08 dekabr 2019 18:05
510

İranın Turizm naziri: Tehranda və Bakıda əl işlərindən ibarət sərgilər təşkil olunacaq

İran ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişaf etməsi turizm sahəsinə də müsbət təsir göstərir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Əl İşləri Sənayesi və Turizm naziri Əli Əsğər Munisan söyləyib. O bildirib ki, iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri intensivləşib.
Nazir təklif edib ki, Bakıda İran sənətkarlarının, Tehranda isə Azərbaycan sənətkarlarının əl işlərindən ibarət sərgilər təşkil olunsun. Onun sözlərinə görə, bu sərgilər xalqlarımızın bir-birini daha yaxından tanımasına kömək göstərməklə yanaşı, turist səfərlərinin artmasına da müsbət təsir edər.
Ə.Munisan nəzərə çatdırıb ki, artıq qarşılıqlı sərgilərin təşkili barədə razılaşma əldə olunub. Bununla yanaşı, turizmlə məşğul olan özəl şirkətlərin nümayəndələrinin də görüşünü təşkil etmək zəruridir. Bu görüşlər əməkdaşlıq əlaqələrini daha da genişləndirmək üçün səmərəli ola bilər.