23 iyun 2020 18:26
3828

İşğal və Azərbaycanın alçaldılan erməni vətəndaşları

Azərbaycan torpaqlarını işğal edənlər, bu cinayəti dəstəkləyənlər Dağlıq Qarabağdakı ermənilərin də vətəndaşlıq haqqını danıb, ona təcavüz ediblər.

Həmin erməniləri Azərbaycan vətəndaşlığından çıxarmağa, uzaqlaşdırmağa çalışılsa da, vətəndaşı olduqları dövlət onları unutmayıb. Heç şübhəsiz, işğal atlında olan Dağlıq Qarabağda yaşayan ermənilər də vətəndaşı olduqları Azərbaycana qondarma rejimlər və Yerevan hakimiyyətindən daha artıq istək və ümid var.

Bu gün onlar Ermənistanın və Dağlıq Qarabağda onlardan oyuncaq kimi istifadə edən separatçıların girovuna çevriliblər.

Azərbaycanda 120 mindən bir az çox erməni var. Onların da çoxu, heç şübhəsiz, Dağlıq Qarabağın payına düşür. Bununla belə, Bakı, Sumqayıt və başqa şəhərlərdə də ermənilər yaşayır. Azərbaycanın başqa vətəndaşları kimi, həmin ermənilərin də hüquqları qorunur.

Ancaq işğal səbəbindən Dağlıq Qarabağdakı vətəndaşların - erməni icmasının hüquqları Ermənistan və işğalı dəstəkləyənlər tərəfindən davamlı şəkildə tapdanır.

Həmin ermənilərin vətəndaşlıq pasportu yoxdur. Belə çıxır onlar vətənsizdirlər, vətəndaş olmağa layiq deyillər. İşğal altında dünyaya gələn erməni uşaqların da doğum şəhadətnaməsi saxtadır. Bu sənədlə dünya onları qəbul etmir. Həmin ermənilər Azərbaycanın uyğun qurumlarından sənəd almalıdır. Ancaq Ermənistanın işğalçılığı onları bu hüquqlarından məhrum edib. Bu zaman həmin ermənilər daha bir saxtakarlığa əl ataraq Yerevanın idarələri qabağında günlərini keçirirlər. Onların üzünə bozararaq yeni doğulan körpəyə saxta doğum şəhadətnaməsi verilir.

Həmin uşağa verilən müavinət və s. dilənçiyə göstərilən xeyriyyəçiliyə oxşayır. Başqa sözlərlə, Ermənistanın və işğalçılığı dəstəkləyənlərin sayəsində Dağlıq Qarabağda yeni dünyaya gələn körpənin ilk gündən şəxsiyyəti təhqir edilir, o dilənçi vəziyyətində təqdim edilir.

Hər bir insanın dünyanın istənilən ölkəsinə sərbəst səfər etmək, yaşamaq hüququ var. Ancaq işğal nəticəsində Dağlıq Qarabağdakı erməni icmasının üzvləri bu hüquqdan məhrum ediliblər. Separatçıların başçısı xarici səfərlərini Ermənistan vətəndaşlarının istifadə etdikləri pasportla reallaşdırırlar. Bu o deməkdir ki, Dağlıq Qarabağdakı ermənilərin adları dünyanın heç bir siyahısında, kitabında yoxdur. Onlar ya Rusiya, ya da Ermənistanın adından çıxış edirlər.

Sözsüz, bunun əsas günahkarı həmin erməniləri əlində vasitəyə çevirən Ermənistan hakimiyyəti və beynəlxalq vasitəçilərdir. Dağlıq Qarabağdakı erməni icmasının üzvlərinin hüquqlarının bərpası Azərbaycan vətəndaşlığından başlayır. Bu təmin olunmayanadək girov saxlanılan bu Azərbaycan vətəndaşlarından öz maraqlarının təmini üçün onlara müxtəlif vədlər verənlər istifadə edəcəklər.

Bəzən elə düşünülür ki, Ermənistan ermənilərə aiddir. Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Putin. Kreml” verilişində “bu və ya başqa respublika Sovet İttifaqının tərkibinə daxil olanda öz baqajına xeyli Rusiya torpaqlarını almışdı. Sonra SSRİ-ni qəflətən tərk etmək qərarına gələndə elə etmək lazım idi ki, ittifaqa daxil olanda nə qədər torpaqları var idi, onunla da çıxsınlar”.

Bu, ilk növbədə, Ermənistana aiddir. Çünki baş nazir Nikol Paşinyan və onu dəstəkləyən siyasi qüvvəyə, eləcə də bu ölkədə Rusiyaya qarşı çıxan Qərbyönlü sayılanlara mesaj idi.

İndiki Ermənistan ərazisini Rusiya 200 ilə yaxındır tutub. Orada heç vaxt Ermənistana aid və ya ermənicə coğrafi adlar olmayıb. Yəni bu torpaqları Rusiya özününkü olaraq görür. Sadəcə, orada ermənilərin yaşamasına razılıq verilib.

Məqsədimiz tarixi yada salmaq deyil. Sadəcə, Rusiya bu torpaqlarda qurduğu Ermənistandan da öz məqsədləri üçün istifadə edir. Bunu Moskvada heç kim gizlətmir.

Bu zaman belə çıxır ki, Rusiya həm Ermənistandan, həm də Dağlıq Qarabağdakı erməni icmasından istifadə edir. Düzdür, elə Yerevanda hakimiyyətə gələnlər də Azərbaycan vətəndaşı olan erməni icmasından öz məqsədləri, o cümlədən hakimiyyət maraqlarını təmin etmək üçün yararlanırlar.

Bu yaxınlarda Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev öz yerlilərinə, Azərbaycan vətəndaşı olan erməni icması üzvlərinə müraciətində bir sıra önəmli məsələlərə toxunub: “...Mən Şuşada böyümüşəm. Yaxşı xatırlayıram, Şuşada yaşadığım uşaq vaxtlarında məhəlləmizdə erməni və azərbaycanlı uşaqlar birlikdə vaxt keçirər, oynayardıq. Mənim oxuduğum sinifdə erməni sinif yoldaşlarım var idi. Bizimlə qonşu küçədə isə erməni xanım yaşayırdı. Onun oğlu ilə birgə Şuşa şahmat məktəbinə gedirdik. O zamanlar mən şahmata o qədər həvəsli idim ki, gələcəkdə şahmat üzrə dünya çempionu olmağı arzu edirdim. Mən Şuşa musiqi məktəbində tar sinfində oxuyarkən bizimlə birgə musiqi dərsləri alan erməni şagirdləri tanıyırdım. Həyatımız çox xoşbəxt və maraqlı idi. Təəssüf ki, sonradan bizim gözəl həyatımız işğal nəticəsində məhv oldu.

Bilirəm ki, Dağlıq Qarabağın erməni icması arasında orta və yaşlı nəslin elə bir nümayəndəsi yoxdur ki, onun keçmişdə yaxın azərbaycanlı dostu, yaxud rəfiqəsi olmasın. Eyni şeyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri haqqında danışarkən ermənilər barəsində də deyə bilərəm.

Təəssüflər olsun ki, artıq 30 ilə yaxın müddət ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının gənc nəsli işğal nəticəsində bir-birindən xəbərsiz böyüyür, ermənilərin və azərbaycanlıların yaxın keçmişdə mövcud olmuş birgə yaşayışından bəzən hətta bixəbərdirlər.

Biz Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinin iztirablarını da yaxşı başa düşürük. Hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altında olduğundan, bölgənin erməni sakinləri Ermənistanın işğalçı rejiminin əsarətində yaşamağa məcbur ediliblər.

Hər birinizin diqqətinə çatdırıram ki, sizin də vətəndaşı olduğunuz Azərbaycan Respublikası istər iqtisadi, istər hərbi, istərsə də siyasi baxımdan regionumuzun ən güclü dövlətidir. Məhz bu dövlət bizim xoşbəxt gələcəyimizin yeganə təminatçısıdır...”.

Dağlıq Qarabağdakı erməni icmasına Azərbaycan vətəndaşlığı qəsddən unutdurulur. Çünki onların bu hüququ bərpa olunduğu halda nə Ermənistandakı hakimiyyət, nə işğalı dəstəkləyənlər onların adından sui-istifadə edə biləcəklər.

Bu günlərdə rəsmi Yerevan yenə Dağlıq Qarabağa yardım adı altında yeni ideya ortalığa atıb. Bildirilib ki, Ermənistan hökuməti 2020-ci ilin birinci yarısında dövlət büdcəsindən Dağlıq Qarabağdakı separatçı rejimə 12 mlrd. 600 mln. dram (26 mln ABŞ dolları) məbləğində büdcə krediti ayıracaq.

Heç kimə sirr deyil ki, Ermənistan hakimiyyəti koronavirusa qarşı mübarizə aparmaqda maliyyə problemləri ilə üz-üzədir. Rəsmi Yerevan bu vəziyyətdən çıxmaq üçün beynəlxalq ictimaiyyətə müraciət edib. Dünyanın 7 ölkəsi bu məqsədlə Ermənistana yardım edib. Daha bir neçəsi yardım etməyə söz verib. Beynəlxalq Valyuta Fondu bu məqsədlə Ermənistana 260 mln. ABŞ dolları yardım ayırıb.

Digər tərəfdən, iqtisadi islahatların həyata keçirilməsi üçün maliyyə problemi var. Belə bir şəraitdə Ermənistan hökuməti 26 mln. dolları haradan tapır? Nikol Paşinyan hökumətinin bu hiyləgərliyi aşağıdakı qənaətə gəlməyə əsas verir:

- xarici donorlar Dağlıq Qarabağdakı separatçılara birbaşa yardım edə bilmir, ona görə Ermənistan vasitəsi ilə onlara maliyyə dəstəyi verirlər;

- Ermənistan hakimiyyəti Dağlıq Qarabağdakı separatçılara yardım etməklə xarici donorlardan əlavə maliyyə vəsaiti qoparır;

- Ermənistan hökuməti ictimai-siyasi nüfuzunu artırmaq üçün Dağlıq Qarabağdakı erməni icmasından bu yolla yararlanır;

- Dağlıq Qarabağdakı erməni icması arasında nüfuzunu nümayiş etdirmək üçün Rusiyaya jest edir;

- Dağlıq Qarabağdakı separatçıları Rusiyanın asılılığından xilas etmək üçün Qərbdən daha çox maliyyə dəstəyi almağı hədəfləyir və s.

Hər il Ermənistan Avropa ölkələrində, ABŞ-da xeyriyyə tədbirləri keçirərək Dağlıq Qarabağdakı erməni icmasına yardım yığır. Əslində, bu, xeyriyyə tədbirinin daha dəqiq adı dilənməkdir. Dilənməklə nə dövlət qurmaq, nə də işğalçılıq siyasətini uzun müddət davam etdirmək olar. Əlavə olaraq, Dağlıq Qarabağdakı Azərbaycan vətəndaşları olan erməniləri dünyaya yesir kimi göstərməklə onların ləyaqətini, qürurunu alçaldırlar. Bu dözülməz insanlıq dramıdır. Bu faciə, vətəndaşlıq hüququnun pozulması, dünyaya dilənçi kimi təqdim edilməsi üzərində hansısa dövlətin marağı təmin olunur, kimlərsə Ermənistanda, Fransada, ABŞ-da, Rusiyada var-dövlət yiyəsi olurlar.

Beləliklə, Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal altında saxlayanlar bu torpağı Azərbaycana unutdurmağa çalışırlar. Həmin qüvvələr Dağlıq Qarabağdakı erməni icmasının üzvlərinə müxtəlif boş vədlər verməklə onların Azərbaycan vətəndaşı olduqlarını unutdurmağa səy göstərirlər. İşğal altında olan torpaqlar geri qaytarılacaq. Çünki o torpaqlar Azərbaycanın bir parçasıdır. Eləcə də o torpaqlarda yaşamaq haqqı olanların əllərindən alınan Azərbaycan vətəndaşlığı da bərpa olunacaq. Dağlıq Qarabağ Azərbaycanın torpağı, oradakı insanlar isə vətəndaşıdır...

Sədrəddin İsmayılov

"Report"