22 noyabr 2020 05:50
247

İspaniyada xəstələr iki ay gec əməliyyat olunacaq

İspaniyada əməliyyatı gözləmə müddəti hazırda orta hesabla 170 gün təşkil edir.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu 2019-cu il ilə müqayisədə 55 gün çoxdur. Əsas səbəb kimi koronavirus pandemiyasının səhiyyə sistemində yaratdığı böhran göstərilir. Bu barədə İspaniya Səhiyyə Nazirliyinin cümə günü 2020-ci ilin birinci yarısına dair dərc etdiyi hesabatda bildirilir.

Bu gün İspaniyada 691 min 508 nəfər xəstə əməliyyat olunmaq üçün növbə gözləyir. Bu 2019-cu ilin iyun ayından 20 min 14 nəfər çoxdur. Növbədə duran xəstələrin sayına görə, birinci yerdə travmatologiya (180 min 706 nəfər), ikinci yerdə oftalmologiya (140 min 587 nəfər), üçüncü yerdə ümumi cərrahiyyə (126 min 682 nəfər) şöbələri qərarlaşıb. Növbələrin artımı bütün istiqamətlərdə müşahidə olunur.

Qeyd edək ki, hazırda ən çox növbə gözləyən xəstələr Kastiliya-La Mança, daha sonra isə, Kataloniya, Andaluziya və Araqon regionlarının payına düşür.