21 iyun 2019 20:38
1136

Gürcüstanda 305 nəfər aksiya iştirakçısı saxlanılıb

Rustaveli prospektində müxtəlif hüquqpozmalara görə 305 nəfər aksiya iştirakçısı saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər nazirinin müavini Vladimir Bortsvadze məlumat verib. O deyib ki, aksiya zamanı baş vermiş qarşıdurmada iştirakçılarla yanaşı, polis əməkdaşları da xəsarət alıblar. Polisə məxsus texnika yararsız hala salınıb. Gürcüstan DİN Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə (qrup halında zorakılığın təşkili, zorakılığa rəhbərlik və ya bu hadisələrdə iştirak) araşdırma aparır.

Nazir müavini deyib ki, əvvəlcə aksiya dinc xarakterli olsa da, sonradan bir qrup iştirakçı polisə təzyiq göstərmək və güc tətbiq etməklə parlamentin binasına hücum edib.

Polis bunun qarşısını almağa cəhd göstərib, lakin aksiya iştirakçıları müxtəlif vasitələr – dəyənək, metal konstruksiyalı vasitələr, daş və küt alətlərlə polisə hücum ediblər. Təhlükəsizlik qüvvələri “Polis haqqında” Qanuna müvafiq olaraq iştirakçılara qarşı gözyaşardıcı qaz, su şırnağı və rezin güllələrdən istifadə ediblər. Buna baxmayaraq, azğın kütlə səhərə qədər kobud şəkildə ictimai təhlükəsizliyi pozmağa davam edib. Pozucu qüvvələr polis avtomobillərinə, habelə mülki şəxslərin minik avtomobillərinə, yaxınlıqdakı ictimai-iaşə obyektlərinə ziyan vurublar. “Bütün bunlara görə də ümumilikdə 305 nəfər saxlanılıb”, - deyə nazir müavini vurğulayıb.