14 yanvar 2020 12:19
995

İnsanların sosial müdafiəsi daha da gücləndirilir

Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsində də bu istiqamətdə atılan addımlar və əldə olunan uğurlar əsas rol oynayır.  Dövlətimiz   bütün vətəndaşların iqtisadi və ictimai tərəqqisinə imkanlar  yaradır. Nəticə etibarilə bir nəfərin inkişafı hamının inkişafının şərti kimi çıxış edir. Bu baxımdan sosial dövlət vətəndaşların  yüksək rifahının təminatçısıdır. Əməkhaqlarının, pensiyaların artırılması  müsbət dinamikanın göstəricisidir.  Təkcə ötən il minimum əməkhaqqı və minimum pensiyalar iki dəfədən çox artıb. Hazırda minimum əməkhaqqının məbləği 250 manat, minimum pensiyanın məbləği isə 200 manatdır.

Ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi iki sosial paket 4,2 milyon insanı əhatə etməklə onların sosial rifah halının yaxşılaşmasına, həmçinin xoş əhval-ruhiyyələrinin yaranmasına səbəb olub.

Cənab İlham Əliyev məhz bu uğurlara söykənərək  daim bildirir ki, qarşıdakı ilin büdcəsi əvvəlki ilin büdcəsindən kəmiyyət və keyfiyyət baxımından daha üstün olmalıdır. Dövlət büdcəsinin sosialyönümlülüyünün artırılması dövlətimizin həyata keçirdiyi siyasətin əsasında insan amilinin dayanmasını bir daha təsdiqləyir. Son 16 ildə   yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi, eyni zamanda, işsizliyin də eyni rəqəmlə ifadə olunması uğurlu siyasətin, həyata keçirilən Dövlət proqramlarının nəticəsidir. Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində hədəfləri açıqlayarkən bildirmişdir ki, yoxsulluq kimi sosial bəla aradan götürülməlidir.  2020-ci ilin  dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri 26 milyard 913 milyon manat təşkil edir.   Onu da qeyd edək ki,  cari  ilin dövlət büdcəsində  elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, gənclər siyasəti və bu qəbildən olan  digər fəaliyyət xərcləri üçün  8402,3 milyon manat vəsait nəzərdə tutulub.

2020-ci ilin büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib. Həmçinin ölkəmizdə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyənləşib. Hər iki qanun layihəsi  cari  ilin yanvarın 1-dən qüvvəyə minib.

Qeyd edək ki,   2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat, ehtiyac meyarının həddi 143 manat müəyyən edilmişdi.

2019 və 2020-ci illərin dövlət büdcəsinin gəlirlərinin və xərclərinin, eyni zamanda, büdcə zərflərinə daxil olan məsələlərin, yaşayış minimumunun və ehtiyac meyarının müqayisəli təhlili Azərbaycanın iqtisadi inkişafının aydın mənzərəsini yaradır.   “Bu siyasət davam etdiriləcək” söyləyən dövlətimizin başçısı İlham Əliyev iqtisadi imkanların artırılmasını vacib amil kimi diqqətə çatdırır. Hər dövrün çağırışlarının lazımi səviyyədə yerinə yetirilməsi yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir tələb kimi ortaya qoyur. 2020-ci ilə qədər olan dövr üçün   əsas hədəflər inkişaf etmiş ölkələr sırasında addımlamaq, yüksək gəlirli ölkəyə çevrilmək, 3 dəfədən çox artan ümumi  daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Uğurlarımız bu hədəflərin artıq gerçək olduğunu təsdiqləyir.  

Hazırda pensiya hüququ olmayan, yaş həddi 61 il 6 ay olan qadınlar və  yaş həddi 64 il 6 ay olan kişilər yanvar ayının 1-dən yaşa görə müavinət hüququ qazanıblar.

Röya Rasimqızı, “İki sahil”