KÖŞƏ

Əmrah Fəqanoğlu

İnamımızın tükəndiyi zamanlar...

07 oktyabr 2019 20:32
276

yaxud mələk qiyafəlilər həyatımızı gözəlləşdirə bilirmi?

İnsanların bir-birinə inamı niyə azalıb bu qədər? Çünki inamdan sui-istifadə edənlər artıb. Bu tip məxluqlar insanların bütün məhrəm, humanist hisslərini sözün həqiqi mənasında istismar edirlər. Bir də görürsən çıxılmaz duruma düşdüyünü iddia edən birisi qarşında elə ağlayıb-sızlayır, elə göz yaşı axıdır ki, az qalırsan nəyin var yığıb verəsən buna ki, kirisin. Başqa birisi isə sənin inamını qazanmaq üçün özünü elə şəklə salır ki, deyirsən, Allahın xəlq elədiyi ən məsum, ən pak mələklərdən biridir, sadəcə, çiyinlərinin üstündə zərif qanadları çatışmır. Ona inanırsan, bacardığın köməyi edirsən, sonda isə sənə gözləmədiyin halda arxadan elə zərbə vurur ki, bütün həyata nifrət bəsləyirsən...

Amma unuduruq ki, insan övladına sitayiş etmədiyinə görə uca Yaradanın lənətlədiyi və ondan məşhər gününə qədər möhlət istəyən iblis də bir zamanlar mələk idi. Min illər boyunca Allaha sitayiş etməsinə baxmayaraq, sonda yolunu azdı. Allah da onu cəzalandırıb cənnətdən qovdu və məşhər gününə qədər deyil, özünün (yəni Allahın) istədiyi günə qədər möhlət verdi. Odur-budur, iblis intiqam məqsədilə insanların qəlbinə girib, haqq yolundan sapındırmağa çalışır... Kim bilir, ürəyi, qəlbi mələk saflığında olmayıb, özlərini mələk qismində təqdim edənlər də iblisin əl buyruqçularıdır. Normal insan, Allahını tanıyan bəndə olduğu kimi görünməli, göründüyü kimi olmalıdır. Riyakarlıq onsuz da gec-tez üzə çıxır. Axı “cidanı, yəni qılıncı çuvalda gizlətmək mümkünsüzdür- sonda çuvalı kəsib, özünü buruzə verəcək.

İmitasiya ilə, ikiüzlülüklə mələk qılafına girən və girməyə çalışan Adəm və Həvva övladlarının sayı artıqca həyatımızın mənası, dadı-duzu azalır. Riyaziyyatdaki tərs mütənasiblik əmsalı kimi. Bir də görürsən, həyətdə tanımadığı bir uşağa qaba münasibət göstərən kişi atasının var-dövlətli, imkanlı olması səbəbindən başqa bir uşağın qarşısında az qalır diz çöksün. Yaxud kobud qayda pozuntusuna yol vermiş sürücünü əvvəlcə aqressiv qarşılayan yol polisi onun özünün, yaxud atası və yaxın qohumunun “Həsən ağa” olduğunu öyrənincə sifətinin mimikasını 180 dərəcə dəyışdirir, olur üzündən nur tökülən “Allah adamı”. Bəzən məhkəmələrdə yalançı şahidliklə məşğul olanlar da özlərini sudan quru çıxarmağa cəhd göstərir, başqasının evini yıxmalarına çörəkpulu qazanmaq adı ilə haqq qazandırırlar. “Neyləyək, bizim də çörəyimiz bundan çıxır...”- deyirlər. Amma Allah kəssin o pulu ki, kiməsə işverənliklə qazanılır. Onsuz da elə pulla alınan çörəyin bərəkəti olmaz. Kişi də, qadın da gərək pulu halallıqla qazansın. Baçqasına böhtan atmaq, şərləmək, nankorluq və vicdansızlıq etmək , işverənlik yolu ilə yox.

      İnsanlarda qarşılıqlı inamın azalması və itmək dərəcəsinə yetməsi həqiqiətən faciəvi haldır. İş o yerə gəlib çatıb ki, şikəst olduğunu öz gözümüzlə görüb əmin olduğumuz halda, bizdən maddi yardım-qəpik-quruş umanlara da kömək etmək istəmirik. Çünki bilmirik həqiqətən diləndiyi pullar onlara gündəlik qayğılarını həll etmək üçünmü gərəkdir, yoxsa komfortlu villada yaşamaq və son model bahalı avtomobil sahibi olmaq üçün? Eh, bizi o qədər aldadıblar ki... Məcburən dilənçiliyə cəlb olunanlar barədə o qədər çeşidli hekayətlər eşitmişik ki... Bəzən görürsən yaraşıqlı, əynində babat geyimi olan bir xanım küçədə getdiyin yerdə qəflətən sənə yaxınlaşır, sifətinə məzlumluq görkəmi verir və hansısa Bakı kəndinə, yaxud Sumqayıta getmək üçün yolpulu verməyini xahiş edir. Sən də ciblərini eşələyib, ona istədiyi məbləği verirsən ki, zavallı həmin ünvana yetişə bilsin. Qadın sənə ürəkdolusu minnətdarliq edib uzaqlaşanda özlüyündə rahatlıq tapıb, dərindən nəfəs alırsan ki, nə yaxşı, bir zavallının öz ünvanına yetişməsinə yardımçı oldun. Amma nəfəsini əməlli-başlı dərməmiş həmin xanımın başqa bir nəfərə yaxınlaşıb, eyni metodla “yolpulu” istədiyinin şahidi olursan.

İnamsızlıq özünü gecə vaxtı, özü də havanın pis dönəmində təsadüfən yolda qalan və maşın gözləyən sərnişinlərə münasibətdə də göstərir. Məsələn, sürücülər qadın və kişi olmasından asılı olmayaraq, belə sərnişinləri aparmaqdan boyun qaçırırlar. Ona görə ki, sürücüləri qarət etməkdən ötrü quldurların işlətdikləri ənənəvi usullardan biri də məhz sutkanın qaranlıq vaxtı çarəsiz sərnişin qiyafəsində rəhimli sürücü gözləmək “priyomu”dur. Bəzən bu işə yaraşıqlı, xarici görünüşü ilə diqqət çəkən xanımlar da cəlb olunur. Tələyə kim düşə-düşə...

Bazarlarda pul xırdalamaq adı ilə ahıl adamlara pul atan, yaxud tərəzidə aldadan, bankomatlardan pul çıxarmaqda yardım adı ilə pensiyaçıların pulunu götürüb qaçan, tanışına “vızov” eləmək adı ilə qadınlardan mobil telefon alıb qaçan, mənzillərə işıq, qaz, su nəzarətçisi adı ilə soxulan, kiçik yaşlı uşaqları “valideynin o tində səni gözləyir” vədəsi ilə oğurlayan iblislər nə qədər ki, var, bizi yaxından tanımayan və bizə inamsızlıq göstərən insanlara tolerant yanaşmalıyıq. Hətta onların son anda bizə ünvanlaya biləcəkləri “məndən əl çək, sənə inanmıram!” ifadəsinə də ... Axı biz özümüz də ucdantutma hamıya inanmaq məcburiyyətində deyilik...

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...