01 dekabr 2020 20:12
1081

Həsrətin bitdiyi gün: Biz Laçındayıq!

 Danışıqlarda, müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin istisna olmadığını bildirən Prezident, Ali Baş Komandan İlham Əliyev «Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ davam edir, səhv edir» sözləri ilə bu həqiqəti təsdiqlədi

Gözəgəlimli, çinar boyu, görkəmi ilə göz oxşayan igidlərimizi görən nənələrimiz ərənlərimizlə qürür duyar, fəxrlə deyərdilər: «Laçın oğlandır.» Ana və nənələrimizin laçın oğlanları adlarına layiq Laçını düşmən işğalından azad etdilər. Düşmənin murdar nəfəsindən xilas olan daha bir torpağımızda üçrəngli bayrağımız dalğalandı.

1992-ci il mayın 18-də mənfur ermənilər tərəfindən işğal edilən, 264 şəhidi, 64 girovu, 103 əlili olan, məzarı ermənilər tərəfindən dağıdılaraq, mənəvi qətlə yetirilən Sarı aşığın Vətəni Laçın əsl sahiblərini gözləyir. Dağlar qoynunda yerləşən, meşələri ilə göz oxşayan, dupduru bulaqlarının sərin suları ilə qəlblərə təravət gətirən, hər daşında , qayasında əsrlərin izlərini yaşadan, ən əsası isə hərbi strateji əhəmiyyət daşıyan, vüqarlı Laçın xəyanətin qurbanı oldu. Respublikamızın, Dağlıq Qarabağın taleyi üçün strateji əhəmiyyətə malik, təbii səngərləri, dibi görünməyən dərələri ilə məşhur Laçın erməni daşnakları tərəfindən yandırıldı, sərvəti talan edildi. Ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, mineral suları, kobalt, uran, civə, qızıl, dəmir kimi yeraltı sərvətləri, müxtəlif rəngli mərmər yataqları, müalicəvi dərman bitkiləri ilə zəngin olan Laçın ermənilər tərəfindən barbarcasına talan edildi. Səhiyyə ocaqları, məktəbləri, fərdi evlər dağıdıldı, yandırıldı.

Xalqımızın qəhrəmanlıq tarixində daşnaklara qarşı mübarizələrin ən yaddaqalanı, «hay»ların ən çox silah-sursat itirdiyi savaşlardan olan, Sultan bəyin döyüşçüləri tərəfindən darmadağın edilən qulağı kəsik Andranikin qətlə yetirildiyi Zabux dərəsi laçınlıların ən çox qürur duyduqları məkandır. Ağdamı, Zəngilanı, Qubadlını, Füzulini, Cəbrayılı, Kəlbəcəri, Şuşanı… qanı, canı bahasına, şəhid verməklə qaytaran Milli Ordumuzun Laçını qan tökmədən azad etməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin, Silahlı Qüvvələrimizin düşmənə 44 gündə vurduğu ağır zərbələrin, Ermənistan ordusunun məhv edilməsinin nəticəsidir. 44 gün davam edən Vətən müharibəsində düşmənə heç vaxt unutmayacağı qulaqburması verən Azərbaycan Ordusu Ermənistan üzərində elə qələbə qazandı ki, düşmən topsuz, tüfəngsiz təslim oldu, «verməyəcəyik» dedikləri Laçını bir güllə atmadan təhvil verdilər. Bu kapitulyasiya, təslimçilik rəşadətli ordumuzun hərbi istedadının, Ali Baş Komandanın sərkərdəlik məharətinin, güclənən müdafiə qüdrətimizin, əsgərlərimizin Vətənə, torpağa sədaqət andının, bağlılığının ifadəsi idi.

 Bir neçə rayonu düşmənə döyüş meydanında qələbə çalmaqla azad edən Azərbaycan Ordusu düşməni bəzi torpaqlarımızı təhvil verməyə məcbur etdi. Mürəkkəb relyefə malik Kəlbəcərin, Laçının silahsız qaytarılması ordumuzun hərbi cinayətkar olan Ermənistan üzərində həm də siyasi qələbəsi idi.

Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyevin müraciətində qeyd olunduğu kimi həmişə müzakirə mövzusu olan Laçın dəhlizinin Azərbaycanın təkidli tələbinə uyğun 5 kilometr həcmində müəyyənləşdirilməsini ölkəmizin diplomatik uğurlarından hesab etmək olar. Bütün danışıqlarda, müzakirələrdə münaqişə ilə bağlı real vəziyyəti diqqətə çatdıran Prezident İlham Əliyev bildirirdi ki, Laçın, Şuşa, Kəlbəcər Azərbaycana qaytarılmasa qələbə yarımçıq hesab olunar. Ali Baş Komandan kimi məqsədinə, Azərbaycan xalqının istəyinə nail olan Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı siyasət bölgədə yeni reallıq yaratdı.

Düşmənin başını əzən, işğal olunmuş torpaqlardan qovan Azərbaycan Ordusunun bu uğurları ilə Ermənistan kimi, başqaları da barışacaq. «Hər kəs getsin öz işi ilə məşğul olsun. Bölgəmizdə yeni reallıq yarandı, Azərbaycan yaratdı» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, BMT Təhlükəsizlik Şurasının 27 il nəticəsiz, kağız parçası kimi qalan qətnamələri də yerinə yetirildi. İşğala son qoyuldu. Yeni əməkdaşlıq formatı üçün zəmin yaradıldı. «Laçın rayonunun bizə qaytarılması tarixi məsələdir. Biz müharibə zamanı 5 minə yaxın kilometr ərazini döyüş meydanında azad etdik. Müharibə yolu ilə azad etdik və eyni zamanda təxminən bir o qədər, 5 min kvadrat kilometr ərazini sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz, biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarındadır» söyləyən Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, bu qələbə Azərbaycanın siyasi, hərbi müstəvidə, dövlətçilik sahəsində apardığı dəqiq, məqsədyönlü siyasətinin başqlarına da örnək ola biləcək uğurudur. İllərdən bəri torpraqlarımızın işğaldan azad olunması istiqamətində aparılan danışıqlar, müzakirələr Azərbaycanın istədiyi zəmində davam etdirildi. «Məsələnin hərbi yolla həlli var» söyləyən Ali Baş Komandanın dediyi kimi, başı Azərbaycan əsgəri tərəfindən əzilən düşmən gücümüzü gördü. Ali Baş Komandan İlham Əliyevin düşmənin heç vaxt unutmayacağı dəmir yumruğu olmasaydı Ermənistan heç vaxt əbədilik özəlləşdirmək istəyində olduğu torpaqlardan çıxmayacaqdı. Bu yumruq sayəsində Laçına verilən iyrənc ad da zibil qutusuna atıldı.

Müraciətdə qeyd olundugu kimi, işğalçıya dəstək göstərənlərin əsl məqsədi Azərbaycan torpaqlarının əlavə işğalına nail olmaq idi. Döyüşlərdə qələbə çalan Azərbaycan Ordusu bəd niyyətli, öz maraqları naminə işğalçını silahlandıran bu dairələrin mənfur niyyətlərinə son qoydu. «Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ davam edir, səhv edir» sözləri ilə düşmənə vurulan, bir daha dirçələ bilməyəcək zərbə vahid Azərbaycanın ərazi bütövlüyünün əbədi olduğunu bildirir. Bunun qarantı isə xalqın öz liderinə sonsuz inamı, Milli Ordumuz, işğalçı Ermənistan rəhbərliyindən fərqli olaraq Azərbaycanın zəngin irsə malik dövlətçilik tarixidir.

İşğal altında saxladığı torpaqlarda törətdikləri hərbi cinayətlər, ekoloji terrorlar, dağıtdıqları yaşayış məskənləri üçün Ermənistanın beynəlxalq hüquq qarşısında cavab verəcəyini bildirən dövlət başçımız vurguladı ki, bu istiqamətdə işlər aparılır, dəymiş ziyanın məbləğini hesablayan qiymətləndirmə prosesi davam edir. Tərk etdikləri ərazilərdə evləri, məktəbləri yandıran, meşələrdəki qiymətli ağacları qıran, heyvanları öldürən ermənilər törətdikləri bu vəhşilikləri üçün də cavab verəcəklər.

Tarixi həqiqəti bərpa edən Azərbaycan xalqı nəyin, nə vaxt, necə həll olunmasını uzaqgörən siyasəti ilə bildirən dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşməklə, ordu ilə bir olmaqla tarixi uğura imza atdı. Ali Baş Komandan İlham Əliyevin «Elə zərbə vurmalıyıq ki, düşmən o zərbədən ayılmasın, elə zərbə vurmalıyıq ki, düşmən bundan sonra baş qaldırmasın» sözlərini döyüş rəşadəti ilə gerçəkləşdirən əsgərlərimiz erməni faşizmini məhv etdi. Ermənistana ikinci dövlət yaratmaq istəyənlərə bildirildi ki, dasnakların bu istəklərini öz ərazilərində gerçəkləşdirsinlər. Azərbaycan torpağında erməni dövləti yaratmaq heç bir məntiqə, hüquqa uyğun deyil.

 ATƏT-in Minsk qrupunun həmsədri kimi yalnız Ermənistanın mövqeyini müdafiə edən Fransa Senatının qəbul etdiyi yaramaz qətnaməyə etirazını Azərbaycan xalqının istəyini əks etdirən «Nə işi var Fransa parlamentinin bizim məsələ ilə» sözləri ilə bildirən cənab İlham Əliyevin vurğuladığı kimi, münaqişənin həlli istiqamətində bir addım atmayan Fransanın «Dağlıq Qarabağın tanınması» ilə bağlı iyrənc təklifi bu ölkə iqtidarının beynəlxalq siyasətdən xəbərsiz oldugunu göstərir. « Verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın, amma bizim isimizə heç kim qarışa bilməz, Dağlıq Qarabağ termini artıq arxada qalıb» söyləyən Prezident İlham Əliyevin çağırışı erməni terrorizmini, nasizmini, faşist ideologiyasını dəstəkləyənlərə ciddi xəbərdarlıqdır. Tarix də yalanları sevmir. Ermənistanın təslimçilik aktı olan kapitulyasiyaya imza atması işğalçını dəstəkləyənlərə də dərs olmalıdır.

Bu məqamda tarixən bir olan Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyini, türkçülüyün taleyinə yazılmış qəhrəmanlıq salnaməsini, eyni kökdən qaynaqlanan tarixi ilə bağlı məqamları da unutmamalıyq. Türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürk özünə ünvanlanan «Ən çətin məsələ nədir» sualını belə cavablandırır: «Ən çətin məsələ yatmış türkü oyatmaqdır. Ondan sonrakı çətin məsələ oyanmış türkü ayağa qaldırmaqdır. Daha çətin məsələ isə dirçəlmiş türkü dayandırmaqdır.» Zaman yetişib. Artıq oyanan və dirçələn Azərbaycan əsgərini dayandırmaq mümkün deyil. Tam qələbə uğrunda mübarizə aparan əsgərlərimizin döyüş ruhunu, qələbə əzmini qarşısıalınmaz edən isə Prezident, Ali Baş Komandan İlham Əliyevin «Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözləridir.

Xuraman İsmayılqızı, «İki sahil»