Norveçin Stavanger şəhərində keçirilən “Altibox Norway Chess 2019” superturnirində altıncı turun görüşləri oynanılır.
Azərbaycan şahmatçısı qrossmeyster Şəhriyar Məmmədyarov altıncı turda fransalı Maksim Vaşe-Laqrav ilə üz-üzə gəlib.
Şahmatçımız beşinci turda rusiyalı Aleksandr Qrişuk ilə qarşılaşmada əsas hissədə heç-heçə etsə də, rapiddə uduzub.
Ş.Məmmədyarov “Facebook”dakı səhifəsində bu barədə yazıb: “Bu dəfə də alınmadı. Amma mütləq bir gün alınacaq. Hər gün o ümidlə yuxudan oyanıb məşq edirəm, yarışlara hazırlanıram. Sevginiz və dəstəyiniz üçün təşəkkürlər”.
Hazırda şahmatçımızın aktivində 4,5 xal var. Turnirə 8 xalla norveçli dünya çempionu Maqnus Karlsen liderlik edir. Yu Yanqyi (Çin) 6,5, Uesli So (ABŞ), Levon Aronyan (Ermənistan) 6, Din Liren (Çin), Vişvanatan Anand (Hindistan) 5, Fabiano Karuana (ABŞ) 3,5, Maksim Vaşe-Laqrav 3, Aleksandr Qrişuk 2,5 xal toplayıblar.