Dünya futbolunun koronavirus pandemiyasından qaynaqlanan maliyyə itkiləri 2020-ci ildə 14 milyard ABŞ dolları təşkil edəcək.
"Report"un məlumatına görə, bu barədə "Reuters"ə COVID-19 iqtisadi fəsadlarının aradan qaldırılması üzrə FIFA Komitəsinin rəhbəri Olli Ren bildirib. Bu, ümumi klub futbol bazarının üçdə birini təşkil edir.
Ren qiymətləndirmənin mövcud ssenariyə əsaslandığını, lakin pandemiyanın səngiyəcəyi təqdirdə məbləğin dəyişə biləcəyini söyləyib: "Koronavirus pandemiyası futbola çox zərbə vurdu, müxtəlif səviyyələrdə qarışıqlığa səbəb oldu. Bəzi peşəkar klublar çox ciddi çətinliklərlə üzləşib. Akademiyalar və aşağı divizion klubları ilə əlaqədar vəziyyət məni də çox narahat edir".
FIFA rəsmisi Afrika və Asiyada futbolu inkişaf etdirmək üçün göstərilən səylərin qarşının alınması ilə bağlı təhlükənin olduğunu sözlərinə əlavə edib: "Vaksinin işlənməsi, hazırlanması və onun istifadəsi pandemiyanın tam dayandırılması tibbi və digər vasitələrin mövcudluğu kimi məsələlər həlledici olacaq. Bunlar hələlik məlum deyil. Biz hadisələrin ən pis inkişafını istisna edə bilmərik. İndi biz hazırkı ssenari əsasında işləyirik".