17 fevral 2020 21:06
1881

İnsan orqanizminin elmə belə aydın olmayan müəmmalı tərəfləri

İçərisində bütün ömrümüzü keçirdiyimiz bədənimizi nə qədər tanıyırıq? Orqanizmimizdə baş verən biokimyəvi proseslər, beynimizin heyrətamiz çalışması və s. haqqında tam biliklərimiz yoxdur, hətta insanın orqanları ilə bağlı bəzən ən sadə suallar belə elmi cəhətdən cavabsız qalmaqdadır. Məsələn:

Barmaq izləri nəyə lazımdır?

Hamıya məlumdur ki, barmaq uclarının izləri hər insanda individualdır və əkizlərdə belə eyni olmur. Bəs nə üçün bu izlər var? Uzun müddət alimlər hesab ediblər ki, izlər insanların əşyaları götürməsinə yardım edir. Lakin sonralar daha detallı araşdırmalardan sonra bəlli oldu ki, hamar dəri ilə müqayisədə barmaq uclarında izlər əksinə əşyanı götürməyə mane olur.

Belə fərziyyələr də var ki, izlər barmaqlarımızı isti və soyuqdan qoruyur, hissiyyatlılığını artırır. Lakin hələ ki, bu fikirlərin düzgünlüyü sübut olunmayıb. Alimlər barmaq uclarında izlərin polis işçilərinin işini asanlaşdırmaqdan başqa hansı funksiya daşıdığını hələlik tam müəyyən etməyiblər.

Appendisit bizə lazımdırmı?

Hər an iltihablana və çoxlu sayda problemə səbəb ola bilən, hətta ölümcül ola bilən və çıxarılması heç bir şəkildə sağlamlığımıza təsir etməyən bir orqana şübhəsiz ki, ehtiyacımız yoxdur. Uzun illər elm adamları, Çarlz Darvin də daxil olmaqla, bu çıxıntının təkamül zamanı vücudda qalan bir artıq element olduğuna və hazırda heç bir funksiya daşımadığını iddia edirdilər. Ancaq son tədqiqatlar göstərdi ki, kor bağırsağa bitişik, boru şəkilli bu orqan heç də yararsız deyil. Onda on minlərlə növ bakteriyalar toplanır, immun hüceyrələrini xaricdən bakterial hücumları tanımaq və aradan qaldırmaq üçün “məşq etdirir”.  Appendisitin özündə  yoğun bağırsaqda olmayan unikal bakteriyalar mövcuddur. Onlar immuniteti yüksəltməyə xidmət edir və əlbəttə ki, bu bizim xeyrimizədir.

Lakin bu fərziyyənin tərəfdarları çox olsa da, hələlik öz elmi təsdiqini tapmamışdır.

Niyə əllərimizdən biri digərindən üstündür?

Əllərimizdən birinin gündəlik həyatda daha üstün olduğunu artıq qəbul etmişik. Bəs heç düşünmüsünüz ki, nə üçün belə olmalıdır? Hər iki əlimiz eyni dərəcədə güclü və faydalı olsa idi nə olardı?

Bu insan bədəninin ən böyük müəmmalarından biridir.

Alimlər arasında dünyada daha çox sağ əllə işləyənlərin yoxsa solaxayların sayının çox olması barədə də mübahisələr dolaşır, çünki bəzi insanlar məsələn yeməyi sağ əl ilə yedikləri halda, yazını sol əllə yazırlar. Ümumilikdə demək olar ki, dünyada insanların 70-95 %-i sağ əl ilə hərəkət edənlər, 5-30 %-ni solaxaylar təşkil edir.

Nə üçün qanımız müxtəlif qruplara bölünür?

Maraqlıdır ki, müxtəlif qan növləri fərqli infeksiyalarla fərqli mübarizə aparır. Qruplara bölünmə təxminən 20 milyon il əvvəl əcdadlarımız tərəfindən baş verib. Bu bölünmənin mənası nədir? Hematoloqlar və Onkoloqlar Assosasiyasının nümayəndəsi Mohammad Mobayed həmin sualın cavabını müəyyən edən heç bir nəzəriyyənin hələ ki, mövcud olmadığını bildirib.

Niyə yuxu görürük?

İnsanlar həyatının təxminən üçdə birini yuxuda keçirir, ancaq hələ də yuxuların nəyə lazım olduğunu bilmirik. Ümumiyyətlə başa düşmürük ki, necə olur ki, yuxuya gedirik, həmin an beynimizdə hansı proseslər baş verir və nə üçün baş verir?

Bəzi elm adamları yuxunun, beyni yeganə idarə edilmədiyi an olduğunu, onun təbii şüursuz bir fəaliyyəti olduğunu irəli sürürlər.

Müxtəlif fərziyyələr olsa da, bu sualın da dəqiq cavabı elmə məlum deyil.

Nə üçün zəifik?

Əzələləri gücləndirməklə, illərlə məşq etməklə güclü olmaq olar. Ancaq təkamüldən qabaq qorillalarla, şimpanzelərlə eyni gücə malik olan, bütün günü ovda, çöllərdə keçən insan nə üçün fiziki olaraq belə zəiflədi?

Təkamüldən sonra insan beyni, düşüncələrinin inkişaf etdiyi qədər də fiziki fəallığı, gücü aşağı düşdü.

Alimlər bir sıra təcrübələr həyata keçirsələr də, bu sualın cavabını konkret müəyyən edə bilməyiblər.

Nubar Süleymanova, “İki sahil”