalıyıq ki, bu, diasporun məsələsi deyil, birbaşa antiermənistan qiymətə malikdir”, - deyə o bildirib. Ancaq onun sözləri ciddi qəbul edilməyib və mənasız fikir kimi qarşılanıb.

Parlamentin xarici əlaqələr üzrə komissiyasının sədri Ruben Rubinyan isə bildirib ki, Fransa məhkəmələri sərbəst olduqlarına görə onların qərarlarına müdaxilə mümkünsüzdür: “Burada söhbət məhkəmə qərarları yox, onların nəticələrindən gedir. Razılaşın ki, Ermənistanda hansısa ölkənin səfirliyinin əməkdaşının erməni məhkəmələri və ya hakimləri haqqında danışması gülməli olardı. Düşünürəm ki, Fransada məhkəmələrin müstəqil olduğuna etiraz etməyəcəksiniz, lakin problemin olduğunu hamımız bilirik və buna uyğun iş aparılmalıdır”.

Göründüyü kimi, Fransa məhkəmələrinin qərarları Ermənistanda “soyuq duş” effekti yaradıb və ermənilərin özlərinin də etiraf etdikləri kimi, burada Azərbaycan diplomatiyasının fəaliyyəti həlledici rola malik olub.