15 oktyabr 2025 23:17
109

YAP Nizami rayon təşkilatının əməkdaşları və fəalları Gəncə şəhərinə səfər ediblər

YAP Nizami rayon təşkilatının əməkdaşları və fəalları Gəncə şəhərinə səfər edib, YAP Gəncə şəhər təşkilatının qonağı olublar.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində qonaqlar Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Səməd Tomiyev, YAP Gəncə şəhər təşkilatının fəalları ilə birlikdə şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edib, dahi rəhbərin abidəsi önünə tər gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini ehtiramla anıblar.

Gəncə Şəhidlər xiyabanını ziyarət edən partiya fəalları şəhidlərin məzarı üzərinə gül dəstələri düzülüb, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən igidlərin əziz xatirəsi böyük hörmətlə yad ediblər.

Partiya fəalları ölkə Prezidenti İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan Gəncə Memorial Kompleksini ziyarət ediblər. Gələcək nəsillər üçün tariximizin canlı yaddaş salnaməsinə çevrilən Kompleksdə ziyarətçilər Azərbaycan xalqının əzmkarlığını və qələbə əzminin təntənəsini əks etdirən eksponatlarla tanış olublar.

Daha sonra Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qərargahında gənclərlə görüş keçirilib.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Gəncə terrorunda xəsarət alan Bəxtiyar Heydərli və partiya fəalları iştirak ediblər.

Tədbirdə bildirilib ki, 2020-ci ildə torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edən müstəqil Azərbaycan 2023-cü ildə dövlət suverenliyini tam təmin etdi. Xalqımıza qarşı Gəncədə və digər ərazilərimizdə hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslər Bakıda ədalət mühakiməsinə çıxarıldı. Bu şərəfli tarixi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yazdı.