Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə səsələndirdiyi bu bəyanat Ermənistanla eyni dəyərləri yaşayan Fransa kimi ikili standartlardan çıxış edən dövlətlərə ciddi mesaj və dərsdir
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdı. Bu, xalqımızın 30 illik həsrətinin, acısının sona çatması oldu. 30 il idi ki, işğalçı Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq torpaqlarımızın 20 faizini işğal altında saxlamasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına göz yuman dünyadan haqqın, ədalətin bərpasını istəyən Azərbaycan 44 gündə ordumuzun Ermənistanın hərbi təxribatlarının qarşısını qətiyyətli əks-hücum əməliyyatları ilə alması nəticəsində həm döyüş meydanında malik olduğu potensial imkanları, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mümkünlüyünü nümayiş etdirdi. Görünən bu oldu ki, işğalçı Ermənistan bugünədək danışıqları imitasiya üçün aparmış, vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirmişdir. Ermənistanın faşist siyasəti özündə başqa xalqlara və millətlərə kin, nifrət bəsləməyi, başqalarının ərazilərinə göz dikməyi ehtiva edir. Onun yeni ərazilər iddiası ilə müharibə planını ortaya qoyaraq törətdiyi təxribatlar da deyilənlərin təsdiqidir.
Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində geri çəkilən Ermənistan məğlubiyyəti ilə barışmayaraq mülki əhalini, yaşayış məntəqələrini raket atəşinə tutmaqla faşist siyasətini bir daha təsdiqlədi. Azğın və xəyanətkar düşmənə sarsıdıcı zərbələr endirildi, ərazilərimiz işğalçılardan təmizləndi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərinin, 4 qəsəbənin, eləcə də 300-dən artıq yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi xalqımızı daha da qürurlandırdı.
44 günün reallıqlarından biri də bu oldu ki, ermənilərin illərdir yaratdıqları “yenilməz ordu” mifi darmadağın edildi. Ermənistan tərəfindən muzdlu döyüşçü qismində müxtəlif terror təşkilatlarının üzvlərinin, xarici ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimizə gətirilərək hərbi əməliyyatlara cəlb olunması ilə bağlı faktlar açıqlandı. Həmçinin bu faktlar da təsdiqləndi ki, Ermənistanın təşəbbüsü ilə PKK terror təşkilatı işğal olunmuş torpaqlarımızda hərbi bazalar qurur və Azərbaycana qarşı vuruşur.
Bu reallıqlar fonunda ümumi qənaət bu oldu ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır, bunu hər kəs və bütün dünya bilməlidir. Ölkə Prezidenti 44 gündə xarici mediaya 30-a yaxın müsahibələrinin hər birində, o cümlədən xalqa müraciətlərində bu məqamı xüsusi qeyd edirdi ki, əgər bunu beynəlxalq birlik etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaq. Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Cənab İlham Əliyev ABŞ-ın «Fox News» telekanalına müsahibəsində yüksək intellekt, məlumatlılıq, natiqlik bacarığı, diplomatik məharət nümayiş etdirərək sözün əsl mənasında master-klass keçmişdir. Dövlətimizin başçısı Müzəffər Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü dedi, həm də siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini müdafiə edərək haqq səsimizi bütün dünyaya çatdırır.
Dövlətimizn başçısı İlham Əliyevin dünya ölkələrinin, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə məxsus mətbu orqanlara müsahibələri Rusiya, ABŞ və Fransa auditoriyasına həqiqətlərin çatdırılmasına bir daha imkanlar yaratdı, işğalçı dövlətə bu günədək edilən dəstəklərin əsl mahiyyətinə işıq saldı. Müharibə dövründə də Fransa ikili mövqeyini qabarıq şəkildə büruzə verdi. Belə ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri əks etdirdiyinə görə Fransanın TF1 telekanalının Fransada yaşayan ermənilərin ciddi təzyiq və təhdidinə məruz qalması nə dərəcədə demokratiyanın tələblərinə, beynəlxalq hüquq normalarına uyğun ola bilər? Bu hal özünü demokratik ölkə adlandıran Fransanın imicinə, söz və məlumat azadlığına zərbə deyildidmi? Necə olur ki, İslam dinini təhqir etdiyinə görə bütün dünyada milyonlarla müsəlmanın haqlı tələbinə məhəl qoyulmur və bu mövqe söz azadlığı ilə əsaslandırılır, lakin 5-10 min erməninin hikkəsi əsasında ölkənin aparıcı telekanalından birində söz azadlığı boğulur və bu, adi qəbul olunur.
İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş tutan müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Bu qətnamələrin həmin sənədə daxil edilməsini istəməyən ABŞ, Rusiya və Fransa oldu. Ciddi isrardan sonra Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bunu qəbul etdi.
44 günlük müharibə nəticəsində beynəlxalq təşkilatlardan tutmuş region və dünya ölkələrinə qədər kimin hansı mövqedə olduğu daha aydın göründü. Atəşkəsin bərpası üçün danışıqlara hazır olduğunu bildirən Fransa sentyabrın 27-dən son günədək ikili siyasətini daha qabarıq şəkildə büruzə verdi. Fransa erməni diasporunun güclü olduğu ölkələrdən biridir, eyni zamanda, ermənipərəst siyasəti ilə daim diqqətdə olub. Reallıq budur ki, Makron ermənilərə hədsiz dərəcədə sevgisi və və türk dünyasının iki aparıcı dövlətinə - Türkiyə və Azərbaycana qarşı haqsız mövqeyi ilə hətta öz sələflərini kölgədə qoyub. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ölkə üçün belə addımların atılması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir.
Fransanın ikili siyasəti ilə bağlı bu məqamı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyi, rəsmi Yerevanın ballistik raketlərdən istifadə edərək mülki Azərbaycan əhalisinə qarşı terror və kütləvi hərbi cinayətlər törətdiyi zamanlarda Fransa parlamenti heyətinin Ermənistana səfəri oldu. Bu səfər də birtərəfli və qərəzli xarakteri ilə diqqət çəkdi.
Bu kimi faktları xeyli sayda sadalamaq olar. Dövlətinin, xalqının gələcəyini düşünən ölkə rəhbəri heç vaxt münasibətlərdə belə xaosun yaranmasına çalışmaz. Azərbaycan Ordusu davamlı qələbə xəbərləri ilə Paşinyanla bərabər ona havadarlıq edən Fransa kimi mövqeyi beynəlxalq hüquq normalarına zidd olan dövlətlərin də işğalçı planlarını alt-üst etdi. Ölkə Prezidenti, Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində ordumuz erməniləri işğal altında olan torpaqlarımızdan qovdu.
Qeyd etdiyimiz kimi, bu müharibə kimin kim olduğunu, bəzi dövlətlərin bugünədək ölkəmizə qarşı hansı mövqedə dayandıqlarını açıqladı. Hətta Azərbaycanın tarixi Qələbəsindən sonra Fransanın Ermənistana sevgisini daha aydın şəkildə nümayiş etdirərək Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsini gündəmə gətirdilər. Əvvəldə də vurğulandığı kimi, Fransa ermənilərin çoxluq təşkil etdiyi ölkələrdən biridir. Erməni lobbisinin Fransada dövlət strukturlarına və hakimiyyətin müxtəlif nümayəndələrinə belə təsir etmək imkanlarının olması bəlli bir məsələdir. Bütün beynəlxalq sənədlərdə təsdiq olunur ki, Qarabağ əzəli Azərbaycan ərazisidir və dünya dövlətləri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. 10 noyabr tarixi Qələbəmiz bunun təsdiqidir. Fransanın müəyyən rəsmi dairələrindən isə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə təhdid xarakteri daşıyan sərsəm fikirlərin səsləndirilməsi, sadəcə, təəssüf doğurur.
Paris meriyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşması ilə bağlı merin fikirləri Azərbaycan-Fransa münasibətlərinə ciddi zərbə vurur. Bu kimi cəhdlər tamamilə mənasızdır. Sadəcə, Fransa rəsmilərinin bu cür fikirlər səsləndirmələri, ilk növbədə, bu ölkənin öz nüfuzuna xələl gətirmiş olur. Çünki Qarabağda olan separatçı rejim bir terror təşkilatıdır və Ermənistanın 30 il öncə işğal etdiyi torpaqlarımızda qeyri-qanuni fəaliyyət göstərməyə çalışırdılar. Paris meriyasının bu cəhdi puc olmuş siyasi romantizmdən başqa bir şey deyil. Reallıq budur ki, mer Ann İdalqonun Fransa erməniləri ilə sıx əlaqələri var. Hətta onun müavinlərindən biri erməni əsilli Anuş Toronyandır. Anuş Toronyan isə Fransa ermənilərinin təşkilatı olan CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır. Bu faktlar özlüyündə Paris meriyasının qeyri-qanuni addımının kökündə hansı maraqların dayandığının göstəriciləridir. Fransa bu kimi erməni sevgisi ilə Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmağa mənasız cəhdlər göstərir. Belə mövqe nümayiş etdirən bir dövlətin 30 ilə yaxın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməsi təəccüb doğurmaya bilməz. Beynəlxalq hüququ maraqların arxasında əridən bir dövlətdə ədalətli yanaşma gözləmək sadəlövhlükdür. Fransa heç bir araşdırma aparmadan qondarma «erməni soyqırımı»nı tanımaqla ədalət meyarına necə yanaşdığını ortaya qoymuşdur. Bu addımın özü bir çox məqamların açıqlamasıdır. Fransa ilə Ermənistanı bir-birilərinə bağlayan soyqırımlar törətməklə tarixə eyni adla daxil olmalarıdır. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla dinc sakini məhv edib. Özünü "insan haqlarının və demokratiyanın vətəni" sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib. Ermənistan havadarlarının dəstəyi ilə türklərə və azərbaycanlılara qarşı son yüz ildə törətdiyi soyqırımlarla Fransaya çox bənzəyir. Onları birləşdirən ümumi dəyər məhz budur. Belə olmasaydı, tarixə XX əsrin ən dəhşətli soyqırımı kimi daxil olan Xocalı faciəsini də soyqırım aktı kimi qəbul edə və bunu dəstəkləməyənlərə qondarma «erməni soyqırımını» tanımayanlar kimi cəza tətbiq edilməsi məsələsini gündəmə gətirərdi. Haqqın, ədalətin müdafiə olunmadığı, beynəlxalq hüquq normalarının dəstəklənmədiyi bir zamanda Azərbaycan Ordusu yazdığı tarixlə həm Ermənistana, həm də ona havadarlıq edən Fransa kimi dövlətlərə dərs verdi. Bu dərslərdən nəticə çıxarmaq zamanıdır.
Yeganə Əliyeva, «İki sahil»