KÖŞƏ

Vəli İlyasov

İtin dişi, tülkünün dərisi...

25 sentyabr 2019 19:23
1475

Paşinyanın oğlu Dağlıq Qarabağdan döyülüb qovuldu

Ermənistanda  klanlaşmış yerli ermənilərlə Qarabağ erməniləri arasında kəskin qarşıdurmaların getdiyi zamanda növbəti hadisə bu vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Bu dəfəki məsələ isə artıq kifayət qədər çərçivədən çıxıb və məlum olub ki, baş nazir Nikol Paşinyanın  Dağlıq Qarabağda “hərbi xidmət” keçən oğlunu ermənilərin baş ideoloqu və terrorçu hesab edilən  Zori Balayanın nəvəsi döyüb. Məsələnin təfərrüatlarını açmazdan əvvəl  qeyd edək ki, baş nazir Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağdan qovulmasının da səbəbi məhz həmin münaqişədir. Eyni zamanda, balaca  Paşinyanı yalnız  Zori Balayanın nəvəsi deyil, eləcə də onunla birgə hərbi xidmət keçən digər Qarabağ  erməniləri də möhkəmcə əzişdiriblər. Bu barədə “Hraparak” qəzetində gedən məqalə Ermənistanda bomba effekti yaradıb və vəziyyəti bir qədər də tündləşdirib.

Təfərrüatlara gəlincə isə, adı çəkilən erməni nəşri qeyd edir ki, Aşot Paşinyan atası Nikolun Ermənistanı “sahmana” salan qaydası ilə getmək qərarına gəlib və o, nəinki əsgər yoldaşlarına, hətta zabit heyətinə necə deyərlər,  təsir göstərməyə, ağıl verməyə və icrasını tələb etməyə çalışıb. Bununla kifayətlənməyən sıravi əsgər özünü o qədər sərbəst aparıb ki, orduda baş verən  ən cüzi məsələlərlə bağlı baş komandanlığa donoslar ötürürmüş. Nəticədə narazı zabitlərin “dobrosu”  ilə onun əsgər yoldaşları başda Zori Balayanın nəvəsi  balaca Balayan olmaqla sıravi Aşot Paşinyanı döyüblər.

Ancaq həmin məlumatı ört-basdır etmək üçün  Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanesyan tələsik açıqlama verərək qəzetin yalan yazdığını sübut etməyə  çalşıb. Ovanesyan qəzetə qarşı hücuma keçərək şantaja əl atıb.  Lakin onun bəyanatından  belə nəticə çıxarmaq olar ki, Aşot Paşinyanın əsgər  yoldaşları ilə münaqişəsi həqiqətən də olub. O, öz bəyanatında deyib: “Hraparak” növbəti dəfə hər şeyi baş-ayaq edib və insanların taleyi ilə oynayır. Əgər öz qardaşlarınızdan, ya da əsgər yoldaşlarınızdan soruşsanız onlar da təsdiq edərlər ki, bu cür məsələlər  bütün kollektiv və strukturlar üçün xarakterikdir və bütün çağırışçılarda adaptasiya problemləri yaşanır... “Hraparak” bütün bunları qaba səhvlərlə və yolverilməz xarakteristika ilə təqdim edib”,-deyə  Ovanesyan feysbukda yazıb. “Adaptasiya” məsələsinə gəlincə”,  Ovanesyan unudub ki, əsgər Paşinyanın orduda xidmət etdiyi beş-on gün deyil, yəni adaptasiya müddəti çoxdan qurtarıb.

Bu isə bir daha təsdiq edir ki, əslində hadisə baş verib və hətta kiçik Paşinyan da kiçik Balayan tərəfindən möhkəmcə döyülüb. Nəticədə Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasındakı uçurum dərinləşib və çox yəqin ki, Nikol oğlu Aşotun heyifini Zoridən alacaq. Hadisələrin gedişi belə deməyə əsas verir ki, Ermənistanda  klanlararası mübarizə yeni və daha kəskin mərhələyə keçir.

Vəli İlyasov, “İki sahil”