Yalnız şəxsi merkantil niyyətlərdən uzaq və məişət təfəkkürünün fövqündə duran şəxsiyyətlər tarix yazmağa, böyük nailiyyətlərə imza atmağa qadir olurlar. Bu, insanın öz yaradıcı potensialını hansı sahəyə yönəltməsindən asılı olmayaraq demək olar ki, bütün fəaliyyət sferalarında eyni şəkildə işləyən mexanizmdir. Əslində tarix yazmaq bilindiyi və göründüyü qədər asan iş deyil. Çünki özündən sonra nəsə qoyub getmək hələ tarixdə qalmaq, iz buraxmaq deyil. Əlahəzrət tarixin böyük mənada sevimlisi olmaq da hər adamın işi deyil . Bu, çox az insana nəsib olan xoşbəxtlikdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tarixin sevimlisinə çevrilən nadir şəxsiyyətlərdəndir. Çünki bütün həyatı və fəaliyyəti boyu öz bitməz-tükənməz enerjisi ilə tarix yazan Heydər Əliyevin taleyinə çox böyük missiyanı gerçəkləşdirmək- zamanın gərgin təbəddülatları fonunda Azərbaycan dövlətçiliyini qorumaq və xalqı qırğından qurtarmaq yazılmışdı. Tale həmişə alnımıza yazılan deyil, bəzən azacıq ümid olduğunda belə ondan yapışıb böyük işlər görməyi bacarmaq məharətidir. Ümummilli Lider belə bir taleyin sahibi idi.
Heydər Əliyev xalqımızın ən ağır günündə qayıdışı ilə yeni bir epoxanın başlanğıcını qoydu. Həmin vaxt çoxsaylı qəhrəman şəhid övladlarımızın qanı bahasına sovet rejiminin qandallarından yeni qurtaran Azərbaycan daxili və xarici bədniyyətli qüvvələrin arasında sözün əsl mənasında ölüm-qalım savaşı verərkən onu bəlalardan qurtarmağı yalnız Heydər Əliyev kimi fenomen bacara bilərdi. Tarix də təsdiqləyir ki, müəyyən zaman kəsiyində xilaskar şəxsiyyət amili labüddür. Heydər Əliyevin xilaskarlıq missiyasının miqyası ölçüyəgəlməz idi. Çünki həm dövləti parçalanmaqdan qurtarmaq, həm də xalqı qırğından qorumaq ancaq fenomenal siyasi liderin labüd qayıdış stixiyası ilə möhtəşəm həyata keçirilə bilərdi.
Ulu Öndəri yaxından tanıyanlar, bu tarixi şəxsiyyətlə canlı ünsiyyət qurmaq və çalışmaq şərəfinə nail olanlar Onun xarakterinə, xarizmasına bəslədikləri ehtiramı, sevgini dəruni heyranlıq hissi ilə dilə gətirirlər.
Suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi,
cəsur insan və ən böyük vətəndaş: HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bir neçə il öncə Ulu Öndər haqqında xatirələrini və düşüncələrini yazarkən Heydər Əliyevi “böyük missiyanı gerçəkləşdirən siyasi düha” kimi səciyyələndirib: “XX əsr tarixində, dünya siyasətində etiraf edilən fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyərini dərk etməliyik”.
Akademik istər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qaldığını və qalacağını əminliklə qeyd edərək onu Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifi adlandırmışdı: “Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları var. Onların istisna olmadan hamısı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın”.
Akademik Ramiz Mehdiyev vurğulayıb ki, 90-cı illərin çətin anlarında ümummilli lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi: “O, Azərbaycanın müstəqilliyinin reallaşmasında və möhkəmlənməsində, beynəlxalq nüfuzunun artmasında, iqtisadiyyatın dirçəlməsində əsas aparıcı tarixi şəxsiyyət idi. Məhz müstəqil Azərbaycan dövləti üçün qürur hissi, onun hadisələrlə zəngin tarixi üçün qürur hissi, Azərbaycan millətinin dünya tarixinə töhfə verməyə hazır olması Heydər Əliyevi bu sözləri söyləməyə ruhlandırmışdır: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”. Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir...”
Hamını yalnız xoş əməllərə dəvət edən peyğəmbər xasiyyətli şəxsiyyət
Ulu Öndərin siyasi irsinin yorulmaz araşdırıcısı, “Heydərnamə” epopeyasının müəllifi, tanınmış yazıçı Hüseynbala Mirələmovun məşhur rus ədibi Viktor Andriyanovla birgə qələmə aldığı və Moskvanın “Molodaya Qvardiya” nəşriyyatının “Görkəmli adamların həyatı” seriyasından nəşr olunan “Heydər Əliyev” kitabında Ümummilli Lider belə xatırlanıb: “Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikası Ali Soveti sədrliyinə gizli səsvermə yolu ilə seçilmişdi. Onun lehinə deputatlardan çoxu səs vermişdi. Sonra onun xalqa və deputatlara ilk müraciəti - göstərilən etimada görə təşəkkür çıxışı oldu. Bu çıxışda o öz əsas məqsədlərini açıqladı: bu, Azərbaycan xalqının tarixi nailiyyəti olan dövlət müstəqilliyinin müdafiəsi və inkişafıdır: “ Azərbaycan Respublikasının milli müstəqilliyi 1918-ci ildə yaranmış ilk müstəqil Azərbaycan Demokratik Respublikasının ənənələrinə və müasir dünyada baş verən ictimai-siyasi hadisələrə uyğun təmin olunmalıdır”.
Artıq müxalifət lideri yox, bütün dövlət üçün, xalq üçün məsuliyyət daşıyan parlament rəhbəri çıxış edirdi. Düzdür, bir il əvvəl prezident seçilən Elçibəy hələ də iş başındaydı, amma nüfuzunu sürətlə itirməkdəydi. Heydər Əliyevin bir siyasətçi və dövlət xadimi kimi uzaqgörənliyi, zəngin bilik ehtiyatı özünü daha çox büruzə verdi: vəziyyətin dəqiq qiymətləndirilməsi, perspektivlərin düzgün müəyyənləşdirilməsi, cəsarət və qarşıya qoyulan məqsədə doğru inamla addımlamaq.
O günlərin dəyişən, rəngdən-rəngə keçən gah tragik, gah da tragikomik mahiyyət alan hadisələrinin fonunda Heydər Əliyevin bu çıxışı Azərbaycanın hüdudlarından kənarda demək olar ki, naməlum qaldı. Amma məhz bu çıxışda o özünün əsas məqsədlərini, prinsipial mövqeyini qısa şəkildə açıqlamışdı:
“...Mən ömrümün qalan hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası bundan sonra heç vaxt müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olunmayacaq və heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Bəzən belə şayiələr gəzir ki, guya, keçmiş Sovetlər İttifaqının bərpa olunması və Azərbaycan Respublikasının da oraya daxil olması ehtimalı var. Bu, boş xülyadan başqa bir şey deyil. Mən bu fikirləri qətiyyətlə rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını da bu fikirləri rədd etməyə çağırıram”.
Əlahəzrət zaman Ulu Öndərin necə uzaqgörən olduğunu sübut etdi.
Hüseynbala Mirələmov sözügedən kitabda Ulu Öndəri böyük sevgi və minnətdarlıqla xatırlayaraq Heydər Əliyevi hamını yalnız xoş əməllərə dəvət edən peyğəmbər xasiyyətli şəxsiyyət kimi xarakterizə edib.
Heydər Əliyev Azərbaycanı xilas etdi
Heydər Əliyev siyasi irsinin tədqiqatçısı, Xalq yazıçısı Elmira Axundovanın “Heydər Əliyev: şəxsiyyət və zaman” kitabında da Ulu Öndərlə bağlı maraqlı, unudulmaz xatirələr yer alıb. Həmin xatirələrdə həm də həmin gərgin dövrün siyasi mənzərəsi gözümüz önündə canlanır: “ ...Bu hadisələrdən xeyli sonra Heydər Əliyev doğma Naxçıvanda səfərdə olarkən, 1993-cü ilin o dramatik iyun günlərini belə xatırlayırdı: “Onlar (o vaxtkı hakimiyyət- E.A) nə qədər aciz vəziyyətdə idilər ki, hətta özləri devirmək istədikləri adama - Heydər Əliyevə müraciət etməyə məcbur oldular... Xatirimdədir, Ali Məclisin binasının qarşısında bir dəstə qadın toplaşmışdı. Sadə insanlar idilər, ağlayırdılar. Mən hamısına deyirdim ki, darıxmayın, iki gündən sonra gələcəyəm. Həqiqətən mən Bakıda qalmaq fikrində deyildim, Naxçıvanı tərk etmək, sizdən ayrılmaq fikrində deyildim. Mən bu sözləri səmimi dedim. Bəlkə iki gün olmasın, üç gün olsun, dörd gün olsun, oraya geriyə dönmək üçün getmişdim. Ancaq tale tamamilə başqa cür sərəncam verdi. Mən orada qalası oldum...”
Elmira Axundova çoxcildliyində vurğulayıb ki, 1993-cü ilin iyun ayında Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü, onun siyasi Olimpin zirvələrinə ikinci, daha parlaq və müzəffər yüksəlişi başlandı. Bu yolun təməli 1990-cı ilin iyulun 22-də Naxçıvanda qoyulmuşdu. O öz “kiçik vətənini” narahatlıqla tərk edib gedirdi, hərçənd muxtar respublikaya rəhbərlik etdiyi iki ildən az müddətdə o, başlıca məqsədinə nail olmuşdu- Naxçıvanı işğaldan xilas etmiş, sərt blokadanı aradan qaldırmış, Naxçıvan sakinlərini aclıqdan və soyuqdan qorumuşdu. İndi o bütün ölkəni fəlakətdən qurtarmalı idi. Ona görə də bu gün respublikada tez- tez təkrarlayırlar: Naxçıvan Heydər Əliyevi, Heydər Əliyev isə Azərbaycanı xilas etdi”
Bir yazı çərçivəsinə sığdırılan bu yığcam fikirlər dahi öndər haqqında yazılanların, deyilənlərin yanında sadəcə dəryada bir damladır. Ümummillli Liderin həyatı, fəaliyyəti, haqqındakı düşüncələr və xatirələr bəlkə də yüzlərlə çoxcildliyə sığmayacaq miqyasdadır. Gözişləməz miqyasının dəqiq ölçüsü bilinməyən digər bir məfhum isə Ulu Öndərin xalqının qəlbində özünə qazandığı əbədilik sevgi və ehtiramdır... Məhz buna görə də xalqımız təkcə 15 İyun-Qurtuluş Günü ərəfəsində deyil, ilin bütün günlərində Heydər Əliyevi Azərbaycan dövlətinin xilaskarı, millətimizin təkcə siyasi lideri kimi deyil, həm də mənəvi hamisi kimi dərin minnətdarlıq hissi ilə xatırlamaqdan böyük qürur duyur...
Sevinc Abdullayeva, “İki sahil”