08 noyabr 2019 20:42
160

İlon Mask Marsda koloniya yaratmaq üçün nə lazım olduğunu açıqlayıb

“SpaceX” kompaniyasının rəhbəri İlon Mask Marsda koloniya qurmaq üçün nəyin lazım olduğunu açıqlayıb.

İlon Mask bu barədə özünün “Twitter” səhifəsində yazıb. Sahibkarın fikrincə, planetdə müstəqil şəkildə fəaliyyət göstərən koloniyanın yaradılması üçün minə yaxın “Starship” kosmik gəmisi tələb olunur. Oraya azı milyon ton ehtiyat və avadanlıq yollamaq lazımdır.

Onun sözlərinə görə, Mars Yerə yalnız iki ildən bir yaxınlaşdığı üçün yükün daşınması 20 il vaxt aparacaq. Hər raket buraxılışı kompaniyaya təxminən 2 milyon dollara başa gələcək.

“SpaceX” kompaniyası sentyabr ayının sonlarında Marsa uçuşlar və digər planetlərarası missiyalar üçün nəzərdə tutulan “Starship” kosmik gəmisini nümayiş etdirib. İlon Mask bildirib ki, kosmik gəminin 20 kilometr hündürlüyə ilk uçuşu bir neçə aydan sonra baş tutacaq. Bundan öncə kompaniya onun prototipini uğurla sınaqdan keçirmişdi. Kosmik gəmi 150 metr hündürlüyə qalxaraq vertikal eniş etmişdi.